Logo
news content
User
Kateqoriyalar

Analitika

Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır

Azərbaycan və Rusiya prezidentləri sonuncu görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat barədə danışmadılar. Amma Rusiya Xarici İşlər Nazirliyi sənədi yenidən gündəmə gətirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova dünın bəyan edib ki, üçtərəfli sazişlər toplusu aktuallığını saxlayır.


Tərəflərdən heç biri 9 noyabr 2020-ci il tarixli bəyanatdan rəsmən imtina etməyib”, - o əlavə edib. 


Ermənistan rəsmiləri isə artıq çoxdan bu barədə danışmırlar. Rəsmi İrəvan Azərbaycanla nizamlanma prosesinin Qərbin vasitəçiliyi ilə aparılmasına çalışır. Amma rəsmi Bakı bu formata da xoş baxmır və Ermənistanla bütün mübahisəli məsələlərin ikitərəfli danışıqlar yolu ilə həll olunmasında təkid edir.

 

Bu format artıq iki mühüm bəhrə verib:


- Ötən ilin dekabrında Ermənistan COP-29 beynəlxalq iqlim sammitinin Bakıda keçirilməsinə razılaşıb, Azərbaycan isə 32 erməni hərbi əsiri geri qaytarıb.

 

- Bu ilin aprelin 19-da isə sərhədlərin delimitasiyası ilə bağlı razılaşma elan olunub, işğal olunmuş 4 kənd Azərbaycana qaytarılıb və ilk sərhəd dirəkləri basdırılıb. 


Prezident İlham Əliyev iki gün öncə ADA-da keçirilən konfransda bildirib ki, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir. “Bu, mühüm məqamdır. Təsadüfi deyil ki, bir çox region və qeyri-region ölkələri artıq buna öz dəstəklərini ifadə edib. Prosesin necə davam edəcəyini görəcəyik. Əvvəl qeyd etdiyim kimi, hər iki tərəf konstruktivlik nümayiş etdirdi, hər iki tərəf bu məsələnin həssaslığını, eyni zamanda, beynəlxalq hüquqla öhdəliyi başa düşür və düşünürəm ki, eyni yanaşma sonrakı mərhələdə nümayiş olunsa, biz daha sürətlə irəli gedə bilərik”, - dövlət başçısı vurğulayıb.


Bu istiqamətdə Ermənistanda da konstruktiv, Azərbaycanı qane edən mövqe var. Parlamentin spikeri Alen Simonyan bəyan edib ki, Ermənistan və Azərbaycan gündəmindən müharibə düşüncəsini çıxarmaq vacibdir. Spiker Qazaxın işğal olunmuş kəndlərinin azad edilməsinə etiraz edən erməniləri və onları qızışdıran revanşist siyasi qüvvələri tənqid edib və bunun arxasında Rusiyanın durduğuna işarə edib: 


İndi mən başa düşmək istəyirəm ki, onların hamısı (mitinq iştirakçıları - red.) müharibə zamanı nə edirdilər? Heç nə, amma indi boşboğazlıqla məşğuldurlar. İndi onlar üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldurlar ki, bu məsələləri həll edənlər ortaya çıxsın, sülhməramlılar peyda olsun. Bizə sülhməramlılar lazım deyil, sərhədə nəzarət lazımdır. Mənim zəmanətim qanuni sərhəddir ki, Azərbaycan sərhədin bu hissəsini tanıyıb. Dünyada heç kim daha etibarlı zəmanət yaratmayıb. Reallıq budur ki, Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın və Ermənistanın, mübahisəsiz sərhəd hissəsi var... Bu proseslərdən divident qazanmağa çalışanlar uğur qazana bilməyəcəklər, onlar uduzacaqlar. Onların cəmiyyətə deyəcəkləri söz yoxdur, dedikləri də kənardan diktə olunur. Ermənistan vətəndaşları bunu çox gözəl başa düşürlər. “Beşinci kolon” olan təxribatçılar insanların emosiyaları ilə oynamağa çalışırlar. Bunlar hakimiyyəti itirmiş, indi təxribat təşkil etməyə çalışan insanlardır”.


