Bakı–Vaşinqton xəttində fəallaşma: Strateji tərəfdaşlıq reallığa çevrilirmi?
Əməkdaşlıq istiqamətində işlər sürtələndirilib, amma həll edilməli məqamlar da var...
25 Dekabr 2025
Son günlər Azərbaycanla ABŞ arasında diplomatik təmaslar nəzərəçarpacaq dərəcədə intensivləşib.
Birinci fakt ondan ibarətdir ki, bir neçə gün əvvəl onlayn formatda Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Strateji İşçi Qrupuna Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter həmsədrlik ediblər.
İclas zamanı enerji, regional nəqliyyat əlaqələri, o cümlədən ticarət və tranzit, iqtisadi investisiyalar (süni intellekt və rəqəmsal infrastruktur sahələri daxil olmaqla), eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu sahələr avqustun 8-də iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunda prioritet istiqamətlər kimi müəyyən edilib. Avqustun 8-dən sonra qeyd olunan istiqamətlər üzrə ayrıca keçirilmiş ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.
Strateji tərəfdaşlığın əsas prinsiplərini və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Xartiyanın mətni ətrafında fikir mübadiləsi aparılıb, sənədin qısa müddətdə razılaşdırılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar. Sənədin məqsədi Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdir.
Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının 6 ay ərzində hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması nəzərdə tutulur.
Tərəflər Strateji İşçi Qrupu çərçivəsində üç əsas istiqamətə fokuslanmağı planlaşdırırlar: enerji, ticarət və tranzit sahələri daxil olmaqla regional əlaqəliliyin təmin edilməsi; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar; müdafiə məhsullarının satışı və terrorla mübarizəni əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlıq.
İkinci fakt – Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan dekabrın 22-də Vaşinqtonda “Tramp Marşrutu” – Trump Route for International Peace and Prosperity (TRIPP) təşəbbüsünə həsr olunmuş dəyirmi masada iştirak ediblər. Bu barədə ABŞ–Azərbaycan Ticarət Palatası (USACC) məlumat yayıb.
USACC tərəfindən təşkil olunan tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, həmçinin ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri və biznes dairələrinin təmsilçiləri də iştirak ediblər.
Görüş zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqəliliyin gücləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-ın dayanıqlı iqtisadi mövcudluğunun təmin edilməsində rolunu müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla bildirib ki, ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında avqustda əldə olunmuş sülh sazişi tarixi hadisədir:
“TRIPP bu sülhü möhkəmləndirməyin, tranzit marşrutunu ümumi rifahın hərəkətverici qüvvəsinə çevirməyin yoludur”.
Xəzər İbrahim isə qeyd edib ki, bu ilin avqustunda Vaşinqtonda keçirilən liderlər sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb: “Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini təşviq edir, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qurub. TRIPP layihəsinin Orta Dəhlizin əsas komponenti kimi uğurla həyata keçirilməsi böyük əhəmiyyət daşıyır”.
Ermənistanın səfiri də TRIPP təşəbbüsünün Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalar verəcəyini vurğulayıb.
“Azərbaycanlı həmkarlarımızla konstruktiv əməkdaşlığı və müzakirələrin konkret inkişaf layihələri mərhələsinə keçməsini alqışlayıram. Bu cür praktiki əməkdaşlıq real iqtisadi və sosial nəticələrə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.
Üçüncü fakt – dekabrın 23-də Bakı və Vaşinqton enerji sahəsində əməkdaşlıq üzrə hərtərəfli yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, müzakirələr energetika naziri Pərviz Şahbazovun ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşü zamanı aparılıb.
Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərildiyi qeyd olunub. Bu kontekstdə Pərviz Şahbazovun ABŞ-a səfərinin yekunları dəyərləndirilib.
Tərəflər Strateji Tərəfdaşlıq Xartiyasının enerji bloku, “Beynəlxalq sülh və rifah üçün Tramp Yol Xəritəsi” (TRIPP), müxtəlif enerji layihələri və əməkdaşlığın digər prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirliyin məlumatında bildirilir ki, görüşdə həmçinin ABŞ enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri, müntəzəm enerji dialoqu mexanizminin yaradılması və hərtərəfli yol xəritəsinin hazırlanması məsələləri müzakirə olunub.
Beləliklə, ABŞ və Azərbaycanın ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində sürətlənmiş rejimdə fəaliyyətə başladığı aydın görünür.
Prosesi Pressklub.az üçün şərh edən Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin professoru, politoloq Rövşən İbrahimovun sözlərinə görə, konkret olaraq bu cür ikitərəfli işçi görüşlərin başlanması gözlənilən idi, çünki ABŞ və Azərbaycan Vaşinqtonda Strateji Tərəfdaşlıq Xartiyası üzərində işə başlamaq barədə razılığa gəliblər:

“Bu isə o deməkdir ki, tərəflər öz baxışlarını, öz təkliflərini ortaya qoymalı və sonradan bunlar ümumi maraqlar əsasında birləşdirilməlidir. Prinsip etibarilə proses həmişə bu cür gedir və məhz bu səbəbdən həmin görüşlər təşkil olunub.
Əgər hər şey uğurla davam etsə, düşünürəm ki, 2026-cı ildə artıq hazır sənədimiz olacaq. Yəni, növbəti il ərzində Azərbaycan ABŞ-ın strateji tərəfdaşına çevriləcək. Xatırladım ki, Cənubi Qafqazda bu cür sənədlər həm Gürcüstan, həm də Ermənistanla imzalanıb. Bununla belə, həmin sənədlərin özünəməxsus xüsusiyyətləri var: Gürcüstanla bağlı hədəflər bir cürdür, Ermənistanla bağlı bir qədər fərqlidir. Qeyd edim ki, Ermənistanla sənəd Baydenin prezidentliyinin son günlərində imzalanıb və onlar tələsməli oldular. Burada Azərbaycan tərəfində müəyyən suallar doğuran məqamlar var”.
Bununla belə, politoloqun fikrincə, bu, ümumilikdə müsbət tendensiyadır və sadəcə, tərəflərin həll etməli olduğu məsələlər mövcuddur.
“Məsələn, 907-ci düzəliş. Çoxları bilmir ki, Sovet İttifaqından qalma daha bir məhdudiyyət var – Cekson–Venik aktı. Bu akt ABŞ ilə Azərbaycan arasında ticarət münasibətlərini məhdudlaşdırır. Vaxtilə bu sənəd SSRİ-yə qarşı qəbul edilmişdi, səbəb isə yəhudi millətindən olan vətəndaşların ölkəni tərk etməsinə icazə verilməməsi idi. Artıq nə SSRİ var, nə də həmin kontekst mövcuddur, amma bu akt hələ də Azərbaycan üzərində yük kimi qalır. Düşünürəm ki, bu məsələlər də öz həllini tapacaq”, – İbrahimov güman edir.
Rauf Orucov