Logo
news content
User
Kateqoriyalar

Analitika

Bişkekdə baş tutan müəmmalı görüş 
İmperiyanın maraqları ön plana qoyulur: çıxış yolu necə balanslaşdırılacaq?

Azərbaycan və Rusiya prezidentlərinin MDB liderlərinin Bişkekdə keçirilən sammiti çərçivəsində görüşü iki ölkə arasında prioritet məsələlərin müzakirəsi baxımdan vacib əhəmiyyət daşıyır. Xüsusi ilə Azərbaycanın 19 sentyabrda Qarabağda həyata keçirdiyi uğurlu anti-terror əməliyyatının bölgədə yaratdığı situasiya, gələcəyə baxış liderlərinin əsas gündəliyini təşkil edib. 

Əliyev-Putin görüşü mətbuata qapalı olub. Amma nümayəndə heyətlərinin iştirak etdiyi hissədə verilən açıqlamalar mövqelərin, prioritetlərin fərqləndiyini göstərir. 

Rusiya rəhbəri deyib: 

“...Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq”.

Prezident İlham Əliyev:

“Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik...”

Beləliklə, V.Putin üçün əsas məsələ Qarabağ mövzusu, İ.Əliyev üçün ikitərəfli iqtisadi, siyasi əlaqələr daha sonra regional və təhlükəsizlik məsələləri gəlir. Azərbaycan Prezidenti Qarabağın adını çəkməyib. Çünki o, hələ ötən ilin 31 oktyabrında Soçidə V.Putinlə görüşdə ona Qarabağ münaqişəsinin bitdiyini demişdi.

Əlbəttə, hazırda Qərbin ağır iqtisadi, siyasi sanksiyalarından əziyyət çəkən Rusiya üçün Azərbaycanla əlaqələrin qorunub-saxlanılması, inkişafı üçün son dərəcə vacibdir. Amma Putin yenə imperiyanın regiondakı maraqlarını ön plana qoyur. 

Müzakirələrin gündəliyinə, mümkün razılaşmalara gəlincə, onlar haqqında tərəflərin nümayiş etdirdiyi prioritetlərə görə ehtimallar irəli sürmək olar.

Qarabağdakı qondarma rejimin çökməsi, erməni əhalinin əsasən bölgəni tərk etməsi Rusiyanın sülhməramlı missiyasının əhəmiyyətini kəskin azaldıb. Görünür, hadisələrin bu ssenaridə inkişafı Kreml üçün proqnozlaşdırılan olmayıb, Moskva strateqləri Ermənistanın Qarabağ ermənilərinin mütəşəkkil köçünü təşkil edəcəyini gözləməyiblər. Ona görə də, Rusiya rəsmiləri də ermənilərin qayıdışı, onların təhlükəsizliyi və s. haqda danışırlar, amma reallıqlar fərqlidir, qərarlar ona uyğun verilməlidir. 

Kreml bölgədə hərbi varlığını kiçik miqyasda olsa da saxlamaq və bu məsələni Azərbaycanla ikitərəfli yeni razılaşma çərçivəsinə salmaq istəyir. Yəni Azərbaycanda Rusiya hərbçilərinin qalması, onların statusu və s. barədə yeni müqavilə olmalıdır. Şübhəsiz ki, Putinin İlham Əliyevə əsas təkliflərindən biri bundan ibarətdir.

V.Putin MDB sammitində bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskva ev sahibliyi edə bilər. Bu təklif ənənəvi xəttin davamıdır, Rusiya Qərbin sülh danışıqlarında moderatorluq etməsindən ciddi şəkildə narahatdır, xüsusi ilə Ermənistanla münasibətlərdə yaranmış problemləri regiondakı maraqlarına təhdid hesab edir. Putin qapıları açıq tutmaqla proseslərdə pozitiv rol oynamaq iqtidarında olduğunu nümayiş etdirməyə çalışır.

İkinci vacib məsələ Azərbaycanın Kremlin yaratdığı hərbi, siyasi, iqtisadi təşkilatlara inteqrasiyasıdır. Artıq Qarabağ münaqişəsi bitib, Kremlə görə, Bakının qarşısını kəsən hüquqi, siyasi maneələr aradan qalxıb.

Üçüncü prioritet istiqamət kimi Rusiyanın təklif etdiyi 3+3 formatını inkişaf etdirmək, onu hüquqi, siyasi bazası, konkret mexanizmləri olan regional təşkilata çevirməkdir. Bu formatın məqsədi bütün regional məsələlərin Rusiya, İran, Türkiyə və Cənubi Qafqazın 3 ölkəsi ilə birlikdə, amma Qərbin iştirakı olmadan həll olunmasıdır. 

