Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanlılar nədən ölürlər?
Adiləşən faciələr və sistem problemləri əhalinin axırına çıxır...

Azərbaycanda hər il 56-60 min nəfər dünyasını dəyişir. Pandemiya dövründə bu rəqəm 78-80 minə çatsa da, son illər əvvəlki səviyyə bərpa olunub. Ölkədə doğum səviyyəsi ildən-ilə aşağı düşür, amma təbii artım hələ ki, var. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

İnsanın, hər bir canlı kimi, doğulması da, ölməsi də təbiidir, həyatın qanunudur. Hər bir ölümün səbəbi, ona gətirib çıxaran çoxsaylı amillər var. Mütərəqqi dünyada elm, texnologiya ölümlərin qarşısını almağa yox, insanın sağlam və daha uzunömürlü olması üçün səfərbər olunub. Əlbəttə, başlıca şərt sosial rifah, sağlam ekoloji mühit, yüksək tibbi xidmət və s. amillərdir. 

Bu səbəblərdən Honqkonq, Yaponiya, Skandinaviya ölkələri, Kanada, bəzi Avropa ölkələri uzunömürlüyə görə dünyada lider mövqedədirlər. Məsələn, Yaponiyada qadınlar arasında orta ömür 87.2, kiçilərdə 81 yaşdan yüksəkdir. 

Azərbaycanda, rəsmi rəqəmlərə görə, qadınlarda orta ömür 78, kişilərdə 73 yaşdır. 2023-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 65 yaşdan yuxarı 859.4 min nəfər yaşayır, bu da ümumi əhalinin 9 faizindən azını təşkil edir. Deməli, orta ömür yaşı ilə bağlı təqdim olunan statistika etibarlı deyil...

Azərbaycanda insanlar nədən ölürlər? 

Yanvarın 8-dən 9-na keçən gecə Perinatal Mərkəzdə 4 uşağın faciəli ölümü ilə nəticələn yanğın hadisəsi bu sualı aktuallaşdırır. Müxtəlif statistikaları incələdikcə, insanların böyük əksəriyyətinin sistem problemlərinin yaratdığı çətinliklərdən həyatını itirdikləri məlum olur. 

Məsələn, Azərbaycan 1 yaşa qədər uşaqlar və ana ölümünün sayına görə Avropada “öndə gedən” ölkələr siyahısındadır. Ötən ilin sonunda TƏBİB 2022-ci ildə Azərbaycanda 18 ana, 959 uşaq ölümünün qeydə alındığını açıqlayıb. Bu rəqəm 2019-cu ildə, müvafiq olaraq, 21 ana və 1557 körpə olub. Ölüm səbəblərinə gəldikdə, başlıca problem xüsusən kənd yerlərində yaşayan qadınların hamiləlik dövründə yetərli tibbi xidmət almaması, yeni doğulan uşaqlar üçün də bu şəraitin əlçatan olmaması, tibbi personalın azlığı, məsuliyyətsizliyidir. Dövlətin təmin etdiyi tibbi xidmətlər, bir qayda olaraq, aşağı səviyyəli və görüntü, hesabat xarakterlidir, əhaliyə faydalılıq əmsalı çox aşağıdır. 

Yol qəzaları 

Azərbaycanda insanların kütləvi ölümünə səbəb olan faciələrdən biri də yol qəzalarıdır. Bu statistikaya görə, Azərbaycan Avropada birinci yerdə qərarlaşır. Son statistikaya diqqət edək:

2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Bu rəqəm 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır.

Qeyd edək ki, 2006-2012-ci illərdə qəzalarda həyatını itirənlərin sayı hər il 1000-1300 nəfər aralığında dəyişib, son illər bu statistika azalıb.

Ekspertlərə görə, ölkədə bu qədər yol-nəqliyyat qəzasının baş verməsi ümumilikdə 3 səbəblə bağlıdır:

Sürücülük vəsiqəsinin rüşvətlə satılması: Ölkənin küçə və prospektləri bu hüququ pulla əldə etmiş təcrübəsiz sürücülərlə doludur. Onlar özləri və ətrafdakılar üçün hərəkətdə olan təhlükə mənbəyidir. Qəza törədənlərin, piyada vuranların arasında onların xüsusi çəkisi yüksəkdir.

Yol infrastrukturundakı ciddi poblemlər: İşıqlandırmanın pis olması və ya ümumiyyətlə, olmaması, yol ötrücülərindən, kəsişmələrdən, asfalt örtüyüyündən qaynaqlanan problemlər, habelə yol nişanlarının azlığı və düzgün quraşdırılmaması və s. kimi çoxsaylı əsaslar gətirmək mümkündür. 

