Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakı səhnəsində qeyri-adi “Leyli və Məcnun” 
Klassikaya modern yanaşma ortaya unikal bir əsər çıxarıb – baxmağa tələsin... 

Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm,

Dərdməndi-firqətəm, dərmanı-didar istərəm.

Ah-fəğan belə başlayır, daha doğrusu, tamaşa. Hələ tamaşa başlamamış rejissora yaxınlaşıb soruşdum ki, klassik “Leyli və Məcnun” görəcəyik, yoxsa fərqli? Dedi yox, fərqli, hətta Füzulini də görəcəksiniz. Zatən, hər bir müəllif öz əsərində var, amma yenə də bunun tamaşadakı izharı maraqlı gəldi.   

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşa Füzulinin öz dilindən belə ah-fəğanla başlayır. 

Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm...

Bu misraları deyən şair astaca çəkilir səhnənin bir kənarına və qələmini alıb, yazmağa başlayır. 

Tamaşaçı isə əsərin klassik variantında da olduğu kimi, Leyli ilə Məcnunun məktəbdəki tanışlığına, görüşlərinə və nəhayət, eşqə giriftar olmalarına şahidlik edir. Həm də onlar tək deyillər, belə görünür ki, sinifdə həmyaşıdlarının hamısı eşqə giriftardırlar. Müəllif (libretto müəllifi və rejissor Samir Qulamov), görünür, eşqin o yaşa xas olduğunu, yaxud o yaşın eşqə giriftarlığını izah etmək istəyir. 

Bu giriftarlığı isə nə Leyli ilə Məcnunun zamanında, nə də indi anlayışla qəbul edən çox azdır. Min ildir bu izah olunur, amma anlayan yox... 

Quruluşda yalnız o dövr deyil, həm də bu dövrdən – azyaşlıların nikaha girməsi  problemindən tutmuş, sevənlərin təklənməsinə qədər müxtəlif məsələlərdən bəhs edilir. Bunlar ya rəqslərin dili ilə, ya Füzulinin, ya da aktyorların ifasından artıq, bədən dilində də öz inikasını tapır.  

Qeysin ailəsi artıq onun eşqə düşüb səhralarda gəzdiyindən xəbərdardır. Atası ona eşqin dəlilik olduğunu və ondan kimsənin xeyir görmədiyini anlatmağa çalışır. Atası demiş, tamaşada Məcnunun atası yoxdur, onu Füzuli əvəz edir. Orijinalda atasının dediklərini ya  Füzuli deyir, ya da anası. Anasının Leyliyə nəsihəti də onun atasının dilindən səslənir. Hər birində də Füzuli var. Füzuli həm Leyliyə, həm Məcnuna hayan olmağa  çalışır, onların dərdi ilə kədərlənib, sevinci ilə sevinir.  Binəvaların sevinci olur  ki...

Amma Füzulidə də az yoxdur, məsələn, elə hallar olur ki, qızı qınayır. Deyir: 

 Neyçün özünə ziyan edirsən?

Yaxşı adını yaman edirsən?

Həm də anası yox, məhz Füzuli özü deyir bunu Leyliyə:

Oğlan əcəb olmaz olsa aşiq,

Aşiqlik işi qıza nə layiq?

Məcnunun atasının deyəcəyi sözü isə anası deyir: 

Kim ki aşiqdir, işi fəğandır...

Məcnun:

Mən istərəm bəlanı, çün istər bəla məni! - deyərkən Füzuli yazı masasının başında qıvrılır. Füzuli daha çox Məcnunun atasıdır...

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!

Bir dəm bəlayi-eşqdən etmə cüda məni! - deyəndə isə yanıb-yaxılan Məcnunun atası deyil, Füzuli özüdür. 

Leylinin atasının “Vermərəm!”  - hökmü şairi gələcək bəlalardan agah edir. 

Tamaşa boyu plastik rəqslər sənətə sənət qatıb, ahəngi tamamlayır. Səhnə tərtibatı da mürəkkəb deyil, həm səhra var, həm məktəb, yandıran Günəş də yerində. 

