Logo
news content
User
Kateqoriyalar

Analitika

Bəs yol çəkirdik? 
Zəngəzur dəhlizi, İran marşrutu və taleyi müəmmalı sülh sazişi 

Rusiyanın “Forbes.ru” nəşri yazır ki, Azərbaycan 2020-ci il müharibəsində qələbə qazanandan dərhal sonra regionda Qarabağ münaqişəsindən sonra sülh şəraitində birgəyaşayış planlarının qurulmasına başlanılıb. Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması barədə danışıqlar bu planları daha da stimullaşdırır. Rusiya nəşri yazır: “Heç kim bu ölkələr arasında tezliklə sıx əməkdaşlığın inkişaf edəcəyini gözləmir. Lakin ümid var ki, onlar heç olmasa bir-birlərinə öz ərazilərindən tranzitə icazə verəcəklər”.

“Forbes.ru” qeyd edir ki, azərbaycanlıların Naxçıvana və Türkiyəyə çıxışa ehtiyacı var - ora getməyin ən asan yolu Ermənistandan keçən sovet dəmir yolunu bərpa etməkdir. Ermənilərin isə Gürcüstan yoluna alternativ olaraq Rusiyaya əlavə çıxışa ehtiyacı var və bunun Azərbaycandan başqa alternativi yoxdur.

Amma bir neçə gün öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bəyanat verdi ki, Ermənistandan keçən marşrut “Bakı üçün cəlbediciliyini itirib”, Naxçıvan və Türkiyə ilə əlaqə Ermənistan əvəzində İran vasitəsilə həyata keçirilə bilər.

“Forbes” hesab edir ki, Ermənistan üçün nisbətən yaxşı və bu zaman heç də fantastik olmayan yalnız bir ssenari qalıb. Bu ssenariyə görə, Azərbaycan uğurla İrandan keçməklə Naxçıvana dəhliz yaradır və eyni zamanda Ermənistanla bir-birinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan hansısa müqavilə imzalayır. Amma bu müqavilə kommunikasiyaların açılmasını nəzərdə tutmur. Bu halda İrəvanın hələ də Türkiyə ilə sərhədi açmaq imkanı yaranır. Hələlik isə Ankaradan gələn siqnallar göstərir ki, birbaşa avtomobil yolunun açılması yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır.

Maraqlıdır, bəs Zəngəzur dəhlizinin aqibəti necə olacaq? Onu Ermənistan ərazisindən keçərək, Araz çayının şimal sahili boyunca salmaq mümkün olacaqmı? Və nəhayət, Ermənistanla sülh müqaviləsi nə vaxt imzalana bilər?

Politoloq, BDU-nun müəllimi Sultan Zahidov bununla bağlı fikirlərini old.pressklub.az-la bölüşüb.

İlk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı qeyd etmək istərdim ki, Hikmət Hacıyev də dediyi kimi, bu dəhliz artıq Azərbaycan üçün cəlbedici deyil. Çünki Azərbaycan İran vasitəsilə Naxçıvana yeni marşrutlar açmağa hazırdır.

Zəngəzur dəhlizinin ortaya çıxması tarixinə qayıtsaq görərik ki, bu dəhlizin açılması üçtərəfli sənəddə qeyd olunub. Çünki sənəd Rusiya sülhməramlılarının nəzarətində olmalı olan Laçın dəhlizinin də açılmasını nəzərdə tutub. Sənədin bu hissəsi mənə Ermənistanı Qarabağla, Azərbaycanı isə Naxçıvanla birləşdirən iki dəhlizin açılmasını nəzərdə tutan məşhur “Qobl planını”nı xatırladır”, - deyə politoloq bildirib.

