Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakının Qarabağ kursu: zirvədən enməmək...
Bölgədə tam nəzarəti ələ almaq üçün həlledici addımlar atılır

Qabil Abbasoğlu

Laçın yolu məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsi və onun nəticələri Qarabağdakı erməni əhalinin reallıqla daha yaxından tanış olmasına imkan yaratdı. Bu məsələnin və nəticənin iki baxımdan diqqətə alınması lazımdır. 

Birincisi, Ermənistan təbii ki, bu məsələni həmin yüksək kürsüyə öz əsassız iddiaları və yersiz hikkəsi səbəbindən çıxarmışdı. Amma nəticədə həm dünyanı, həm Ermənistan əhalisini, həm də ən əsası, Qarabağın erməni sakinlərini real mənzərə ilə üz-üzə qoymuş oldu. Hamı anladı ki, Azərbaycan ərazisində separatçı fəaliyyətlə məşğul olanların, qondarma dövlət sevdasına düşənlərin zəhməti yerdə qalacaq – nə qədər ikili standartlar və əyintilər olsa belə, beynəlxalq hüququn “göz deşən” və ən ali prinsipləri var, hamı ona tabe olduğunu ən azı deyir, demək, həm də nümayiş etdirməlidir.

İkincisi, müharibədən sonrakı müddət ərzində Azərbaycan diplomatiyasının, daha konkret desək, dövlət başçısının məhz bu məsələdəki hazırkı mövqeyi doğru müəyyənləşdirilib, hələ ki, nəticəyə hesablanmış addımlar atılır. Bunun belə olduğunu sübut edən faktlardan biri oldu BMT-dəki müzakirələr. Azərbaycan öz ərazisində baş verən hadisələrə suveren hüquqları çərçivəsində yanaşmaq üçün, bir növ, kart-blanş əldə etmiş oldu. 

Dövlət başçısının bir ay əvvəl Şuşada “Euronews”a müsahibəsində dediyi fikir indi tam mahiyyəti ilə siyasi konsepsiya halına gəlib və real situasiyaya tətbiq olunmaqdadır: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”. Azərbaycan, BMT-də bütün dünyanın gözü qarşısında, dünya erməniliyinin və lobbi dəstəkçilərinin səylərinə baxmayaraq, həm haqlı, həm də güclü olduğunu göstərdi. İndi bölgədə, xüsusilə öz ərazisində baş verən proseslərdə şərti rəsmi Bakı müəyyən edir. Ya əməl edəcəklər, ya oyundan çıxacaqlar.

Daha bir maraqlı məqam Azərbaycanın son aylarda, bəlkə də bir ildə müstəsna olaraq, diplomatik yoldan istifadə etməsidir. Müharibədən sonra baş vermiş bir neçə hərbi eskalasiya epizodunda rəsmi Bakının mövqeyi beynəlxalq təşkilatlar tərəfindən daha militarist mövqe kimi qiymətləndirilirdi. Baxmayaraq ki, sahədəki real vəziyyət baxımından alternativ yol yox idi, Bakı öz suveren ərazilərində tək sahib olduğunu göstərməli idi. Son bir ilə yaxın müddətdə Bakının ritorikası dəyişməsə də, real hərbi qarşıdurmadan mümkün qədər yayınmaq istəyi hiss olunur. Səbəbi uzaqda axtarmaq lazım deyil – elə həmin “militarist” adlandırıldığı epizodlarda Azərbaycan hərbi-strateji baxımdan elə yüksəkliklərə sahiblənib ki, o yüksəkliklərdən, sözün həm həqiqi, həm də məcazi mənasında, enmək istəmir. Sahə nəzarət altında, hüquq qeyd-şərtsiz xeyrimizə, psixoloji üstünlük təmin olunub, münaqişənin əsas katalizatorunun da başı özünə qarışıb. Fürsətdir ki, qan axıtmadan bölgəyə nəzarət tam şəkildə ələ alınsın, separatçı qondarma qurumun və onun terror dəstələrinin fəaliyyətinə son verilsin.

Son günlər Qarabağdan Ermənistana keçən erməni əsilli sakinlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu, onların real şəraiti qəbul etməsinin göstəricisidir. Xankəndidəki xunta hansı hoqqalara əl atsa belə, insanlar rahatlıq, sakitlik, təminat, rifah istəyir. Uzağa getməyək, Laçının Zabux kəndində məskunlaşmış ermənilərin yola salınması hamının yadındadır. Yaşamaq təminatı verildiyi halda, gələcəyə heç bir ümidin olmadığı yerdə kim qalar? İndi həmin prosesin Xankəndidən Tursşuya qədər olan, ermənilərin yaşadığı kəndlərlə bağlı da baş verəcəyini gözləməyə dəyər. 

Hətta bəzi müşahidəçilərin dediyi kimi, gedənlər Rusiya pasportu ilə bir növ toxunulmazlıq əldə edib aradan çıxan hərbi cinayətkarlar olsa belə, Anadolu türkləri demiş, bizə uyar – tərksilah olub ərazimizi təmizləsinlər özlərindən. Məsələmizi həll etdikdən sonra hərbi cinayətlərə görə istənilən birini dünyanın harasında olur-olsun, tapıb qanun qarşısına çıxarmaq çətin deyil.

Qalır xuntanın girovuna çevrilmiş mülki əhali, onlar üçün də Xankəndidə qaldırılan şüarlar artıq mənasını itirir, insanlar təhlükəsiz və rahat həyat axtarırlar. Köç bu səbəbdən daha da intensivləşəcək. Azərbaycan öz qanuni sərhədinə postu qoyanda separatçılara qapının yerini göstərmiş oldu. Getmək istəyən üçün açıqdır. 

Beləliklə, Bakı Qarabağda tam nəzarəti ələ almaq üçün həlledici addımlar atır. Nəhayət, proses elə bir mərhələyə gəlib çatır ki, indi cəmi iki il əvvəl olduğu kimi, “katalizator”un – Moskvanın əlini gücləndirən hərbi qarşıdurmaya ehtiyac sürətlə azalır. Sülh üçün şərait hər gün daha da münbit olur. Artıq Xankəndinin İrəvandan da əli üzülüb. Bakıdan da qabaq, hüquqla, qanunla üz-üzə qalıblar. Görək məşhur “erməni ağlı” bu vəziyyətdən hansı nəticəni çıxaracaq...