Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakının tələb etdiyi, İrəvanın razılaşmadığı məsələ...
Mirzoyanın açıqlamasına Bakıdan reaksiyalar; nə baş verir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb.

Mirzoyan xatırladıb ki, 8 avqustda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Trampın iştirakı ilə Vaşinqton Bəyannaməsini imzalayıblar. Onun sözlərinə görə, sənəddə bir sıra mühüm məsələlər razılaşdırılıb: “Biz Bayramovla birlikdə Sülh müqaviləsini parafladıq – bu, özü-özlüyündə ciddi mərhələdir. Həmçinin sənəddə nəqliyyat əlaqələrinin açılmasına dair əsas prinsiplər əksini tapıb: ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi və nəqliyyat dəhlizləri üzərində milli yurisdiksiya”. 
A.Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə dəmir yolları və digər kommunikasiyalardan istifadə barədə razılaşıblar. Bu çərçivədə “TRIPP” adlı qısa marşrut nəzərdə tutulub: “Ermənistan və ABŞ birgə konsorsium yaradacaq. Bu konsorsium dəmir yolu xəttinin idarəçisi olacaq, həmçinin digər şirkətləri cəlb edə biləcək. Boru kəmərlərinin, elektrik xətlərinin və başqa infrastrukturun tikintisi və istismarı da planlara daxildir. Prinsip qarşılıqlıdır. Biz, məsələn, Naxçıvan ərazisindən istifadə etməklə Ermənistanın şimal və cənubunu birləşdirəcək dəmir yolu çəkə biləcəyik”. 
Nazir deyib ki, ABŞ artıq 145 milyon dollar vəsait ayırıb. Hazırda texniki parametrlər üzrə danışıqlar aparılır: “Bu mərhələ bir neçə ay davam edəcək, sonra tikinti işləri başlayacaq. Ekspertlərin rəyinə görə, dəmir yolu layihəsi ən azı iki il çəkəcək. Amma biz mümkün qədər tez açılmasında maraqlıyıq, çünki Ermənistan əsas benefisiarlardan biri olacaq”.
Mirzoyanın sözlərinə görə, Sülh müqaviləsinin mətni hələ mart ayında razılaşdırılıb və avqustda paraflanıb: “Biz onu imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.

Nazir qeyd edib ki, sərhəd boyunca artıq 12 km-lik hissə demarkasiya olunub: “Bu, Ermənistanın sərhəd kəndlərində insanların özlərini daha təhlükəsiz hiss etməsinə imkan verib. Yeni məktəblər tikilir, insanların həyatı yaxşılaşır”.

Ararat Mirzoyan uzunmüddətli münaqişənin cəmiyyətlərdə psixoloji yük yaratdığını deyib: “Onilliklər davam edən qarşıdurma qan yaddaşı və ehtiyatlılıq yaradıb. Barışıq vaxt tələb edəcək və gündəlik səylər istəyəcək. Hər hansı tərəfdən aqressiv ritorika isə prosesə heç bir fayda vermir”.
Nazir bildirib ki, Rusiya rəsmən Vaşinqton Bəyannaməsini alqışlasa da, eyni zamanda Moskva mediasında, parlamentdə və ekspert dairələrində Ermənistanın xarici siyasəti sərt tənqid olunur: “Rusiya rəsmiləri layihəni dəstəklədiklərini bəyan etdilər. Amma eyni zamanda hər gün Ermənistanın Qərblə yaxınlaşması ilə bağlı sərt tənqidlər eşidirik”.

Mirzoyan vurğulayıb ki, Ermənistanın seçimi bütün dövlətlər tərəfindən qəbul edilməlidir: “Əminəm ki, həm rusiyalı həmkarlarımız, həm də digər dövlətlər və beynəlxalq aktorlar Ermənistan xalqının iradəsinə hörmət etməlidirlər. Ermənistanda mütəmadi olaraq demokratik seçkilər keçirilir və 2026-cı ildə yenidən parlament seçkiləri olacaq”.

