Logo
news content
User
Kateqoriyalar

Analitika

“Biz ilk addımlarını atan uşaqlarımızı şikəst edirik” 
Aftandil Hacıyev: “Bu fikri eşidirəm və razılaşmıram, çünki təhsil də, tərbiyə də çox önəmlidir”

Azərbaycan futbolunun problemlərini saymaqla bitirmək mümkün deyil. Futbolumuzda ən böyük çatışmazlıq, ən ciddi nöqsanlar isə uşaq futbolu ilə bağlıdır. Akademiyaların azlığı, olanların da əksərinin baza üzünə həsrət və sintetik meydançaların ümidinə qalmaları işi bir xeyli qəlizləşdirir.

İllər keçsə də, Azərbaycanda bir çox klublar akademiya modelini hələ tam formalaşdıra bilməyiblər. Hətta son illərdəki uğurları ilə Avropaya səs salan “Qarabağ” belə, uşaq futbolu baxımından çox axsayır. İndi-indi klub rəhbərliyi bu məsələnin üzərinə düşüb, uşaqlar üçün baza inşa etdirmək istəyir. PRO kateqoriyalı məşqçi Aftandil Hacıyevin bu yaxınlarda “Qarabağ” futbol akademiyasının koordinatoru vəzifəsinə təyin edilməsi də rəhbərliyin bu sahəni inkişaf etdirmək istəyindən xəbər verir.

Bəs ümumən uşaq futbolundakı böhrandan necə çıxmaq olar? Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır? İstedadlı balalarımızın itib batmaması üçün fundamental yanaşma tətbiq edilməli deyilmi? Bu suallara cavab tapmaq üçün hazırda bütün gücünü və vaxtını uşaq futboluna sərf edən Aftandil Hacıyevlə söhbətləşdik. “Neftçi” və “Qarabağ”ın, həmçinin milli komandamızın sabiq müdafiəçisi old.pressklub.az saytına geniş müsahibəsində uşaq futbolundakı problemlərdən bəhs etdi, onların həlli yollarını açıqladı.

“Uşaq futbolundakı meydançaların əksəriyyəti yararsız haldadır”

- Kənardan baxan hər kəs ölkə futbolunda əsas problemin məhz uşaq futbolundan başladığını düşünür. “Qarabağ” futbol akademiyasının koordinatoru təyin edildikdən sonra uşaq futbolundakı problemləri daha yaxından görmək imkanınız yaranıb. Hazırda bu sahədə əsas problemlər nədən ibarətdir?

- Futbolun inkişafı, əlbəttə ki, uşaq futbolundan başlayır. Bu məsələ uzun müddətdir müzakirə olunur. Uşaq futboluna diqqəti daha da artırmaq lazımdır. Bu məsələdə konkret olaraq bir problemin üzərində dayanmaq doğru deyil. Problemə ümumi yanaşılmalıdır. Çünki futbolda uğur əldə etmək üçün kiçik detallar da böyük önəm kəsb edir. Klublarımız işləri düzgün qurub, akademiyalar formalaşdıraraq, həmçinin vicdanla çalışmaqla gələcəkdə ölkə futboluna istedadlı oyunçular bəxş edə bilərlər. Fikrimcə, bu yöndə klublarda ciddi islahatlar aparılmalı, maliyyə yatırımı edilməlidir. Uşaq futbolundakı problemləri sadalamaqla bitməz. Hazırda ən böyük problemlərdən biri meydançalardır. Uşaq futbolunda oynanılan meydançaların əksəriyyəti yararsız haldadır. Bir çox süni qazonların artıq vaxtı bitib. İşə ilk növbədə bundan başlamaq daha yaxşı olardı.

- Sizin də qeyd etdiyiniz kimi, uşaq futbolunda sintetik meydançalardan istifadə olunur. Bununla futbolda ilk addımlarını atan uşaqlarımızı şikəst etmirik? Axı süni örtüklü meydançalarda məşq edən uşaqların dizlərində problemlər yaranır, gələcəkləri məhv olur…

- Könül istərdi ki, bütün meydançalar təbii ot örtüklü olsun. Təbii ki, hazırda bu, mümkünsüz görünür. Amma mövcud olan süni örtüklərin də bir çoxunun vaxtı keçib. Ən azından, onların süni örtüyünün yenilənməsinə ehtiyac var, bunun zamanı çatıb. Əlbəttə ki, təbii ot örtüyündə məşq etsələr, daha yaxşı olar. Amma olmadığı halda, heç olmasa sintetik meydançalar yaxşı vəziyyətdə olmalıdır. Avropada da süni örtüklü meydançalar var, amma bizdəki kimi yararsız halda deyillər. İstifadə müddəti bitmiş süni qazonlar futbolçuların həm sağlamlığına, həm də inkişafına zərər verir.