Məcnundan başqa da səhnədə bir Məcnun var, Leylini də başqa bir Leyli müşayiət edir. Yəni onlar var, olub, həmişə də olacaqlar, eşq əhli. Bəzən Leylinin ağır anlarında həmin ikinci Leyli, Leylinin ruhu, bəlkə qaraçuxası, necə istəsəniz adlandıra bilərsiniz, onu hifz etməyə çalışır. Həmçinin Məcnunu onun arxasında, çiynində gəzən ikinci Məcnun qoruyur – onunla yanır, onunla sönür. 

Leylinin şamla olan səhnəsi də maraqlıdır. İndiyə qədər istər opera səhnəsində, istər filmdə Leylini yanan bir şamın başında yaxılan görmüşük. Bu quruluşda, yəni “Leyli və Məcnun” tamaşasında çox sayda qızlar şam obrazında yanırdılar, Leyli də onların ortasında 

“Başdan-ayağa nədir bu yanmaq,

Dudi-dilə dəmbədəm boyanmaq,

Nə cinsidir əslin, ey bəlakeş

Kim abi-həyatın oldu atəş?

Mən həm sənə bənzərəm vəfadə,

Bəlkə neçə mərtəbə ziyadə

Sən gecə həmin yaparsan, ey zar

Mən gecəvü gündüzəm giriftar - deyir...

Tamaşa iki saata yaxın - bir göz qırpımı çəkir. Dinamika, səhnənin dolu olması, amma dolu deyəndə kütləvi səhnələri nəzərdə tutmuram, əksinə, opera səhnəsində olduğundan daha az idi iştirakçı. Məsələn, Məcnundan Leyliyə elçi gələndə səhnə qadınlı-kişili oxuyan adamla dolu deyil, azdır, amma hərəkətli və dinamikdir, hər kəsin ortada bir missiyası var. 

Təbii ki, tamaşanın uğurunun ilkin və əbədi səbəbi Üzeyir bəyin musiqisinin sehridir. Musiqini tamaşanın gedişatında obrazlara geyindirmək də sənətkar işidir. 

Nəhayət, Məcnunun qınağı:

Hanı ey zalım, bizimlə əhd-peyman etdiyin?

Leylinin etirafı: 

Mən gövhərəm, özgələr xiridar,

Məndə deyil ixtiyari-bazar.

Dövran ki məni məzadə saldı,

Bilməm kim idi satan, kim aldı.

Olsaydı mənim bir ixtiyarım,

Olmaz idi səndən özgə yarım.

Qeyslə İbn Salamın  rast gəldikləri səhnə də yenidir. Rastlaşıb, baxışıb, ayrılırlar və o zaman da Leylinin razılığı İbn Salama verilir. 

Tamaşa boyu arada gəzən, Füzuli ilə kürək-kürəyə verən Mələk də heç nə edə bilmir. Divanəliyin kəndiri Məcnunun boğazında, Leyli çərləyib ölür. Füzuli masanın üstündən qalxıb, göylərə nalə çəkir. 

Həmin nalə bir də Məcnun Leylinin məzarı üstündə yanıb qovrulanda eşidilir. Leylinin ölümünü Məcnuna şair özü çatdırır. İbn Salam isə üz-üzə gəldiyi Füzulini qınayıcı nəzərlərlə süzüb keçir. Hamı şairi, özü də özünü qınayır. Məcnun anasına: Biganəsən aşina deyilsən-deyir. 

Əslində bütün günahkar sonda Füzulidir. 

Bir də Məcnun çox xoşbəxt görünür, burada bədbəxt İbn Salamdır. Məcnun sevilərək, sevərək ölür. İbn Salamın yarı başqasına aşiq, necə xoşbəxt olsun...

Məcnun ondan “Noolub şair?” -soruşanda 

Tərki-dünyalıq nədir, təqva nədir? – biz bilmərik,

Eşqdən başqa nə var əfsanədir, – biz bilmərik - deyir. 

Şairin son fəğanı isə belə bitir: 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edir.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır. 

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak edirlər.

Səhnədə ilk addımlarını dahi Üzeyir bəylə atan gənclərin yolu, şəksiz ki, uğurlu olar. Onu da deyim ki, bizim baxdığımız ictimai baxış idi, premyera qarşıdadır.

Ramilə Qurbanlı

Xüsusi olaraq, old.pressklub.az üçün.