Logo
news content
User
Kateqoriyalar

Analitika

Bir Planın sirri... 
Beş milyonluq şəhəri üç milyona necə artırmaq olar? 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təqdim olunub. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) rəsmi internet saytında yerləşdirilib. Planı DŞAK-ın sifarişi əsasında Almaniyanın “AS+P Albert Speer+Partner GmbH” şirkəti hazırlayıb. Layihə qrafika və mətn hissədən ibarət 226 səhifəlik sənəddir. Plan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur.

Baş Planda kağız üzərində bir çox maraqlı, müsbət məqamlar var. Amma təqdim olunan layihə elə indidən şübhə və mübahisə doğuran məqamlarla doludur. Məsələn, əhalinin sayı ilə bağlı rəqəmlər hamıda təəccüb yaradıb...

Baş Planda qeyd edilir ki, Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Və iddia olunur ki, 2040-cı ilə qədər Bakı şəhərinin əhali sayı 2,88–3,17 milyon nəfər (!) arasında dəyişəcək. Ona görə də, sözügedən plan 3 milyonluq əhali üçün nəzərdə tutulub.

Bəs doğrudanmı hazırda paytaxtda yaşayan insanların sayı bundan dəfələrlə azdır ki, orta hesabla 3 milyon rəqəminə ancaq 2040-cı ildə çatılacaq? Axı hər kəsə məlumdur ki, Bakıda yaşayan insanların real sayı statistikada göstərilən rəqəmdən xeyli çoxdur. Axı hamı da şikayət edir ki, kəndlərdə adam qalmayıb və insanlar bu və ya digər səbəbdən kütləvi şəkildə Bakıya üz tuturlar. Bunu hər birimiz ətrafımızda yaşayan insanlara, rayonlardan paytaxta köç edən qohumlarımıza, tanışlarımıza baxaraq, gündəlik həyatımızı müşahidə edərək də görürük. 

Bakıda əhalinin sayının dəfələrlə çox olduğunu rəsmi şəxslər də bildirilər. Məsələn, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hələ 2022-ci ilin dekabrında paytaxtda avtomobil sıxlığı barədə danışan zaman ölkədə 1,7 milyon avtomobil olduğunu, bunun 70 faizinin (təxminən 1,2 milyon) Bakının payına düşdüyünü bildirmişdi. O, ayrıca olaraq qeyd etmişdi ki, qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyona yaxın vətəndaş yaşayır. 

Bunu sadə vətəndaş deyil, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəsmisi deyir. Elə bir rəsmisi ki, onun yollarda, nəqliyyatda baş verənlərdən, avtomobil statistikasından, nəqliyyat vasitələrinin sayından və nəhayət, paytaxtdakı insanların sayından dolayısı ilə məlumatı var. 

Ortaya maraqlı suallar çıxır: Baş Planı hazırlayanlar reallıqdan xəbərdardırlarmı? Plan hazırlanan zaman əsaslandıqları yeddi fərqli ssenari nədir? Və reallıqda 4-5 milyonluq insanın yaşadığı Bakı üçün 3 milyonluq plan hazırlamaq nə dərəcədə doğrudur?

Politoloq, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı old.pressklub.az-a açıqlamasında bildirib ki, rəqəmlərdə ciddi səhvlər var və bu səbəbdən Baş Planın reallaşması da çətin məsələdir.

Ekspert hesab edir ki, istənilən plan hazırlanarkən onun uğurlu olmasını göstərən nüans statistik rəqəmlər və diaqnostikanın dəqiq aparılmasıdır. Yalnız bundan sonra planın uğurlu və ya uğursuz olmasından danışmaq olar.

“Baş plan əvvəldən yanlış rəqəmlərlə başlayır. Guya, Bakıda cəmi 2,6 milyon əhali yaşayır, 2040-cı ildə bu rəqəm 3 milyon olacaq. Bakıda elə bu gün 3,5 milyon nəfərdən çox insan yaşayır, qeydiyyatı regionlara olan, özü isə Bakıda yaşayan yüz minlərlə vətəndaş var. Seçki dönəmlərində imza toplayanda bu say aydın görünür. Deməli, rəqəmlər artıq yanlışlıq üzərində qurulub. Ona görə də planın baş tutması çətin məsələdir”.

Bölgələrdən Bakıya gəlib, qeydiyyatsız yaşayan yüz minlərlə vətəndaşın varlığını nəzərə almadan plan hazırlamaq nə dərəcədə doğrudur? Bu planın hazırlanması xeyli vəsait və vaxt aparıb. İllər əvvəl hazırlanmalı olan plan indi təqdim edilib. Amma ən vacib nüansları görməzdən gəliblər...

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı da old.pressklub.az-a açıqlamasında rəqəmlərin səhv olması fikri ilə razılaşıb.

“Layihəni Almaniya şirkəti hazırlayıb. Təbii ki, şirkət sənədi rəsmi-statistik rəqəmlərə istinad edərək hazırlayıb. Yəqin, həmin rəqəmləri də əməkdaşlıq etdiyi müvafiq dövlət qurumlarından alıb. Şirkət tam şəkildə yerli faktorları nəzərə almayıb, ya da məlumatlandırılmayıb. Bu isə narahatlıq yaratmaya bilməz”.

Statistika ilə reallığın uyğunsuzluğu şübhə doğurmur. Hər birimizin Bakıda qeydiyyatsız yaşayan onlarla, yüzlərlə tanıdığı var. Onların bəziləri illərdir bu cür yaşamağa davam edir və Bakıdan rayona qayıtmaq niyyətləri yoxdur. 

Bəs, insanların qeydiyyata alınması üçün çalışıb, şəhərin real əhali statistikanı təyin etmək və ya elə təxmini reallığı, yəni, şəhər əhalisinin bu gün 4-5 milyon olduğunu nəzərə alaraq planda dəyişiklik etmək daha məqsədəuyğun olmazdımı? Təəssüf ki, bu insanları hesaba almadan Baş Plan hazırlayıb, onu reallaşdırmağın (əslində reallaşdırmamağın) heç bir faydası olmayacaq. Şəhərdəki sıxlıq problemi də insanları yormaqda davam edəcək...

Hələliksə, "Bir Qalanın (Bakının) sirri" davam edir.

Bu dəfə “Bir planın sirri” şəklində...

Günay Elşən