Ölkəyə gətirilən avtomobillərin texniki göstəricilərinin aşağı səviyyədə olması da qəzaların əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, Azərbaycandakı avtomobillərin 80 faiz qədəri 10 il və daha çox istismar olunub. Ötən il ölkəyə xaricdən 90 mindən artıq avtomobil gətirilib ki, onun cəmi 7-8 faizi ekoloji cəhətdən təmiz müasir hibrid və elektormobillərdir. Dövlət Yol Polisinin hər il apardığı texniki baxış formal xarakter daşıyır. Bu qurum qəzaların statistikasını aparmaqla kifayətlənir, ona səbəb olan amillərin təhlilini aparmaqda, profilaktik tədbirlər görməkdə o qədər də maraqlı deyil. Bu sırada yalnız cərimələrin artırılmasını və sürət həddinin endirilməsini göstərə bilərik ki, bunlar qeyd olunan fundamental problemlərə daxil deyil.   

Xəstəliklər 

Azərbaycan kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə dünyada 1-ci yerdədir. “İlk” beşlikdə Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.

2021-ci ildə ölkədə qeydə alınan ölüm hallarının 54 faizi (41 min 708 nəfər) qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Ölüm doğuran ikinci xəstəlik onkoloji xəstəliklərdir. 2021-ci ildə Azərbaycanda 8 min 509 nəfər bu xəstəliyin qurbanı olub. Bu o deməkdir ki, ölkədə vəfat edən hər doqquz nəfərdən birini məhz onkoloji xəstəliklər öldürür.

Bu sırada növbəti yeri sinir sistemi xəstəlikləri tutur. 2021-ci ildə bu səbəbdən vəfat edənlərin sayı öncəki illərlə müqayisədə dörd dəfəyə yaxın artaraq, 2504 nəfər təşkil edib. Sonrakı illərin statistikası mövcud deyil...

Xəstəlik ən inkişaf etmiş ölkələrdə belə əsas ölüm səbəbi sayılır. Amma Azərbaycanda hər il dünyasını dəyişən kişilərin 47 faizi 65 yaşa çatmadan vəfat edirsə, deməli, rifah, tibbi xidmət, sosial təminat olduqca aşağı səviyyədədir. Ölkədə əhalinin əksəriyyəti ildə bir dəfə də olsun profilaktik tibbi müayinələrdən keçə bilmir, çünki dövlətin təmin etdiyi icbari tibbi sığortanı əldə etmək böyük məşəqqət tələb edir. Yerli xəstəxanalarda göstərilən tibbi xidmətlər keyfiyyətsiz olduğuna görə, onu insan üçün faydalı saymaq qeyri-mümkündür. Özəl xəstəxanalarda göstərilən xidmətlərin isə qeyri-adi dərəcədə bahalı olması vətəndaşları onlardan uzaq salır. 

Dəm qazı 

Azərbaycanda insan həyatını, hətta ailələri kütləvi şəkildə yox edən daha bir ölüm maşını dəm qazıdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il dəm qazının toksik təsirindən vəfat edənlərin sayı 155 nəfər təşkil edib. Bu rəqəm ötən illərə baxdıqda xeyli aşağıdır. Ötən onillikdə və daha əvvəl payız-qış mövsümlərində Azərbaycanda bu səbəbdən vəfat edənlərin sayı bəzən 700-800 nəfərə çatıb. 

Dəm qazı, bir qayda olaraq, şəraitsiz, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan mənzillərdə yaşayan insanların həyatına bais olur. Deməli, müvafiq qurumların nəzarəti çox pisdir. Nə ciddi nəzarət, nə maarifləndirmə işi aparılır. Ekspertlərə görə, əhaliyə verilən təbii qazın tərkibinin düzgün təmizlənməməsi də ölümlərin sayını artırır...

Bu siyahını daha da uzatmaq, Azərbaycanda insanların lap adi şeylərdən həyatını itirdiyini göstərən çoxsaylı faktlar təqdim etmək olar. Faktlar nə qədər çox olsa da fundamental səbəblər az və konkretdir:

Ölkədə korrupsiyaya əsaslanan idarəçilik sistemi insan həyatını ucuzlaşdırıb. Sosial təminat aşağıdır, əhalinin maddi rifahı pisdir, səhiyyə sistemi bərbaddır, deməli, vətəndaşların təhlükəsizliyi də böyük risk altındadır. Şərt o deyil ki, küçələrdə insanları güllələyib öldürmürlər, problem odur ki, insanları üz tutduğu, kömək istədiyi hər yerdə öldürə bilərlər...

Turqut