- Uşaq futbolumuzun əsas problemlərindən biri də klubların vahid bazasının olmamasıdır. Buna görə də bir klubun müxtəlif yaş qrupları ayrı-ayrı yerlərdə məşq keçirlər…

- Klubların vahid bazasının olmaması böyük problemdir. Klublar bugünkü vəziyyətə görə məcburən belə addım atırlar. Şəxsən bizim də aşağı yaş qruplarımız iki yerdə məşq edirlər - kiçik yaş qruplarımız Tofiq Bəhramov adına Respublika Stadionunda, böyük yaş qruplarımız isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində. Bugünkü gündə biz buna məcburuq. Könül istərdi ki, bütün yaş qruplarımız vahid akademiyada məskunlaşsınlar. Fikrimcə, bu problemlər gələcəkdə nəinki “Qarabağ”da, digər klublarımızda da öz həllini tapacaq.

“Yatırım etməzdən öncə buna hazır olmaq lazımdır”

- Bu yaxınlarda Türkiyəyə səfər çərçivəsində “Qalatasaray” akademiyasının rəsmiləri ilə görüşdünüz, oradakı şəraitlə tanış oldunuz. “Sarı-qırmızılılar”ın akademiyasında diqqətinizi xüsusi olaraq nə çəkdi? Qardaş ölkənin uşaq futbolundan geri qalmağımızın səbəbləri hansılardır?

- Səfərimiz turnirlə bağlı idi. Keçən il çempion olan U-15 komandamız “Kartepe Kuboku” beynəlxalq turnirinə qatıldı. U-15 bizim perspektiv vəd edən komandamızdır. Bir növ uşaqlara mükafat kimi bu turnirə qoşulmağı lazım bildik. Səfər səmərəli keçdi. “Qalatasaray”ın akademiyasının rəsmiləri ilə görüşümüz oldu, onların əsas komandasını və akademiyasını ziyarət etmək imkanı yarandı. “Qalatasaray” rəsmiləri ilə bir neçə məsələ ilə bağlı müzakirələr apardıq. Bu məsələlər gələcəkdə hər iki klub üçün faydalı ola bilər. Müqayisə aparsaq, əlbəttə ki, “Qalatasaray”ın hazırkı akademiyasında futbolçu yetişdirilməsi üçün kifayət qədər şərait mövcuddur. Diqqətimi ən çox nə çəkdi? Əsas komanda ilə akademiya eyni bazada məskunlaşıb. Bunu əsas fərq kimi qeyd etmək olar. Düşünürəm ki, bu, gənc futbolçular üçün böyük stimuldur. Çünki əsas komandanın futbolçularını yaxından görmək imkanı əldə edirlər. Gələcəkdə bizim də klublarımız bu cür akademiyalara sahib olsalar, əla olardı.

- Azərbaycan uşaq futbolunda Türkiyə modeli tətbiq edilməlidir, yoxsa digər Avropa ölkələrindən nümunə götürməliyik?

- Deməzdim ki, hər hansı bir ölkənin modelini tətbiq etmək lazımdır. Əslində, futbol daha çox Avropada inkişaf edib. Amma hər bir klubun öz fəlsəfəsi, yolu ola bilər. Təbii ki, Avropa, Türkiyə klublarının təcrübəsindən istifadə etmək mümkündür. Daha çox inkişaf etmiş ölkələrdəki akademiya sistemini tətbiq etmək klublarımız üçün pis olmaz. Çalışdığım “Qarabağ” da bu gün böyük təcrübəyə sahibdir. Hazırda Premyer Liqa klublarımızda kifayət qədər təcrübəli insan çalışır. Hər bir klubumuz istədiyi kimi akademiya qurmağa qadirdir.

