Başıbəlalı Zəngəzur dəhlizi: Oyunu pozan kimdir?
Ermənistan fürsətə çevirmək, Rusiya nəzarətində saxlamaq istəyir, İran isə...
23 İyun 2023
“Zəngəzur dəhlizi təşəbbüsü Orta Dəhliz çərçivəsində kommunikasiyaları daha da genişləndirmək potensialına malik təşəbbüsdür”. Bunu İngiltərədə keçirilən “Caspian Connectivity” beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Eyni zamanda o, bu istiqamətdə göstərilən bütün səylərə baxmayaraq, Ermənistanın kommunikasiyaların açılmasına yaratdığı maneələrə diqqət çəkib.
Bununla belə, nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşması üçün perspektivlər açılır.
Azərbaycan regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmindədir, regiondan və onun hüdudlarından kənarda olan investorlarla əməkdaşlıqda maraqlıdır. O, qeyd edib ki, Azərbaycan bütün tərəfdaşlarını münaqişədən sonrakı yenidənqurma sahəsində səylərini dəstəkləməyə dəvət edib.
Beləliklə, Zəngəzur dəhlizi mövzusu artıq neçənci dəfədir ki, gündəmə gətirilir. Bu günlərdə üçtərəfli danışıqlarda Rusiyanı təmsil edən baş nazirin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan və Azərbaycan arasında Moskvada keçirilən son görüşdə bu marşrut üzrə dəmir yolunun bərpası barədə razılıq əldə olunub. Belə görünür ki, Bakı və İrəvan prinsipial məsələ barədə razılığa gəliblər - bu marşrut üzrə sərhəd-keçid nəzarəti hər iki dövlətin sərhədçiləri və gömrük əməkdaşları tərəfindən həyata keçiriləcək. Qarşıda sovet dövründə dəmir yolu ilə paralel şəkildə fəaliyyət göstərən avtomobil yolunun bərpası mövzusu var.
Və əgər nəzərdə tutulan bu Zəngəzur dəhlizi Çini, Mərkəzi Asiyanı, Qafqazı və Avropanı birləşdirməli olan Orta Dəhlizin bir hissəsidirsə, Ceyhun Bayramov niyə Ermənistanın bu layihənin həyata keçirilməsinə yaratdığı çətinliklərdən şikayətlənir? Doğrudanmı rəsmi İrəvan Sünik (Zəngəzur) bölgəsi vasitəsilə müxtəlif xarici yüklərin tranzitinin ona gətirəcəyi faydaları anlamır? Axı bu, büdcədə daimi gəlir mənbəyidir. Bəs onda bu dəmir yolu və avtomobil magistralının bərpasına kim mane olur? İrəvanın özü, Moskva, Tehran? Hansı səbəbdən?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun bu mövzuda suallarını cavablandırıb.
O qeyd edib ki, Ermənistan hazırkı geosiyasi şəraitdə çox çətin vəziyyətdədir.
“Ərazisində Rusiya hərbi bazası var, nəqliyyat və enerji sektoru Rusiyanın nəzarəti altındadır. Rusiyanın qurduğu hərbi-siyasi birliklərin - Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
Digər tərəfdən, Ermənistan İranın strateji müttəfiqidir. O, imkan daxilində İranın bölgədəki maraqlarını nəzərə almağa çalışır. Rusiya və İran Qərbin sanksiyalarından yayınmaq üçün Ermənistanın beynəlxalq əlaqələrindən istifadə edərək, bir sıra vacib mallar alırlar.
Eyni zamanda, Ermənistan hakimiyyəti ziddiyyətləri qüvvələrlə əməkdaşlıq etməyə çalışır. O, Qərbin regionda əsas müttəfiqi olmağa can atır. Gah Qərbin, gah da Rusiya və İranın geosiyasi maraqlarının təmsilçisi kimi çıxış edir.
Ermənistan kommunikasiyaların açılması prosesini mümkün qədər ləngitmək, beynəlxalq təzyiq altında Azərbaycandan güzəştlərə nail olmaq və sülh prosesindən özünə sərfəli şəkildə çıxmaq istəyir.
Paşinyan hökuməti həm yerlərdəki hərbi, həm də siyasi reallığı, Ermənistan cəmiyyətinin mövqeyini və regionun əsas dövlətlərinin yanaşmasını bilir.
İran Zəngəzur dəhlizinin açılmasını qətiyyən istəmir. O, Orta Dəhlizin təkcə iqtisadi deyil, həm də geosiyasi nəticələrini bilir. O, beynəlxalq kommunikasiyalardan kənarda qalmağı qəbul etmir. O, həmçinin Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin yaradılmasını milli təhlükə hesab edir. Bütün vasitələrlə bunun qarşısını alır.
Rusiya belə bir yolun yalnız onun nəzarətində olması ilə razılaşır. Fransa da Cənubi Qafqazda mövcudluğunu artırmaq üçün sülh prosesinin bir hissəsi olmaq və açıq kommunikasiyalar qurmaq istəyir. ABŞ-ın bu məsələdə mövqeyi daha neytraldır. Əsasən Cənubi Qafqazda sülhə nail olmağa, Rusiyanın təsirini minimuma endirməyə çalışırlar. Ermənistan da bu cür mübahisəli vəziyyəti öz siyasi maraqları üçün fürsətə çevirmək niyyətindədir.
Zəngəzur dəhlizi regionda əməkdaşlıq platformasına çevrilməsə, bu, yeni və daha təhlükəli müharibəyə gətirib çıxara bilər”, - deyə N.Məmmədli yekunlaşdırır.
Rauf Orucov