O xatırladıb ki, Prezident İlham Əliyev 2021-ci ilin dekabrında Brüsseldə keçirilən görüşdə bəyan edib ki, Azərbaycan qərb bölgələri ilə Naxçıvan arasında kommunikasiya xətlərinin açılmasını və bu yolun Laçın marşrutu kimi dəhliz statusu daşımalı olduğunu istəyir. “Tarixi kontekstdən çıxış edərək iddia edə bilərik ki, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin açılmasını tələb edib. Çünki Ermənistanın Qarabağ ermənilərilə əlaqə yaratmaq üçün Laçın dəhlizinə çıxışı var idi. Azərbaycan da öz eksklavı ilə əlaqə yaratmaq üçün bərabər imkanlara malik olmaq istəyirdi. Amma indi Azərbaycan bütün Laçın marşrutuna nəzarət etdiyinə və öz suverenliyini bərpa etdiyinə görə Ermənistandan dəhlizin açılmasını tələb etməkdə çox da maraqlı deyil. Üstəlik, Ermənistan rəhbərliyi həmişə bəyan edib ki, onun ərazisindən keçəcək və yurisdiksiyasında olmayacaq dəhliz açmaq niyyətində deyil. Əslində, Zəngəzur dəhlizinin həm Türkiyə, həm də Azərbaycan üçün böyük geostrateji əhəmiyyəti olsa da, Bakı Ermənistanla bütün kommunikasiya xətlərinin açılmasından sonra analoji strateji hədəflərinə çata bilər. Çünki Azərbaycanın əsas məqsədi alternativ kommunikasiya xətləri vasitəsilə Naxçıvana çıxmaqdır ki, bu da sonda onun İrandan geostrateji asılılığını azaldacaq. 

Zəngəzur dəhlizinin aqibətinin necə olacağını anlamaq üçün bu məsələyə region dövlətlərinin münasibətinə nəzarət yetirmək lazımdır. Türkiyə və Azərbaycan bu dəhlizdə maraqlıdır, çünki alternativ marşrutun açılması iki ölkə arasında iqtisadi və enerji əlaqələrini daha da gücləndirəcək və bundan əlavə, hər iki dövlətin tranzit potensialını artıracaq. Zəngəzur dəhlizinin Türkiyə və Azərbaycan üçün əhəmiyyətini artıran digər cəhət də türk dünyası daxilindəki inteqrasiya prosesləridir, çünki bu dəhlizin açılması Türkiyədən Cənubi Qafqaza, oradan isə Orta Asiyaya keçərək bu prosesi sürətləndirə bilər. Mustafa Kamal Atatürkün vaxtilə qeyd etdiyi kimi, Naxçıvan türk dünyasının qapısıdır və əgər Naxçıvan qapıdırsa, bu halda Zəngəzur da bu qapının dəhlizi olacaq.

Bayaq dediyim kimi, Ermənistan bu dəhlizdə maraqlı deyil, çünki o, onun suverenliyini pozur. İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir, çünki bu, onun geostrateji əhəmiyyətini azaldacaq, Ermənistan və Azərbaycanı İrandan daha az asılı vəziyyətə gətirəcək. Formal olaraq Gürcüstan sözdə bu layihəni dəstəkləsə də, məncə, qonşumuz bunu müsbət qarşılamır. Çünki bu, Gürcüstan ərazisindən keçən indiki yollara alternativ yol açmaqla Gürcüstanın geostrateji əhəmiyyətini minimuma endirir. Rusiya bu layihəni dəstəkləyir, lakin bir şərtlə ki, dəhlizə Rusiya sərhədçiləri nəzarət etsin. Yadda saxlamalıyıq ki, Azərbaycanı Türkiyədən təcrid etmək üçün 1920-ci ildə Zəngəzuru Ermənistana verən Rusiya idi və indi də Kreml türk qardaşlığının onun başı üzərində asılan “Damokl qılıncını” görür və buna görə də həm Türkiyənin, həm də Azərbaycanın güclənməsinə hər zaman mane olmağa çalışacaq”, - Zahidov hesab edir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyəti daha geniş perspektivdə qiymətləndirilməlidir, çünki çoxları bu marşruta Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin mühüm elementi kimi baxırlar.

Bu arqumentlərə əsaslanaraq belə qənaətə gəlmək olar ki, hazırda Zəngəzur dəhlizinin açılması ehtimalı azdır. Çünki Azərbaycan artıq bunda o qədər də maraqlı deyil və regionun bəzi ölkələri bu layihənin əleyhinədir.

Ermənistanla sülh sazişinə gəlincə, hesab edirəm ki, o, yaxın vaxtlarda imzalana bilər. Bununla belə, təbii ki, müəyyən maneələr var. Birincisi, Ermənistan Azərbaycana qarşı qarayaxma təbliğatını, onu “etnik təmizləmə” və s. ittiham etməyi dayandırmalıdır. İkincisi, Ermənistan Fransaya qulaq asmaqdan və regionda onun maraqlarını reallaşdırmaqdan əl çəkməlidir. Nəhayət, Ermənistan sülh prosesinə sadiq olmalı və danışıqlar masası arxasında konstruktiv mövqe tutmalıdır. Belə getsə, sülh müqaviləsi imzalanacaq”, - ekspert əmindir.

Rauf Orucov