
Bakıdan Ankaraya dost cavabı, sərhəddə görüş…
Türkiyə-Ermənistan arasında təməl atıldı, daha sonra nələr gözlənilir?
31 İyul 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl İsrail hökumətini hədələyərək, “Qarabağa, Liviyaya girdiyimiz kimi İsrailə də girə bilərik” deməsi Azərbaycanda sükutla qarşılanmışdı. Bu günə qədər Xarici İşlər Nazirliyi Ərdoğanın açıqlamasına hər hansı şərh verməyib. Eləcə də Türkiyə XİN-də bu barədə izahedici məlumat yaymağa lüzum görməyib.
Nəhayət, Azərbaycan Müdafiə Nazirliyi qeyri-rəsmi şəkildə Türkiyə liderinin açıqlamasına reaksiya verib. Nazirliyin yüksək rütbəli nümayəndəsi 1news.az-ın şərh xahişinə belə cavab verib:
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı hər hansı ölkənin hərbi qulluqçularının hərbi əməliyyatlarda iştirakı barədə deyilənlərin heç bir əsası yoxdur. 44 günlük Vətən Müharibəsində Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək verdi. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə Türkiyə və Pakistan rəhbərliyinə minnətdarlığını bildirib.
44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin 3 minə yaxın hərbi qulluqçusu şəhid olub, bir günlük əks-terror əməliyyatlarında 204 nəfər şəhid olub, bundan əlavə xeyli sayda insan müharibə veteranı və qazisi statusu alıb. Heç bir başqa dövlətin Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə iştirak etməyib”.
Bu polemikanın ardından dünən - iyulun 30-da Ermənistan və Türkiyə arasında nizamlanma prosesinin xüsusi nümayəndələri, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç iki ölkənin sərhədində yerləşən Marqara-Əlican keçid məntəqəsində beşinci görüşü keçiriblər.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaları təsdiqləyiblər. Bundan əlavə, tərəflər regional hadisələrə uyğun olaraq, Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınması üçün imkanlar yaradacaq texniki ehtiyacların qiymətləndirilməsi, habelə diplomatik/xidməti pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı sadələşdirilməsi barədə razılığa gəliblər.
Sonda onlar iki ölkə arasında tam nizamlanma kimi son məqsədə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan nizamlanma prosesinin davam etdirilməsi barədə razılığın olduğunu bir daha vurğulayıbılar.
Politoloq Fərhad Məmmədov xatırladır ki, bu görüş iyulun əvvəlində baş tutmalı idi, lakin Türkiyə tərəfi son anda nümayəndə göndərməkdən imtina etmişdi. Görüşdən gözləntilərə gəlincə, ekspert bildirir ki, xüsusi bir dəyişiklik olacağına inanmır: “Türkiyə ilə Ermənistan arasında üçüncü ölkə vətəndaşları üçün, üçüncü ölkədən gələn yüklər üçün sərhədlərin açılması ilə bağlı razılaşma var. Amma həyata keçirilməyib və reallaşacağını düşünmürəm”
F.Məmmədov vurğulayıb ki, Ermənistan-Türkiyə normallaşması Ermənistanda necə şərh olunmasından asılı olmayaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından asılıdır və bunu Ermənistana Ankaradan aydın şəkildə çatdırırlar:
“London görüşünün uğursuzluğu nümayiş etdirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində yaxın gələcəkdə irəliləyiş gözlənilmir... Yəni, Ermənistan-Türkiyə yolunda irəliləyiş olmayacaq! Bu, Paşinyanın seçimidir, çünki Londonda görüşdən imtina edən Ermənistanın Baş naziri olub”.
Politoloq xatırladır ki, Azərbaycan mehriban qonşuluq münasibətlərini nəzərdə tutan dövlətlərarası münasibətlərin prinsipləri haqqında sənəd təklif edir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, Bakı ilə İrəvan arasında belə bir sənəd imzalansa, Türkiyə nə edəcək. “Armen Qriqoryanın bu proseslərin bir-birinə bağlı olmadığı tezisini inadla irəli sürmək əvəzinə, bunu anlamalıdır”, - politoloq qeyd edib.
Turqut