Logo
news content
User
Kateqoriyalar

Analitika

Bir manatlıq “tabut”
Həyatı təhlükəyə atmaq bu qədər asan olmamışdı: “manatlıq taksi” problemini necə həll etməli?

“Ötən gün işə tələsirdim. İş yerim Bakıdadır. Özüm isə Sumqayıtda yaşadığım üçün evimin yanından keçən manatlıq taksiyə mindim. Lakin gedişhaqqı 1 yox, 2 manat idi. Tələsdiyimə görə başqa taksi gözləməyə vaxtım yox idi. Elə 1 nəfərlik yer qalmışdı, minsəm, yola çıxacaqdıq. Düşünmədən mindim, kaş minməzdim. “Vito”da qabaqdakı 2 nəfərlik yerdə - ortada birtəhər sıxışıb, əyləşdim. Yerimin narahat olması bəs deyilmiş kimi, sürücü musiqini qoşdu. Səhər saat 8-di, amma elə bil taksidə yox, toydayıq. Arada etiraz edənlər olurdu, “səsini al” deyirdik, həmin an azaldıb, sonra yenidən artırırdı. Bunlarla yanaşı, digər sərnişinlər üşüdüklərinə görə pəncərəni açmağa imkan vermirdilər. Beləliklə, narahat, səs-küylü, havasız səfərimin sonu baş ağrısı və gərginliklə bitdi. İşə gecikməmək üçün 2 manat verib, üstəlik də günə gərgin başladım...

Hər gün Sumqayıtdan 20 yanvara getmək üçün adı manatlıq, özü isə manat yarım, hətta 2 manatlıq olan taksilərdən istifadə edirəm. Gedişhaqqı hər dəfə fərqli olduğu üçün günlük xərcimi düzgün hesablaya bilmirəm. Sürücülərə gəldikdə isə kobud olan kim, maşını təhlükəli sürən kim... Hələ bunlar az deyilmiş kimi, öz zövqlərinə uyğun yüksək səslə musiqi də qoşurlar. İçəri 1 nəfər dolubədənli insan minəndə digərləri sıxışıb qalır. Təbii ki, istisnalarda var. Maşını rahat, təhlükəsiz sürən sürücülər də az deyil, amma onları qabaqcadan bilib, seçmək çətin məsələdir.

Bunlara baxmayaraq, marşrutu mənə ən uyğun gələn bu taksilərdir. Avtovağzaldakı avtobuslar mənə uzaq olur. Ona görə də məcburən taksilərdən istifadə edirəm. Əlbəttə, həmin taksilərin marşrutu ilə gedən avtobuslar təyin edilsə, çox yaxşı olar. Rahat, geniş, sakit avtobusda konkret gedişhaqqı ilə yolumuzu gedərdik”. 

Bu sözləri deyən Sumqayıt sakini Zülfiyyə Babayeva deyir ki, “manatlıq” taksi problemi tezliklə həll edilməlidir. 

Bəs “manatlıq taksi” sürücüləri nə düşünür? Bu cür taksi fəaliyyətilə məşğul olan Cəfər Abbasov bu işin rəsmiləşdirilməsinin tərəfdarıdır.

“İşsizliyin ucbatından sürücü olmağa qərar verdim. 8 nəfərlik “Mercedes vito” sürürəm. Məsafəyə və oturacaqların sayına görə nəinki tıxac olan zamanlarda, heç adi vaxtda da 1 manatdan yığmaq sərf eləmir. 2 manata aparanda yanacağın xərcini çıxdıqdan sonra bir az xeyir qalır. Amma 2 manat dedikdə heç kim yaxın durmur. Nadir hallarda razılaşıb, minənlər olur. Onları da qınamıram. Hər gün 2 manatdan gedib-gəlmək büdcələrinə uyğun olmaya bilər. Ona görə məcburuq hər dəfə şəraitə uyğun fərqli qiymət deməyə... Əlbəttə, dövlət bu işi rəsmiləşdirsə, fəaliyyətimiz üçün lazımi şərait yaradılsa, hər kəsə rahat olar. Biz də qaçaqaç, qovhaqovla işləməkdən qurtularıq. Evimizə 1 tikə çörəkpulu qazanmağa çalışırıq, amma qazandığımız da əsəbdən, stressdən gözə görünmür”.  

Son illərdə peyda olan xeyli sayda  qeyri-qanuni “manatlıq” taksilər, sprinterlər və mikroavtobuslar həm Bakı şəhərinin daxilində və ətraf kəndlərə, həm də Sumqayıt şəhərindən paytaxtın “20 Yanvar” metro stansiyası və əks istiqamətə sərnişindaşıma fəaliyyəti göstərir. Həmçinin Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Onlar ya birdəfəlik yığışdırılmalı və yerinə avtobuslar tərtib edilməli, ya da rəsmi taksi kimi fəaliyyət göstərməlidir. İnsanların səfəri rahat, təhlükəsiz şəraitdə təmin olunmalıdır. 

Mövzu ilə bağlı old.pressklub.az saytına açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov deyir ki, Bakı-Sumqayıt sərnişinlərinin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün “Avtovağzal” stansiyasından Sumqayıta gedən avtobuslar mövcuddur.