- Aydın məsələdir ki, bunun üçün akademiyalara böyük sərmayələr qoyulmalıdır. Avropada sırf akademiyaya külli miqdarda yatırımlar edən klublar var. Hansı ki, bunun sayəsində çoxlu futbolçu yetişdirərək digər klublara/ölkələrə baha qiymətə satırlar və bu işi biznesə çevirərək pul qazanırlar. Biz niyə bunu edə bilmirik?

- Avropada akademiyalarına böyük yatırım edən klublar illərdir bu yöndə ciddi işlər görürlər, istedadlı futbolçular yetişdirib böyük klublara satırlar. Hələlik, bizim ölkədə bu yöndə biznes baxımından yanaşan klublarımız, demək olar ki, mövcud deyil. Bu məsələ də çox ciddi təhlil olunmalıdır ki, qoyulan sərmayə ziyana getməsin, xeyir gətirə bilsin. Belə bir yatırım etməzdən öncə buna hazır olmaq lazımdır. Bir çox önəmli amillər var ki, onlardan biri də akademiyaya ayrılan yerdir. Strateji olaraq akademiyanın yeri də uyğun olmalıdır. Hansı şəhərlərdə daha çox futbolçu yetişdirməyin mümkün olduğu araşdırmalı və akademiyalar daha çox elə yerlərdə inşa edilməlidir. Avropada bu, artıq böyük sistem kimi formalaşıb və özünü doğruldur.

“Ciddi yerli futbolçu qıtlığı yaranıb”

- Müşahidələrinizə əsasən, hazırda Azərbaycanda hansı klubun uşaq futbolu, akademiyası digərlərinə nisbətən yaxşıdır?

- Biz bu gün Avropa klubları ilə müqayisə aparırıqsa, o cür klubumuz mövcud deyil. Amma ciddi addımlar atan klublarımız var. Bildiyimə görə, “Sabah” artıq yeni akademiya inşa etmək işinə start verib. Düşünürəm ki, gələcəkdə digər klublarımız da akademiya inşa etməyə başlayacaqlar. Klublarımızda bu barədə müzakirələr gedir, hamı bu məsələ ilə bağlı düşünür. Çünki ciddi yerli futbolçu qıtlığı yaranıb. Komandaların sayı artdıqca yerli futbolçulara tələbat daha da artacaq. Buna görə də klublarımızda gecikmədən akademiyaların fəaliyyəti başlanmalıdır.

- Bölgələrdə o qədər istedadlı uşaq itib-batır ki… Uşaq futbolumuzun əsas problemlərindən biri də klubların skautinq sisteminin lazımi səviyyədə olmamasıdır…

- Razıyam, akademiyalarda skautinq sistemi də çox önəmlidir. Bizim bir çox bölgələrimiz var ki, o bölgələrdən istedadlı futbolçular çox çıxıb. Bölgələrdə şəraitin olmaması oradakı istedadlı uşaqların qarşısını alır. Onların daha yaxşı şəraiti olan, müasir məşqlər keçilən akademiyalara üz tutmaları yaxşı olardı. Bunun üçün isə heç olmasa, paytaxt klublarının akademiyası, bazası mövcud olmalıdır. Ki, bölgələrdən dəvət edilən uşaqların yaşayışına, qidasına, təhsilinə ciddi nəzarət olsun.

- Azərbaycanda keçirilən uşaq liqalarının səviyyəsi sizi qane edirmi?

- Təbii ki, hazırkı durum ürəkaçan deyil. Amma bu gün federasiya da çalışır ki, uşaq liqalarını maksimum dərəcədə yaxşı keçirsin. Ancaq təkcə liqanı təşkil etməklə iş bitmir. Çox önəmlidir ki, meydançalar da olsun. Federasiyanın nəzdində olan meydançalar bəzi klublarımızın köməyinə çatır. Bilirsiniz ki, bir çox klubumuzun aşağı yaş qruplarının oynamağa meydançaları belə yoxdur. Buna görə də oyunlarını AFFA-nın stadionlarında keçirməli olurlar. Problemlər var, liqaları daha da yaxşılaşdırmaq olar. Ən önəmli problem meydançalardır. Dönə-dönə qayıtdığım bu məsələyə bir çarə tapılsa, yaxşı olar.

