Azərbaycanın ABŞ ilə münasibətdə cəmi iki yolu var...
Amerikalı siyasi şərhçi deyir ki, ABŞ-də hakimiyyəti yeni nəsil ələ keçirib
07 Dekabr 2024
ABŞ-nin yeni prezidenti Donald Trampın dövründə xarici siyasət kursunda ciddi dönüşlər olacağı gözlənilir. Bir çox dövlətlər də xarici siyasətlərini buna uyğun qurmağa məcbur olacaqlar.
Elə bu səbəbdən də, yeni prezidentin Ağ Evə gəlişindən sonra Azərbaycanın xarici siyasət sahəsində vəziyyətinin necə olacağı çoxlarını düşündürür. Azərbaycan rəhbərliyinin Donald Trampa münasibəti məlumdur – bu münasibət demokratların nümayəndəsi olan Obama, Bayden və s. qat-qat yaxşıdır. Mümkündür ki, Bakı Trampın qayıdışına böyük ümidlər bəsləyir. Bəs, Azərbaycanla ABŞ arasında münasibətlərin düzəlməsinə və yaxşı qarşılıqlı fəaliyyət səviyyəsinə qayıtmasına ümid etməyə əsas varmı? Ümumiyyətlə, Vaşinqtonun yaxın 4 ildə regionumuzla bağlı siyasətinin necə olacağı maraqlıdır.
Amerikalı siyasi şərhçi Con Varoli bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun sözlərinə görə, birincisi, biz müasir Amerikanın və onun müasir siyasi elitasının yaşadığı konteksti başa düşməliyik. “Bu, hətta 5 il əvvəlkindən tamamilə fərqli bir ölkədir. Nəyi nəzərə tuturam?
Bəli, əvvəllər bəzi qruplar onun siyasətinə təsir edə bilirdilər. Bilirəm, Azərbaycanda tez-tez deyirlər ki, erməni lobbisi ABŞ-ın xarici siyasətinə təsir edə bilər. Bu vaxtilə doğru idi, amma indi doğru deyil. İndi bura tamamilə başqa Amerikadır. Burada hansısa erməni diasporunun, hansısa digər diasporların nə düşündüyü heç kimə maraqlı deyil.
Əlbəttə, yəhudi diasporu istisna olmaqla. Aydındır ki, yəhudi diasporu ən güclü diaspordur və əslində onun nümayəndələri bizim xarici siyasətimizə rəhbərlik edirlər. Bunu Rusiya və Yaxın Şərqə münasibətdə də görmək olar. Hər şey yəhudi lobbisinin maraqlarına uyğundur. Amma bunu başa düşmək olar. Çünki onların hakimiyyətdə öz adamları var. Bütün ən mühüm hakimiyyət orqanlarında onların öz adamları var. Ermənilərdə bu yoxdur. Kimsə mənim yanıldığımı düşünürsə, Amerika hökumətində yüksək vəzifəli erməni soyadlı məmurun adını çəksin. Mən belə birini tanımıram.
İndi biz fərqli Amerika görürük, bu, tamamilə açıq imperiyadır. Buranın demokratik ölkə olması uydurmadır. İndi artıq hər şey aydındır. Amma mən konkret olaraq Amerikanın Yaxın Şərq və Rusiya ilə bağlı xarici siyasətini nəzərdə tuturam.
ABŞ eyni anda bir çox ölkəyə qarşı açıq şəkildə müharibə aparır. Və onlar artıq Çinlə müharibəyə hazırlaşırlar. İmperiya siyasəti kursu var. Aydın bir plan var. Onlar bu planı həyata keçirməyə hazırlaşırlar. Və heç bir diaspor buna təsir edə bilməz. Yeganə sual onların nəyə ehtiyacı olub-olmamasıdadadır”, - ekspert bildirib.
O, deyir ki, tutalım, ABŞ anti-Azərbaycan siyasəti aparır. “Bu o demək deyil ki, bunun üçün erməni diasporu nəsə edib, nəyəsə təsir edib. Yox. Bu o deməkdir ki, belə siyasət Amerika imperiya elitası üçün faydalıdır.
Bu gün elitamız istəyir ki, bütün dünya ölkələri bizim təsirimizdə olsun, bizim xarici siyasət kursumuzla getsinlər. Bu o deməkdir ki, birinci yerdə anti-İran, anti-Rusiya siyasəti durur.
Bu, ən vacib şeydir. Əgər Azərbaycan anti-İran, anti-Rusiya siyasəti baxımından ABŞ-ni dəstəkləməyə hazırdırsa, o zaman ABŞ Azərbaycanla dost olacaq. Ancaq "dostluq" məcazidir, çünki ABŞ həqiqətdə heç kimlə dost deyil.