Sumqayıtın müxtəlif ərazilərindən qeyri-leqal olaraq şəhərlərarası (rayonlararası) sərnişindaşımanın qarşısının alınması məqsədilə AYNA mütəmadi monitorinqlər aparır. Sərnişinlərə tövsiyə edirik ki, səfərlərini yalnız qanuni daşıyıcılarla həyata keçirsinlər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır”.

Müsahibimiz bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərdən istifadə etmək təhlükəlidir. 

“Sərnişinlərdən Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq, “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük vermələri xahiş olunur. 

Müşahidələr göstərir ki, regionlara sərnişindaşıma fəaliyyəti həyata keçirən taksi nəqliyyat vasitələri paytaxtın müxtəlif ərazilərində hərəkətə maneə törədən sərnişinlər üçün təhlükəli olan yerlərdə fəaliyyət göstərir. Xaotik vəziyyət, xoşagəlməz halların aradan qaldırılması üçün avtovağzal ərazisindəki Nəqliyyat Qovşağında ödənişsiz duracaq yaradılıb. Taksi sürücülərini və sərnişinləri bu imkanlardan yararlanmağa çağırırıq”.

Bakı-Sumqayıt marşrutu üzrə sərnişinlər üçün avtovağzal stansiyası olsa da çoxları ondan istifadə etmir, hətta xəbərsizdir. Çünki yol baxımından çoxuna sərf etmir, yolu daha da uzanır. Ona görə də “20 Yanvar” metrostansiyasının önündə olan manatlıq taksilərə üz tuturlar. İnsanların seçimi olan bu taksilərin fəaliyyəti rəsmiləşdirilsə və ya həmin istiqamətdə avtobuslar təyin edilərək təhlükəsiz şərait yaradılsa, taksi sürücülərinə ciddi nəzarət edilsə, sürücülüyə layiq olmayan, insanları təhlükəyə atan və incidən şəxslərin fəaliyyəti dayandırılsa, hər kəs rahat olar.

old.pressklub.az saytına açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, respublikada fəaliyyət göstərən bütün taksi sürücüləri vergi ödəməlidir. 

“Bütün taksilər vergiyə cəlb olunmalıdır. Qeyri-qanuni sürücülüklə məşğul olanları vergidən yayındıqlarına görə dövət orqanları məsuliyyətə cəlb etməlidir. Mən həmin taksilərin hansısa şirkətin tabeliyinə verilməsinin əleyhinəyəm. Kim istəyirsə, vergi ödəmək şərti ilə qanuni şəkildə fəaliyyət göstərə bilər”.

Respublikada kifayət qədər qeyri-qanuni fəaliyyət göstərən taksilər var. İstər şəhərdaxili, istərsə də şəhərlərarası-rayonlararası çalışan taksilərin insanlar üçün daha əlçatan, lakin təhlükəli olduğu məlumdur. Belə taksilər tezliklə rəsmi qeydiyyata alınmalı, texniki cəhətdən istifadəyə yararsız maşınların və sürücülük bacarığı aşağı olan şəxslərin fəaliyyəti dayandırılmalıdır.  

Məsələ ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov old.pressklub.az-a bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən sürücülər üçün cəlbedici güzəştlər təyin edilməlidir: 

“Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrini təhlükəli idarə edən çoxlu taksi sürücüləri var. Keçmişə nəzər salsaq, həmin sürücülərin törətdiyi qəzaları, ölümləri xatırlayarıq. Belə halların qarşısını almaq üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarından əlavə, Bakı Nəqliyyat agentliyi və ya Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində qeyri-qanuni fəaliyyət göstərən sürücülər üçün maddi baxımdan güzəştli işlər görülməlidir. Yəni, elə şərait qurulmalıdır ki, həmin sürücülər rəsmi şəkildə fəaliyyət göstərə bilsinlər. Sıxlığın qarşısının alınması üçün sürücülərin dayanaraq tıxac yaratdığı ərazidə xüsusi dayanacaq təşkil edilməlidir. Tək taksi yox, digər ictimai nəqliyyat sürücülərinə də ciddi nəzarət lazımdır. Çünki ikinci zolaqda dayanan, bir-birinin yolunu kəsən sürücülər də az deyil. Bu sıravi vətəndaşlara da aiddir. Qeyri-qanuni fəaliyyət göstərən sürücülərin qarşısı yumşaldıcı formada alınmalıdır ki, həm qazandıqları məbləği qanuni formada qazana bilsinlər, həm də sərnişinlərin təhlükəsizliyi təmin edilsin”.

Heç bir qanuni statusu olmayan, sərnişin daşımaq üçün zəruri texniki baxışdan keçməyən avtomobillərin və müvafiq tibbi yoxlanışdan keçməyən sürücülərin əhaliyə xidmət göstərməsi təhlükəli haldır. Əhali sayının hədsiz çox olduğu Bakı və Sumqayıt ərazisində insanlar üçün optimal marşrut üzrə başqa ictimai nəqliyyat vasitələri təmin edilməsə, bu cür qanunsuz fəaliyyət göstərən taksilərdən istifadə daha da artacaq. Bu halın qarşısının alınması üçün ya həmin istiqamət üzrə marşrut avtobuslar təyin edilməli, ya da həmin taksilərin dövlət qeydiyyatına alınaraq, rəsmi və təhlükəsiz şəkildə fəaliyyəti təmin edilməlidir. 

Günay Elşən