Müsahibənin sonunda nazir əlavə edib ki, Ermənistan Qərblə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və qarşıdakı seçkiləri beynəlxalq media işıqlandıracaq.

Ararat Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda avqustun 8-dən sonra ilk dəfə niyə məhz indi danışır?

Xatırladaq ki, bu günlərdə Ermənistan parlamentində Azərbaycanla sülh müqaviləsinə dair bəyannamə qəbul edilib. Sənəd hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün üzvləri və müttəfiq deputatlar (64 millət vəkili) tərəfindən dəstəklənsə də, eks prezidentlər Robert Koçaryan və Serj Sarkisyan etiraz olaraq parlamenti tərk ediblər. 

Azərbaycan Milli Məclisi daha əvvəl 8 avqust Vaşinton razılaşmaları ilə bağlı dinləmə keçirib və Prezidentin atdığı addımları birmənalı şəkildə dəstəkləyib. Görünür, bu, tərəflərin sülh prosesinin möhkəmləndirilməsi, ona parlament və ictimai dəstəyin təmin olunması istiqamətində əvvəldən müəyyənləşirdiyi tədbirlərdən biri olub. 

Mirzoyanın müsahibəsindəki qeyri-müəyyən fikirlərə gəlincə, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov burada Rusiya izləri axtarır. O, sosial şəbəkədəki hesabında yazıb: “Axır vaxtlar Ermənistandan ziddiyyətli bəyanatlar eşidirik. Həmin ziddiyyətli məsələlərə aydınlıq gətirmək lazımdır. Ələlxüsus ona görə ki, Ermənistan Baş nazirinin münaqişəyə aid siyasi ritorikası Moskva səfərindən dərhal sonra dəyişib. Bu, çox önəmli məsələdir. Biz bilirik ki, Ermənistan siyasəti ciddi şəkildə Rusiyanın təsiri altında formalaşır. Aydınlaşdırmaq lazımdır ki, nə baş verir və nəyə görə Ermənistanın ritorikası dəyişir".

Ermənistan Baş nazirinin ritorikasının dəyişməsinin səbəbini sabiq nazir belə izah edib: "Konstitusiyaya dəyişiklik, Zəngəzur dəhlizi və sair mövzularda ritorikasını dəyişməsi onu göstərir ki,  Moskvada Paşinyana Tramp layihəsini keçirməyə icazə verməyiblər. Nə baş verdiyini izləmək lazımdır".

Konfliktoloq Arif Yunus isə Tofiq Zülfüqarovla razılaşmır, o Paşinyanın Moskva səfərinin Azərbaycan-Ermənistan sülh prosesinə təsir etmədiyini düşünür: “İrəvanın mövqeyində hər hansı dəyişiklik yoxdur. Mirzoyanın dedikləri Konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Bu, yeni məsələ deyil”. 

“Tərəflərin mövqelərində başqa ziddiyətlər varmı” sualına A.Yunus belə cavab verib: “Avropa İttifaqı Müşahidə Missiyanın çıxarılması ilə bağlı fikir ayrılıqları var”

Konfiliktoloq vurğulayıb ki, qaçqınların öz yerlərinə qayıdış hüququ ilə bağlı məsələ də sülh müqaviləsi layihəsindən çıxarılıb. 

Politoloq Fərhad Məmmədov isə düşünür ki, Mirozyanın açıqlaması seçki prosesinə hesablanıb: “Onlar dolayısı ilə deyirlər ki, referendum keçiriləcəyinə boyun olmuşuq, amma sülh müqaviləsini seçkidən əvvəl imzalayaq, bu seçkilərdə qalib gəlmək üçün bizə dəstək olardı”

Politoloq, A.Yunusdan fərqli olaraq, Avropa müşahidəçilərinin Azərbaycanla sərhədlərdən çıxarılması məsələsində problem olmadığını deyir: “Müqavilə imzalandıqdan sonra onlar çıxacaqlar, bu məsələ razılaşdırılıb. Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı narahatedici heç bir məsələ yoxdur...”

Turqut