Kremlin Azərbaycandan əsas tələblərindən biri Cənub sərhədlərinin qorunmasında genişmiqyaslı əməkdaşlıqdır. Bu günlərdə xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi “Qərb Şimalı Qafqazda destabilzasiya yaratmaq istəyir” bəyanatı təsadüfi deyil və Əliyev-Putin görüşündə bu barədə müzakirələrin aparıldığı şübhəsizdir. Şimalı Qafqaz Rusiya-Azərbaycan sərhədlərinin bir hissəsini təşkil edir, bölgədə həssas kriminogen durum, çoxsaylı xalqları arasında tez-tez baş qaldıran xırda münaqişələr, habelə yaxın tarixdə böyük qurbanlar hesabına lokallaşdırılmış Çeçensitan böhranı Moskvanı daim ayıq-sayıq olmağa məcbur edir. 

İqtisadi əlaqələrin genişləndirilməsinə gəlincə, ticarət dövriyyəsi artır, Rusiyanın ixracındakı üstünlük davam edir, habelə Azərbaycanda rus sərmayəsinin həcmi genişlənir. Azərbaycanın aqrar sektoru üçün Rusiya bazarı yeganə böyük bazar olaraq qalır, ildən-ilə artan ixrac həcmləri daha çox bu sektorun payına düşür. 

Rusiya rəhbərinin bu gündəliyində Azərbaycanın maraqları ilə uzlaşan və ziddiyyət təşkil edən məqamlar var. Əvvəla, Rusiyanın regionda hərbi varlığının qalması Bakı üçün arzuolunan deyil. İlham Əliyev Kremlin bu tələbini maksimum lokallaşdırmaq, mümkün olmasa, müttəfiq Türkiyə hesabına balanslaşdırmaq istəyir. Sülhməramlılarla bağlı ikitərəfli müqavilə imzalana bilər, amma onun statusu, qalma müddəti Azərbaycanın suverenliyinə hər hansı xələl gətirməməlidir. İkincisi, Türkiyəyə paralel rol verilə bilər ki, bu da Azərbaycanın təhlükəsizlik maraqları üçün vacibdir. Bu baxımdan 44 günlük müharibədən sonra yaradılan Rusiya-Türkiyə Montorinq Mərkəzinin fəaliyyəti genişləndirilə bilər. 

Azərbaycan Kremlin yaratdığı Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) inteqrasiyada maraqlı deyil. Onlardan yalnız Avrasiya İttifaqına qismən maraq göstərir və bu da müşahidəçi statusla yekunlaşır. Azərbaycanın əsas hərbi-strateji müttəfiqi Türkiyədir, hazırda silahlı qüvvələrin bu modeldə təkmilləşdirilməsi davam etdirilir. 

Bakı və Moskvanın üst-üstə düşən əsas marağı 3+3 prinsipi üzrə əməkdaşlıqdır. Azərbaycan Qarabağ münaqişəsində Qərbin mövqeyindən kəskin narazıdır, Vaşinqton və Brüsselin regionda nüfuz dairəsinin genişlənməsini istəmir. Hazırda rəsmi Bakı bu əməkdaşlıq formatının genişlənməsi, möhkəmlənməsi, regionun bütün ölkələrinin cəlb olunması üçün fəaliyyət göstərir. Bu yaxınlarda Prezident Əliyevin Gürcüstana səfəri də əsasən bununla bağlı idi. Bu kontekstdə Baş nazir Qaribaşvil ilə görüşdə Azərbaycan-Ermənistan sülh danışıqlarının Tiflisdə davam etdirilməsi qaldırıldı. Belə demək mümkündürsə, Bakı Brüssel formatını Tiflis masası ilə əvəzləmək istəyir, bununla Qərbin Azərbaycan-Ermənistan normallaşma prosesində iştirakını lokallaşdırmaqda maraqlıdır. Hazırda Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaar İrəvanda və Bakıda oktyabrın sonunda Brüsseldə Şarl Mişelin moderatorluğu ilə keçirilməsi gözlənilən müzakirələrin gündəliyini formalaşdırmaq üçün görüşlər keçirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Ş.Mişellə sərt tonda danışması Brüssel formatına Bakıda etimadın kifayət qədər azaldığını göstərir.

Bu, həm də Azərbaycan siyasi rəhbərliyinin 3+3 formatının möhkəmlənməsinə, Gürcüstanın və Ermənistanın ora cəlb olunmasına, Qərbin prosesdən uzaqlaşdırılmasına müstəsna töhfəsidir. Bakı bu layihənin uğuru qazanması üçün Rusiya ilə yanaşı Türkiyə və İranla əməkdaşlığı dərinləşdirəcək.

Yerdə qalan iqtisadi, təhlükəsizlik məsələləri ilə bağlı tərəflərin qarşılıqlı maraqları üst-üstə düşür, hər hansı fikir ayrılıqları mövcud deyil.

Turqut