Logo
news content
User
Kateqoriyalar

Analitika

Bizimkilər yenə motosikletlə gedir…

Müəllif: Ülviyyə Şahin

Bəşər gələn əsrə raketlə gedir,

Bizimkilər motosikletlə gedir....

Bu iki sətir və bu sətirləri səsləndirən Baba Pünhanın səs tonu hələ də beynimdə və qulaqlarımdadır. Xeyli zaman keçib, həm bu sətirlərin yazılmasının üstündən, həm də Baba Pünhanın cismən aramızdan ayrılmasından. Bu gün haqq dünyasına qovuşduğu gündür, həmin gündən 16 il ötür.

Özü cismən getsə də, ruhən yenə sevdiklərinin, əzizlərinin və övladlarının yanındadır.

Bu gün sevdikləri ilə birgə mən də onu anıram. O, “xalq şairi” deyildi, vətəndaş şairi idi. Hər bir vətəndaşın dərdini, sərini, yaşadıqlarını qorxmadan, çəkinmədən dilə gətirirdi. Elə ona görə də, insanlar onu sevirdi və indi də sevir.

Baba Pünhan xatirələrimdə daha çox ANS telekanalındakı çıxışlarından qalıb. Hər dəfə onun “Qulp” verilişində efirə çıxacağı vaxtı evdə ilk atam bilirdi. Bəziləri onun yaradıcılığını zərərli, lazımsız hesab edirdi, amma bizim evdə onu hər zaman hörmət və maraqla dinləyirdilər...

Əsl ad-soyadı Atababa Mədətzadə olub. Baba Pünhanı təxəllüs kimi götürüb.

Baba Pünhanın hər bir sətirində həyatın acı gerçəkləri var idi. Gördüklərini, eşitdiklərini, ölkədə baş verənləri yarısatirik tərzdə ifadə etsə də, əslində faciələrimizi, problemlərimizi qələmə alırdı. Ona görə də, iz qoyub getdi və onu tanıyanlar tərəfindən hələ də böyük hörmətlə xatıtrlanır.

İlk qəzəlini dördüncü sinifdə oxuyarkən yazıb və həmin qəzəli elə sinifdə şagird dostları qarşısında oxuyub. Şeirin Atababa tərəfindən yazıldığına heç kəs inanmayıb və deyiblər ki, sən bu qəzəli Əliağa Vahiddən köçürmüsən. Əlbəttə, bu cür münasibət əsassız deyildi, çünki 4-cü sinifdə oxuyan bir uşağın əruz vəznində şeir yazmasına o dövrdə heç kim inana bilməzdi. Deməli, istedad Babanın özü ilə birgə doğulubmuş.

Baba hər kəsdən, hamıdan yazırdı: düzü düz, əyrini əyri... Şeirlərində prezidentdən tutmuş, məmurlara və bütövlükdə topluma tənqidlər də olurdu. Hətta o zaman prezident Heydər Əliyevdən “Sən babayla mən baba” deyərək bəhs etmişdi. Heydər Əliyev də ona qulaq asırdı və ondan soruşulanda ki, “yaxşıları yazmayan insanı niyə dinləyirsiniz”, Heydər Əliyev cavab vermişdi ki, o, yaltaq deyil, gördüklərini yazır.

Baba Pünhanın toxunmadığı mövzu və sosial problem qalmamışdı. Yaşasaydı, bu gün 72 yaşını qeyd edərdik və yenə gördüklərini, yaşadıqlarımızı öz misralarında ifadə edərdi, yazardı, danışardı. “Qarabağ moy, moy” şeirində faciəmizdən yazmışdı. Bir qarış torpağını qoruya bilməyən topluma - elə bizlərə acı-acı gülürdü. Baba getdi və Qarabağ hələ də yoldadır, ya biz ona çatmağı bacarmırıq, ya da o bizlərə qovuşmaq istəmir, bəlkə də Qarabağ da küsüb bizdən, onu uzun zaman gözlətdiyimiz üçün küsüb bəlkə də...

Yazının əvvəlində xatırlatdığım sətirlərə qayıdaraq demək istəyirəm ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi, bu bəlaya çarə axtardığı dönəmdə bizlər yenə bir-birimizi “yeyirik”, “didirik”, amma doymuruq. BABAnın misralarında hər zaman bəhs etdiyi “qara” camaat bu dönəmdə də bir-birinə əl uzadır, kömək edir, hayına yetir. Amma məmurlar yenə eyni məmurlardır, dəyişmirlər. Bəlkə bu dönəmdəki məmurlar Baba Pünhanın dönəmindəkilərdən fərqli olaraq nəsə etmək istəyirlər, amma onu da minnətlə edirlər. Bütövlükdə ölkəmizin vəziyyəti ürəkaçan deyil. Ona görə də BABAnın əvvəldə qeyd etdiyim sətirlərinə geri dönərək, demək istəyirəm ki:

Baba, bəşər gələn əsrə raketlə gedir,

Amma bizimkilər yenə motosikletlə gedir...

BABAnın vəfat səbəbi ürəyi oldu. Ürəyi dözmədi gördüklərinə, yaşadıqlarına...

BABA, məncə, bu gedişlə biz hələ motosikleti raketlə əvəz edə bilməyəcəyik. Sən rahat yat, ruhunu da şad et, bizi düşünmə...

[embed]