ABŞ imperiyadır. İmperiya yalnız gücü başa düşür, yalnız gücün dilini bilir. Azərbaycan kimi ölkələrin isə iki variantı var - ya ABŞ qarşısında diz çökmək, ya da ABŞ silahının nişangahında olmaq. Başqa yol yoxdur.
Eyni zamanda, Azərbaycan bu gün Amerika elitası üçün ən strateji məkanlardan biridir. Çünki bura bizim elitanın ən qatı düşmənləri olan İranla Rusiya arasında yerləşir.
ABŞ-nin Mərkəzi Asiya ölkələrinə nəzarəti ələ keçirmək kimi ambisiyası, məqsədi var. Və bu baxımdan Azərbaycan həqiqətən çox önəmlidir.
Foreign policy elite var - xarici siyasət elitamız. Və prezidentin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Bizim siyasətimizə onlar rəhbərlik edəcəklər.
Keçmişə nəzər salsanız, görə bilərsiniz ki, prezidentin kim və hansı müddətə olmasından asılı olmayaraq, xarici siyasətimiz çox az dəyişir. Bu, xüsusilə son 35 ildə özünü göstərir. Məsələn, Rusiyaya münasibətdə, Yaxın Şərqə münasibətdə.
Amerika siyasəti az dəyişir. Və əgər dəyişirsə, demək yalnız ona görədir ki, haradasa məğlubiyyət olub. Məsələn İraq və Əfqanıstandakı uğursuzluq kimi. Aydın məsələdir ki, orada yeni siyasət ortaya qoymalıdırlar.
Amma, məsələn, elə bir prezident yoxdur ki, “biz Yaxın Şərqi tamamilə tərk edirik” desin.
Biz dinc yol tutacağıq, daha müharibələrə başlamayacağıq kimi vədlər var. Amma 35 ildir, bu baş vermir. Tramp söz verir, amma yerinə yetirmir. O da belədir, o da dərin dövlətin (deep state) nəzarətindədir. Aydındır ki, o, artıq onlarla razılığa gəlib.
Yeri gəlmişkən, bu barədə bir məqalə yazmışam. Düşünürəm ki, tezliklə dərc olunacaq. Orada söhbət Trampın dərin dövlətlə necə sövdələşməsindən gedir.
İndi o və ailəsi sui-qəsd cəhdləri olmadan az-çox sakit yaşamağa davam edə bilər. Çünki Tramp imperiya siyasətini davam etdirəcək.
Aydındır ki, İlon Mask və Donald Tramp arasında olan dostluq dərin dövlətlə sövdələşmədir. İlon Musk dərin dövlətdir. Əsl dərin dövlət. O, dərin dövlətin yeni nəslidir.
Niyə belə düşünürəm? Çünki o, hər il 3 milyard dollarlıq dövlət sifarişi alır. Əsasən Pentaqondan və kəşfiyyat xidmətlərindən. Ukraynaya kömək edir.
Bilirəm ki, o, müharibəni bitirmək lazım olduğu, Ukraynada sülhə nail olmalıyıq deyə danışır. Amma bunların hamısı yalandır, hamısı teatrdır, boşboğazlıqdır.
Biz onlara sözlərinə görə deyil, əməllərinə görə qiymət verəcəyik. Bu qədim hikmətdir.
Mask Trampdan aralanmır, onlar əkiz qardaş kimidirlər. ABŞ-da bunu necə adlandırdıqlarını bilirsiniz? Birinci dost. O, sadəcə olaraq Trampı tam nəzarət altına alıb. Mən İlon Maskı dərin dövlətin yeni nəslinin yeni rəhbəri kimi görürəm.
Bu insanlar çox ağıllı, çox zəngindirlər, böyük ambisiyaları var. Maskın yaxın 100 il ərzində qüdrətli ABŞ ilə bağlı baxışı var. Çox ciddi insandır.
Hakimiyyəti yeni nəsillər ələ keçirib.
Tramp isə onlara, imperiya korpusuna tabe olacaq. Bu, bizim növbəti 4 ildəki siyasətimizdir – imperiya siyasəti.
Azərbaycana gəlincə, əsas odur ki, o, digər ölkələr kimi anti-İran, anti-Rusiya koalisiyasına qoşulmağa razı olsun. Azərbaycan coğrafiyası baxımından bu məsələdə strateji rol oynayır”, - Varoli bildirib.
Rauf Orucov