“Məşqçilər hər yaş qrupunun psixologiyasını mənimsəməlidirlər”

- Azərbaycanda yetişən 18 yaşlı futbolçu ilə avropalı 18 yaşlı futbolçu arasında həm fiziki, həm də taktiki cəhətdən dağlar qədər fərq var. Bu, nə ilə bağlıdır?

- Avropada 18 yaşlı futbolçu futbola 8 yaşında gəlibsə, ilk gündən 10 il ərzində oturuşmuş sistemə malik akademiyalarda məşq keçir. Bizim 18 yaşlı futbolçunun keçdiyi yol onun keçdiyi yolla eyni deyil. Buna görə də avropalının öndə olması normaldır. Avropada bir çox klublar uzun illərdir bu yöndə ciddi addımlar atırlar. Bizdə isə məsələ müzakirələr mərhələsindədir. Klublarımız uşaq futboluna ciddi yatırımlar etmək barədə hələ də önəmli addımlar atmayıb. Amma bunu nə vaxtsa başlatmaq lazımdır. Klublar bu istiqamətdə ciddi işlər görməlidirlər. Dediyiniz fərq məhz bununla əlaqədardır.

- Uşaq futbolunda məşqçi işləmək olduqca məsuliyyətli işdir. Çünki bu işi görən şəxslər həm də uşaqların psixologiyasına yaxşı bələd olmalıdırlar. Azərbaycanda yaxşı uşaq məşqçiləri yetərli qədərdir?

- Əlbəttə, uşaq futbolunda çalışan məşqçilər çox məsuliyyətli olmalıdırlar. Çünki uşaqların ayrı-ayrı yaş qruplarında psixologiyaları fərqli olur. Yəni 10 yaşlı uşaqla 15 və ya 19 yaşlı uşağın psixologiyasında böyük fərq var. Hər birinə ayrı cür yanaşılmalıdır. Bu yöndə məşqçilərin də üzərinə çox böyük məsuliyyət düşür. Hər bir yaş qrupunun psixologiyasını ciddi mənimsəməlidirlər. Yaxşı məşqçilərimiz də var, öz üzərilərində çalışmalı olan məşqçilər də. Düşünürəm ki, onların də maariflənməsinə çox ehtiyac var. Çünki futbolçunun yetişməsində önəmli rol oynayan insanlardan biri məhz məşqçilərdir.

- Normal karyerası olmuş sabiq futbolçuların əksəri uşaq futbolunda çalışmaq istəmir. Buna əsas səbəb isə aşağı yaş qruplarında məşqçilərə az məbləğdə maaşların verilməsidir…

- Doğrudur, bir çox sabiq futbolçular akademiyalarda çalışmaq istəmirlər. Bu, maddiyyatla bağlı ola bilər. Akademiyalarda keçmişdə futbolçu olmuş, millidə oynamış şəxslərin çalışması, təbii ki, uşaqlar üçün stimuldur. Belə şəxslərdən ikisini artıq “Qarabağ”ın akademiyasına cəlb etməyi bacarmışıq. Rəşad Sadiqov və Rauf Əliyevi nəzərdə tuturam. Bu cür karyerası olmuş futbolçuların məşqçi kimi ilk addımlarını akademiyalarda atması müsbət haldır. Bu, onların məşqçi kimi inkişafı üçün, eyni zamanda gələcəyin futbolçuları olacaq uşaqların karyerası baxımından önəmlidir. Hər bir klubumuzun akademiyasında keçmişdə futbolçu olmuş şəxslərə ehtiyac var. Bu tendensiyanı davam etdirmək lazımdır.

“Tərbiyəsi, təhsili olmayan uşaq futbolda irəli gedə bilmir”

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, futbolçular savadlı, təhsilli olmasalar da olar. Halbuki müasir futbolda qabağa getmək üçün vacib şərtlərdən biri də savaddır. Elmi, təhsili olmayan futbolçu taktikaları tam qavraya bilərmi?

