
Beş əldə cəmlənən dünya düzəni – Düzəliş mümkündürmü?
BMT-də köklü dəyişikliklər perspektivi hələ yoxdur
20 Avqust 2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən bildirib ki, BMT Təhlükəsizlik Şurasında ən qısa zamanda islahatlar aparılmalıdır.
Türkiyə mətbuatı xəbər verir ki, o, bu barədə təşkilatın baş katibi Antonio Quterreşə müraciətində yazıb.
"Qlobal sülh və təhlükəsizliyin təmin edilməsi kimi üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturu köklü şəkildə dəyişdirilməlidir. Biz Türkiyə olaraq, bugünkü şərtlərə uyğun şəkildə BMT Təhlükəsizlik Şurası və ədalətli beynəlxalq sistem yaradılması uğrunda səmimiyyətlə mübarizə aparan bütün dostlarımızı dəstəkləməyə davam edəcəyik. Afrika qitəsinə də bu ədalətli sistemin yaradılmasına töhfə vermək imkanı yaradılmalıdır. Biz, "Dünya beşdən böyükdür" deməyə davam edəcəyik”, - Türkiyə lideri bəyan edib.
Ərdoğan “Dünya beşdən böyükdür” deyəndə, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan və istənilən qərara mane ola biləcək beş daimi üzvünü (Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa) nəzərdə tutur.
Ərdoğanın BMT-də islahatların aparılması zərurəti ilə bağlı fundamental tezisləri 2021-ci ilin sentyabrında nəşr olunan “Daha ədalətli dünya mümkündür” kitabında öz əksini tapıb. Prezident orada qlobal siyasətin problemlərinə diqqət yönəldib: miqrasiya böhranı, beynəlxalq terrorçuluq, islamofobiya, ayrı-seçkilik, ikili standartlar. Onun sözlərinə görə, Türkiyə “kim güclüdürsə haqlıdır yox, kim haqlıdırsa güclüdür” sistemi qurulana qədər BMT-də islahatlara nail olmaq üçün səylərini davam etdirəcək.
Bəs Ərdoğanın dediklərinin həyata keçməsi mümkündürmü? Beş superdövləti - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü öz səlahiyyətləri, öz hakimiyyətini bölüşməyə məcbur edə biləcək hər hansı bir yol varmı?
Şərqi Avropa Təhlükəsizlik İnstitutunun (Kiyev) idarə heyətinin rəhbəri Anatoli Pinçuk bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, artıq neçə ildir ki, BMT-nin, xüsusən də BMT Təhlükəsizlik Şurasının iş prinsiplərində islahatlar gündəmdədir. “Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayandan sonra bu məsələ xüsusən aktuallaşıb. Rusiya faktiki olaraq onu pisləyən istənilən təşəbbüsün qarşısını alıb”, - politoloq deyir.
O, bununla əlaqədar xatırladıb ki, Baş Assambleya 2022-ci ilin aprelində bu beş dövlətin hər birindən veto hüququndan istifadənin izahını tələb edən qətnamə qəbul edib. Qətnamə əvvəlcə Lixtenşteyn tərəfindən irəli sürülüb və sonda Fransa, Böyük Britaniya və ABŞ daxil olmaqla 89 üzv dövlət tərəfindən dəstəklənib: “Ancaq bu, veto probleminin özünü və Təhlükəsizlik Şurasında təmsilçilik problemini həll etmir. Veto hüququ mövcuddur. Bu, BMT Nizamnaməsində yazılıb və hazırda uğurlu islahatlar üçün heç bir perspektiv görmürəm. Ediləcək maksimum şey Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərinin seçilməsi prosedurunun optimallaşdırılmasıdır. Ərdoğanın dedikləri isə nəzəri cəhətdən Rusiya Federasiyasında rejim dəyişikliyi və Çinin bununla bağlı siyasətinə yumşaq düzəlişlər ediləcəyi təqdirdə həyata keçirilə bilər. Ancaq bunun nə vaxt baş verəcəyi və ümumiyyətlə baş verib-verməyəcəyini indidən söyləmək tezdir”, - Pinçuk bildirib.
Rauf Orucov