Bahəddin Həziyev: ”Əvvəllər üç senzor var idisə, indi hamı kütləvi şəkildə senzor olub”
09 Dekabr 2019
Dövlət-media münasibətlərində dəyişikliklər cəmiyyətin gözlədiyi islahatlar sırasındadır. Güman olunur ki, hökumət bu sahədə əvvəlki siyasətini ciddi korrektə etməklə müstəqil mətbuatın inkişafına şərait yaratmaq xətti seçəcək.
”Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev vaxtı ilə peşə fəaliyyətinə görə ən ağır təzyiqlərə məruz qalmış, uzun bərpa prosesindən sonra işinə qayıtmağa özündə cəsarət tapmış media rəhbəridir. O, həm də real vəziyyəti ”içəridən” görən və bilən, dərin təhlil bacarığı ilə seçilən, qələmini və dilini ”dinc saxlamayan” yazardır. Təsadüfi deyil ki, KİVDF kifayət qədər geniş auditoriyaya malik bu nəşri ilin əvvəlindən dövlət yardımına layıq qəzetlər sırasından çıxarıb.
”old.pressklub.az”-ın Bahəddin Həziyevlə söhbətinə ”Yeni gözləntilər özünü nə dərəcədə doğrulda bilər?” sualı ilə başlayırıq.
- Ciddi kadr dəyişiklikləri aparılıb və istənilən halda, bunun olması yaxşı haldır. Amma ”yeni kadrlar özlərini necə göstərəcəklər?” sualına dəqiq cavab almaq üçün bir az zaman lazımdır. Nəzərə alsaq ki, yeni kadrların əksəriyyəti gənclərdir, bəziləri hətta dövlət idarəçiliyi sistemində böyük təcrübəyə malik deyil, onların fəaliyyətinin cəmiyyət üçün nə dərəcədə səmərəli olacağını proqnozlaşdırmaqda çətinlik çəkirəm. Bütövlükdə isə kadr dəyişiklikləri elan edilmiş islahatların yalnız bir hissəsidir. Çünki islahat – əgər bu, doğrudan da islahatdırsa – köklü dəyişikliklər deməkdir, ”köklü” sözü isə ”prinsiplər”lə bağlıdır. Deməli, hökumət gercək islahatlar aparırsa, idarəetmə prinsiplərini dəyişməlidir və yeni təyin olunan kadrlar öz fəaliyyətlərini yeniləşmiş prinsiplər əsasında qurmalıdırlar.
- Nə müşahidə edirsiniz, prinsiplər dəyişirmi?
- Hələ ki, idarəetmə sahəsində prinsiplərin dəyişdiyini görmürük. Görünən odur ki, köhnə və yaşlı məmurların gənc kadrlarla əvəz edilməsi baş verir.
-İndiyədək dövlət və mətbuat münasibətləri hansı prisiplər əsasında tənzimlənirdi? Həmin idarəetmə üsullarını necə xarakterizə edərdiniz?
- Mətbuatla münasibətlərdə ümumi bir sistem vardı və təəssüf ki, o sistem bu gün də mövcuddur. Sistemin yönənləndicisinin kim olması az fərq edər, prinsip eynidir. Yəni, prinsip müəyyən edilibsə, onu yönləndirən şəxsin Əli Həsənov, ya başqası olması mahiyyət etibarilə heç nəyi həll etmir. Yönləndirici kim olsa da, sistemin tələbinə uyğun eyni nəticə üçün çalışacaq. Ona görə də dövlət-mətbuat münasibətləri sistemində islahat aparmaq üçün, hər şeydən əvvəl, idarəçilik prinsiplərini dəyişmək lazımdır. İndiki halda həmin prinsiplər medianı daha çox nəzarət altında saxlamaq, yönləndirmək, hakimiyyətin təbliği və tərifi siyasəti üzrərində qurulub. Halbuki bir zamanlar Azərbaycan mətbuatında tənqidçi jurnalistika da vardı. Hətta ”iqtidar mətbuatı”, ”müxalifət mətbuatı” deyilən anlayışlar vardı. Sonradan media üzərində inzibati nəzarət o qədər sərtləşdirildi ki, ”müxalifət mətbuatı” anlayışı tamamilə sıradan çıxdı: məsələn, ”Azadlıq” qəzeti bağlandı, saytlar bloklandı, başqa müxalif qəzetlər informasiya siyasətini dəyişib hökumətin təbliğatçısı rolunda çıxış etməyə başladı və s. Elə həmin dövrdə müstəqil media nümunələri olan ”Ayna”, ”Zerkalo” qəzetləri, müəyyən müddət müstəqilliyini qorumuş ”Bizim yol” kimi nəşrlərin dayaqları sarsıdıldı. İqtidar mediası isə tam tərifçi mediaya çevrildi və öz fəaliyyətini hökumətin, dövlət rəhbərliyinin, ayrı-ayrı vəzifəli şəxslərin tənqiddən qorunması üzərində qurdu. Mətbuat işi üç hissədən ibarətdir - yaradıcılıq, istehsalat və kommersiya. Yaradıcılıq söz və ifadə azadlığına, istehsalat sərmayə və texnoloji inkişafa, kommersiya isə azad rəqabətə bağlıdır. Əgər bunların heç birisi yoxdursa, hansı mediadan danışa bilərik?! Mən bu fikirləri hökumətin media siyasətini yönəldən nümayəndələrinin iştirak etdiyi toplantılarda dəfələrlə səsləndirmişəm. Amma görünür, hökumət mətbuatla münasibətlərdə prinsiplərini dəyişmək niyyətində olmayıb.