- Mən də tez-tez bu fikri eşidirəm və deyilənlərlə razılaşmıram. Çünki futbolçunun təhsili, tərbiyəsi çox önəmlidir. Bir çox futbolçular var ki, istedadları ola-ola ya təhsili, ya da tərbiyəsi çatışmır, bu səbəbdən irəli gedə bilmir. Bu gün əksər insanlar istedad məsələsini qabarda bilərlər. Zənnimcə, uşağın istedadı olsa belə, ən önəmli məsələ tərbiyə və təhsildir. Bizim zamanımızda da, bizdən sonrakı dövrdə də müşahidələrimə əsasən, tərbiyəsində və ya təhsilində problem olan istedadlı uşaqlar önə gedə bilməyiblər. Amma elələrini də görmüşəm ki, istedadı ortabab olsa da, tərbiyəsində, təhsilində problem olmayıb deyə, özünü böyük futbola asanlıqla gətirib çıxarmağı bacarıb. Təhsil futbolda çox önəmli məsələdir. Bu problemin həlli üçün də vahid sistem olmalıdır. Akademiyalar inşa edilsə, uşaqların təhsilinə də ciddi yanaşmaq olar. Valideynlər və məşqçilər futbolçuların tərbiyəsində yaxından iştirak etməlidirlər.

- Futbola gedən çox olur, yekunda futbolçu olan isə az. Uşaqların valideynləri ilə ünsiyyət necə qurulmalıdır? Elə uşaqlar olur ki, özləri futbola getmək istəmirlər, amma valideynləri onları zorla bu idman növünə yazdırırlar. Hazırda uşaq futbolumuzda məşqçi-valideyn münasibəti lazımi səviyyədədirmi?

- Bəzən görürsən ki, uşağın futbola həvəsi var, amma valideyn laqeyd yanaşır. Və ya tam əksi, valideyn uşağı məcbur edir. Futbolçu olmaq üçün ilk növbədə uşaqda həvəs lazımdır. Heç kimi məcburən hər gün məşq etdirmək olmaz. Valideynlərlə düzgün ünsiyyət qurulmalıdır. Hətta deyərdim ki, uşaq futbolunda ilk növbədə valideynləri maarifləndirmək lazımdır. Onlar bilməlidirlər ki, övladlarının futbolçu olması üçün nələrə diqqət ayırmalıdırlar. Yəni valideynlər öz missiyalarını anlamalıdırlar. Avropa klublarında valideynlərə də futbol dərsi keçirilir. Bəzən oyun vaxtı valideynlər kənardan övladlarına iradlar bildirirlər, tapşırıqlar verirlər. Onlar futboldan məlumatlı olsalar, övladlarının yetişməsi üçün özlərini necə aparmalı olduqlarını bilərlər. Peşəkar futbolçu yetişdirmək üçün valideynlərin də köməyinə ehtiyac var. Valideyn və klub arasında yaxşı münasibət formalaşmalıdır.

- Problemlərdən yetərincə danışdıq, həlli yollarını qeyd etdiniz. Azərbaycanda uşaq futbolunu inkişaf etdirmək üçün başqa hansı addımlar atılmalıdır? Ümumiyyətlə, futbolumuzun gələcəyini necə görürsünüz?

- Bu məmləkətdə istedadlı futbolçular yetişib, yetişir və bundan sonra da yetişəcək. O ki qaldı problemlərin həllinə, bu məsələni hansısa şəxs, klub və ya qurum təkbaşına üzərinə götürməməlidir. Vahid bir sistem olmalıdır. Akademiyalarla, oradakı infrastrukturla bağlı lisenziyalaşdırma qaydalarında tələbləri artırmaq lazımdır. Bu məsələ ilə bağlı geniş müzakirəyə ehtiyac var. Klubların bazaya, akademiyaya sahib olmaları çox önəmlidir. Çünki futbolçuların yaşayış tərzi onların məşqinə maneə törətməməlidir. Buraya təhsil, qidalanma, istirahət və bir çox başqa amillər daxildir. Uşaqlar onların futboluna təsir edə biləcək mənfi amilləri hiss etməməlidirlər. Baxırsan ki, futbolçular bir günə az öncə saydığım məqamları sığışdırmaq üçün çox əziyyət çəkirlər. Bəzən elə olur ki, dərsdən çıxıb qaça-qaça məşqə gəlib çatırlar, qidalanma ilə bağlı ciddi problemlər yaranır. Baza sistemi qurulsa, futbolçular tam nəzarətdə olarlar. Bazaları tikməklə gələcəkdə futbolçuların yetişməsi üçün çox ciddi addım atmış olarıq.

Rizvan BABAYEV