Logo
news content
User
Kateqoriyalar

Analitika

Banklar əhaliyə güzəşt edəcək

Müəllif: Ülviyyə Şahin

Hazırda əhalini narahat edən və maraqlandıran əsas məsələlərdən biri də banklara olan kredit borclarının taleyidir. Koronavirus pandemiyası bütün dünyaya təsir etdiyi kimi, Azərbaycana da təsirsiz ötüşmür. Həm karantin rejiminin tətbiqi və getdikcə sərtləşdirilməsi, həm də bir sıra iş yerlərinin bağlanması səbəbindən vətəndaşlar çətin vəziyyətdə qalıb. Heç kim sabah nə olacağını, vəziyyətin nə zaman normallaşacağını bilmir və belə bir qeyri-müəyyən durumda bankların öz müştərilərindən əvvəlki kimi davranmalarını və borclarını vaxtında ödəmələrini tələb etməsi doğru olmaz. Bu səbəblə mövzuya yenidən qayıtmalı olduq və bankların əhaliyə güzəşt edib-etməyəcəyini araşdırmağa çalışdıq.

“Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov bankların əhalinin kredit ödənişlərini təxirə salıb-salmayacağı barədə sualımıza cavab olaraq bildirdi ki, hazırda bu barədə rəsmi məlumat yoxdur: “Lakin hər gün yeni güzəştlər və ya prosedurlar təqdim olunur. Sualınızla bağlı rəsmi qərar olan kimi, bu barədə mətbuata məlumat veriləcək”.

“Unibank”ın mətbuat xidmətindən qeyd etdilər ki, bank rəhbərliyi bu çətin günlərdə müştərilərə dəstək olmaq üçün əlindən gələni edəcək: “Bankımız istər fiziki, istərsə də hüquqi şəxs olan müştərilərinin kredit ödənişlərində güzəştlərin edilməsi ilə bağlı artıq təkliflər paketi hazırlayıb və aidiyyəti qurumlara təqdim edib. Bildiyimiz qədər, ölkə banklarının bir çoxu müvafiq güzəşt təklifləri hazırlayıb. Bankların təklifləri ümumilikdə müzakirə olunacaq və verilən qərara uyğun olaraq “Unibank” da seçilmiş güzəşt paketinin həyata keçirilməsinə başlayacaq.”

Bəs ekspertlər nə düşünür? Banklar hazırkı situasiyada əhaliyə güzəşt etməlidirmi? Qanunvericilik və bank-müştəri arasındakı müqavilələr bu məsələdə nə deyir?

Milli Məclisin deputatı Vüqar Bayramov bəyan etdi ki, güzəştlər 2 paket çərçivəsində müzakirə olunur: “Artıq sahibkarların cəlb etdiyi kreditlərlə bağlı güzəşt verilməsi haqda təkliflər ölkə prezidentinə təqdim edilib. Həmin təkliflərə əsasən sahibkarlıq subyektlərinin cəlb etdiyi kreditlər üzrə faizlərin subsidyalaşadırılması həyata keçiriləcək. Burada söhbət ondan gedir ki, real sektora yönəldilən biznes kreditlərinin faizlərinin bir qismi dövlət tərəfindən subsidiya olunsun. Mərkəzi Bankın məlumatına görə, real sektora yönəldilən biznes kreditləri üzrə orta faiz 11-15 intervalında dəyişir, onun 10 faizi dövlət tərəfindən subsidiya ediləcək. Məsələn, əgər sahibkar 12 faizlə biznes krediti cəlb edibsə, 10 faizini dövlət üzərinə götürəcək, 2 faizini isə sahibkar özü ödəyəcək. Bu da sahibkarın güzəşt əldə etməsinə imkan verəcək.”

V.Bayramovun sözlərinə görə, istehlak kreditləri üzrə güzəştin verilməsi və bu istiqamətdə atılacaq addımlar da hazırda müzakirə olunur: “Hələlik Maliyyə qrupu öz təkliflərini təqdim etmədiyi üçün hansı güzəştlərin veriləcəyi bəlli deyil. (Bu yazı aprelin 2-də hazırlanıb - müəllif.) Amma bu istiqamətdə müzakirələr davam edir. Bütün işçi qrupları tərəfindən təkliflərin təqdim edilməsi üçün son vaxt 3 apreldir. Kommersiya banklarının cəmi ikisində dövlətin kapitalı var, digər banklar özəldir. Ona görə, daha məqsədəuyğun olardı ki, özəl banklar müştərilərə özləri güzəşt təklif etsinlər. Bu, onların özlərinin verə biləcəyi qərardır, dövlət özəl bankların fəaliyyətinə bu istiqamətdə müdaxilə edə bilməz.”