- Mətbuatın indiki vəziyyətə düşməsində dövlətin media siyasətini müəyyənləşdirən və yürüdən məmurların rolu nə qədərdir? Yəni, doğrudanmı, hər şeyi elə bir nəfər edib?
- Şəxsi yanaşmalar medianı bugünkü duruma gətirib çıxaran səbəblərdən biridir. Ona görə hesab edirəm ki, dövlətin media siyasətini yürüdən məmurlar media ilə bağlı olan şəxslərin arasından seçilməlidir. Bu iş mətbuat və kütləvi informasiya vasitələri sistemini dərindən bilən, bütün miqyası ilə onun haqqında məlumatı və düşüncəsi olan insanlara tapşırılmalıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən şəxslərin mətbuata yaxından bələd olmamağı, yaxud mətbuatla bağlı məsələri sonradan öyrənməyi işin keyfiyyətini və səmərəliliyini xeyli aşağı salır. Mətbuatla işləmək təkcə dövlətin siyasətini cəmiyyətə düzgün çatdırmaqdan ibarət deyil, həm də peşəkarlıq məsələsidir. Dövlətin media siyasətini həyata keçirənlərin indiyəqədərki yanaşması isə hökuməti mətbuatdan qorumaq olub. Bütün iş dövləti mətbuatın tənqidindən qorumağa, yanlız uğurların təbliğinə yönəldilib. Düzdür, açıq şəkildə deyilməyib ki, filan məsələni yazmaq olmaz. Əksinə, sözdə həmişə deyiblər ki, mətbuat azaddır, hər şeyi yaza bilir və sair və ilaxır. Amma reallıqda elə mexanizmlər tətbiq edirlər ki, onlar medianın sərbəst fəaliyyət göstərməsinə imkan verməyib, onu mümkün olan həddə məhdudlaşdırıb. Bu gün də azad mətbuatın öz qarşısında dayanan tələblər səviyyəsində fəaliyyət göstərməsinə imkan yoxdur. Yəni, elə bir mühit yaradıblar ki, mətbuat nümayəndələrinin özünün içində müəyyən bir çərçivə, qorxu xofu əmələ gəlib. Hər kəs anlayır ki, yazısında bu çərçivədən kənara çıxa bilməz və çıxsa zərərini çəkəcək. Çox deyirlər ki, Azərbaycanda senzura aradan götürülüb, amma senzura jurnalistlərin içərisinə, beyninə köçürülüb. Senzuranın qanuni mövcud olduğu dövrdə üş senzor var idisə, indi hamı kütləvi şəkildə senzor olub. Bu, ümumilikdə media sahəsində aparılan siyasətin, idarəçilik prinsiplərinin ciddi qüsurlarının nəticəsidir. Düşünürəm ki, vəzifə başına gətirilən yeni şəxslər öz fəaliyyətlərini, ilk növbədə, media ilə münasibətlərdə belə halların qarşısını almaq istiqamətində qurmalıdırlar. Gələcəyə baxmaq lazımdır, bundan sonra ”Dövlət-media münasibətləri necə tənzimlənməlidir” sualı üzərində ciddi düşünülməlidir. Bu, təkcə mətbuatın sərbəst fəaliyyət göstərə bilməsi üçün deyil, həm də hökumətin özünün həyata keçirdiyi islahatların nəticələrini təhlil edə bilməsi, cəmiyyətlə dialoq və qarşılıqlı əməkdaşlıq şəraitində işləyə bilməsi üçün lazımdır.