Qeyd edək ki, delimitasiya ilə bağlı razılaşmanı ABŞ, Avropa Birliyi, əksər Qərb dövlətləri alqışlayıb. Rusiya isə 6 gün səssiz qaldıqdan sonra Mariya Zaxarova XİN-in mövqeyini açıqlayıb:

   

O mövqedən çıxış edirik ki, razılaşmalar dayanıqlı, balanslaşdırılmış və qarşılıqlı məqbul xarakteri daşımalıdır. Onlar regionda davamlı sülhə nail olunmasına xidmət etməlidir. Biz tərəflərə bundan sonra da delimitasiya ilə bağlı üçtərəfli razılaşmalar əsasında məsləhətçi yardımı göstərməyə hazır olduğumuzu təsdiqləyirik”.


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı prosesdə ciddi irəliləyiş var. Prezident İlham Əliyev bildirib ki, COP-29-a qədər ən azı baza prinsiplərinin razılaşdırılmasına böyük ümid var. Prezidentin köməkçisi Elçin Əmirbəyov isə sülh müqaviləsi üçün Ermənistan Konstitusiyasına zəruri dəyişikliklərin edilməsinin vacib olduğunu bildirib. Çünki Əsas Qanunda Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Ekspertlərə görə, hazırkı şəraitdə Ermənistan hakimiyyətinin referenduma gedəcəyi inandırıcı deyil. Paşinyan iqtidarı hazırda Azərbaycanla əldə etdiyi razılaşmaları cəmiyyətə qəbul etdirməyə çalışır və radikal millətçilərin ciddi təzyiqləri ilə üzləşib. Ona görə də, Rusiyapərəst müxalifətin əlinə “Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişir” şüarını verə bilməz. Mümkündür ki, yaxın aylarda iki ölkə arasında baza prinsiplərinin yer aldığı, Ermənistanın konstitusiya islahatlarını da nəzərdə tutan çərçivə sazişi imzalansın. Daha əlverişli vəziyyətdə, qarşılıqlı etimadın dərinləşdiyi zamanda tərəflər sülh müqaviləsinə imza atmaq üçün masa arxasına əyləşə bilərlər. Qərb gedişatı dəstəkləyir və Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı bu dəstək bir daha aydın şəkildə nümayiş etdiriləcək.


Beləliklə, Mariya Zaxarovanın haqqında bəhs etdiyi üçtərəfli format işlək deyil və artıq hər hansı rol oynamır. Amma gələcəkdə - əgər Rusiya bölgədə hazırkı hərbi-siyasi imkanlarını saxlaya biləcəksə - 10 noyabr bəyanatının şərtləri Zəngəzur dəhlizinin açılması məsələsində gündəmə gələ bilər.


Çünki Azərbaycan vasitəsi ilə Türkiyəyə quru yol və ona nəzarət Moskva üçün prioritetdir. Bakı mübahisənin əsas iştirakçıları Rusiya və Ermənistan olduğuna görə açıq müdaxilə etmir. Həmçinin, İranla razılaşma əldə olunub və hazırda Naxçıvana Araz çayının üstündən və İran ərazisindən keçməklə yol inşa edilir. 


Əlbəttə, Azərbaycanın əsas ərazisi ilə eksklav hissəsini birləşdirən yola Rusiyanın nəzarət etməsi Bakını qane etmir. Amma təcrübə göstərir ki, məsələnin mübahisə və gərginlik mərhələsinə daxil etmək onun həllini tezləşdirmir. Ona görə də, Bakı regionda vəziyyətin, xüsusi ilə Rusiya-Ermənistan arasında münasibətlərin aydınlaşmasını gözləyir. Çox güman, mayın əvvəlində Moskvada keçiriləcək Putin-Paşinyan görüşündə bu barədə prinsipial qərar verilə bilər. O zaman üçtərəfli bəyanata ehtiyac  qalıb-qalmadığı məlum olacaq. Azərbaycan da qərarını bundan sonra açıqlayacaq...

Turqut