Qanunvericilik və banklarla müştərilər arasındakı müqavilələrin bu məsələdə roluna gəldikdə isə, V.Bayramov bildirdi ki, müqavilələrə əsasən hər iki tərəfin öhdəlikləri var: “Təbii ki, vətəndaş da kredit alan zaman müəyyən öhdəlik götürür, kommersiya bankının da öhdəlikləri olur. Düşünürəm ki, burada artıq müqavilə şərtləri rol oynamalı deyil, kommersiya banklarının korporativ sosial məsuliyyət prisnsiplərinə uyğun olaraq güzəşt tətbiq etməsi daha məqsədəuyğun olardı. Hər halda, Maliyyə qrupu tərəfindən paket təqdim edildikdən sonra kommersiya banklarına da hansı güzəştin veriləcəyi bəlli olacaq.”

İqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, məsələnin iki tərəfi var: birincisi, bank və müştəri arasında sırf kredit ödənişi ilə bağlı, ikincisi, bankla müştəri arasında əmanət qoyuluşu ilə bağlı münasibətlər:

“Məsələyə hər iki aspektən baxmaq lazımdır. Əlbəttə, belə bir vəziyyətdə kredit  ödənişlərində problemlər yaranır. Burada həm sahbkarların, həm də istehlakçıların, yəni əhalinin kreditlərindən danışmaq lazımdır. Məsələn, xidmət sektorunda çalışan, ictimai iaşə, ticarət mərkəzləri kimi yerlərin sahibləri biznes kreditləri götürüblər ki, bines qursunlar. Biznes işləmirsə, onlar həmin krediti ödəyə bilməyəcəklər. Eyni vəziyyət əhaliyə də aiddir. Əhalinin dövlət qurumlarında işləyən hissəsi maaşını alır, amma özəl sektor və ya günəmuzd işləyənlər çalışa bilmirsə, onların kredit ödəməsində problem yaranır. Artıq buna fors-major hal demək olar. Çünki əhalinin özündən asılı olmayan səbəbdir. O baxımdan banklar güzəştə getməlidir. Güzəştlər nədən ibarət olmalıdır? Məsələn, kredit ödənişlərini bir müddət dondurmaqla güzşət edilə bilə. Nəzərə alsaq ki, karantinin nə zaman bitəcəyi məlum deyil və bitsə belə, işlər bir ayın içində qaydasına düşməyəcək, onda 2-3 ay möhlət vermək olar. Əmanətlərə gəlincə isə, biz banklardan kreditlərə güzəşt edilməsini istəyirik, görək əhali də banklara qoyduğu əmanətlərə görə banklara güzəşt edəcəkmi? Eyni şeyi bank etsə və əhaliyə müraciət etsə ki, məndən faiz istəməyin, yaxud da əmanəti gəlib bankdan götürməyin, əhali razı olacaqmı? Bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Başadüşüləndir ki, insanların gəliri yoxdur, banklara əmanət qoyub, onun faizi ilə dolanır. Ancaq mümkün qədər,  zərurət olmadan, bankdan əmanət istəməsinlər, əhali tərəfindən də banklara güzəştlər olunsun. Ehtiyacı olanları anlamaq olar. Ehtiyacı olmayanlar bunu etməsinlər.”

Bank-müştəri müqavilələri ilə bağlı məsələyə toxunan S.Əliyev Rusiyanı misal kimi göstərdi:

“Rusiya Mərkəzi Bankı digər bankalara göstəriş verdi və əhaliyə kömək məqsədilə restrukturizasiya, yəni müqavilə şərtlərinə yenidən baxmaq təklifini irəli sürdü. Bununla müqavilə şərtlərini yeniləmək və müqavilə müddətini uzatmaq olar. Məsələn, bir aya ödəniləcək məbləğin müddətini uzatmaqla, ödənişin dəyərini aşağı salmaq mümkündür. Elə insanlar və iş yerləri var ki, işləyir, maaşın bir hissəsi ödənilir, belə vətəndaşlar az miqdarda ödəniş edə bilər. Tutaq ki, bank kredit  ödənişlərini 2-3 ay dondurdu, bu halda nə baş verir? Bank qanunverciliyinə görə, bankların ödənişləri gecikirsə, bu halda kreditlərin statusu dəyişir, artıq standart statusdan qeyri-standart statusa keçir.  Vaxtı gecikmiş kredit statusu alır, bu halda gecikməyə görə pul ayırmalıdırlar. Burada artıq işə Mərkəzi Bank qarışır. Aktivlərin təsnifləşdirilməsi haqqında qayda var. Orada şərtlərə müəyyən qədər dəyişiklik etməklə, bir neçə ay bu şərtləri dondura bilərlər ki, həm vaxtı keçmiş kreditlər zərərli aktivlər sayılmasın, həm də əhalinin kredit tarixçəsi psiləşməsin. Kredit ödənilməsə, avtomatik müştəri “qara siyahı”ya düşür. Bir sözlə, banklar mütləq şəkildə müəyyən güzəştlərə getməlidir.”