- Sonuncu dediklərinizdən sonra bir daha əvvəlki sualıma qayıdıram: indiyədək baş vermiş dəyişikliklərin məntiqinə əsaslanaraq, dövlət-media münasibətlərində ciddi yeniləşmənin olacağını gözləyirsinizmi?
- Prezident Administrasiyasında hökumətin media siyasətini həyata keçirən məmurun işdən azad edilməsi, həmin şöbənin strukturca yenilənməsi qarşıda hansısa müsbət tendensiyalar yaranacağına ümid verir. Düzdür, yeni administrasiyada bu işlərin kimə həvalə olunacağı hələ məlum deyil. Amma vəziyyətin az da olsa, müsbətə doğru dəyişəcəyinin işartıları görünür. Son vaxtlar İctimai Televiziyada müəyyən dəyişikliklər olduğunu görürük. Baxmayaraq ki, orada vəziyyət ideal deyil və yəqin, olmayacaq da. Amma İTV-də bir müzakirə əhval-ruhiyyəsi müşahidə olunur ki, bu da mediada görmək istədiyimiz dəyişikliklərin bir hissəsidir. Oxşar dəyişikliyin işartıları daha az həcmdə AzTV-də hiss olunur. Nəhayət, anlamağa başlayıblar ki, mətbuata, televizyalara yaradıcılıq imkanları verilməlidir ki, cəmiyyəti narahat edən məsələlər burada müzakirə olunsun. Düzdür, hələ qüsurlar çoxdur, amma bunlar əsas verir ki, media məsələsinə yanaşmada bir qədər yumşalma gözlənildiyini deyəsən. Əvvəlki dövrdəkindən köklü dəyişikliklər yox, amma müəyyən fərqlilik ola bilər. Mənə elə gəlir ki, hökumətdə mediaya nəfəslik verməyin lazım olduğunu dərk ediblər.
- İslahatlar – prinsiplərin yenilənməsidir, dediniz. Mətbuatla münasibətlərin tənzimlənməsində siz hansı prinsipial dəyişikliyi təklif edərdiniz?
- Hökumət qəbul etməlidir ki, mətbuat azadlığı məhdudlaşdırıla bilməz. Həmçinin medianın iqtisadi azadlığı üçün şərait yaradılmalıdır, eyni zamanda jurnalistlərin təhlükəsizliyi də çox önəmli məsələdir, həqiqəti yazan jurnalistlər sıxışdırılmamalı, həbslərlə hədələnməməmlidir. Yəni, ən birinci onu təklif edir və arzulayıram ki, mətbuata inzibati metodlarla təsir etmək təcrübəsinə son qoyulsun. Hakimiyyətin müvafiq strukturları mətbuatla inzibati amirlik əsasında deyil, əməkdaşlıq müstəvisində işləməlidir. Əməkdaşlıq ”bunu elə yox, belə yaz” formasında deyil, mətbuata daha çox informasiya vermək şəklində olmalıdır. Dövlətin çox böyük imkanları var ki, milli maraqlara zidd olmayan, amma jurnalistlərin əli çatmayan məlumatları mətbuata verməklə cəmiyyəti narahat edən məsələlərin həllinə kömək göstərsin. Bu baxımdan dövlətin mətbuatla informasiya əməkdaşlığı ilk növbədə hakimiyyətin özünün marağında olmalıdır. Hesab edirəm ki, dövlət rəhbərliyi media vasitəsilə məmurların və hökumətin yuxarı vəzifəli şəxslərinin fəaliyyətini ictimai nəzarətdə saxlaya bilərlər ki, onlar qanunsuz əməllərindən çəkinsinlər. Amma təəssüf ki, Prezidentin bir neçə dəfə səsləndirdiyi ”media işçiləri mənim ən yaxın köməkçilərimdir, mən əsas informasiyaları jurnalistlərdən alıram” yanaşması reallıqda tətbiq olunmur. Əksinə, biz görürük ki, reallıq heç də prezidentin dediyi kimi deyil. Çox istərdim ki, hakimiyyətin yeni idarəedici şəxsləri dövlət-mətbuat münasibətlərinin tənzimlənməsində bu yanaşmanın öz əksini tapmasına bir vəsilə olsunlar.
Müsahibəni hazırladı: Elxan Salahov