Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda vaksinasiya problemli gedir

Martın 24-də açıqlanan rəsmi məlumata görə, Azərbaycanda COVİD-19-a qarşı peyvənd olunanların sayı 500 min nəfəri keçib. Gündəlik peyvənd olunanların sayı 18-20 min ətrafında dəyişir. Ekspertlər tempin aşağı olduğunu bildirirlər. Yanvarın 18-dən başlanan proses hələ ki az sayda insanı əhatə edib, bu da səhiyyə qurumlarını ictimai qınaq hədəfinə çevirib.

Amma vaksinasiya prosesində problemlər bununla bitmir. Peyvənd vurulmasının təşkili, xüsusən bu zaman əyalətlərdə üzə çıxan çatışmazlıqlar, maarifləndirmə işinin düzgün qurulmaması da narazılıq yaradır. Məsələn, tanınmış jurnalist Nailə Balayeva peyvənd olunarkən üzləşdiyi problemi ictimailəşdirib. Jurnalist yazır:

Bu gün yoldaşımla bərabər həm cəmiyyət, həm də özümüz qarşısında borcumuzu vermək üçün vaksinasiya olunmaq qərarına gəldik. Operativ Qərargahın qoyduğu təlimata uyğun olaraq qeydiyyatdan keçdik və saat 10.00-11.00 arası sistemdə yer aldıq. Amma poliklinikanın qarşısına gələndə artıq heç də hər şeyin rahat olmayacağı bəlli oldu. Poliklinikanın istər içi, istərsə də peyvənd otağının qarşısı adamlarla dolu idi. İçəri keçib qapıda duran xanıma məramımızı bildirəndə birimizə 48, digərimizə isə növbədə 49-cu olmağımızla bağlı əzik bir kağız parçası təqdim etdi. Əziklikdən bilinirdi ki, bu kağız parçaları artıq bir neçə gündür dövriyyədədir. “Bəs, bizi sistemdən yoxlamadınız” sualına cavabında həmin xanım bildirdi ki, sən demə sistem filan boş şeydir. Hərəyə bir əzik kağız parçası verib, canlı növbəyə düzürlər. Hətta sistemdə qeydiyyatdan keçməsəniz belə, 16 saylı poliklinikada sizi peyvənd edəcəklər. “Yaxşı, bəs necə bilirsiz ki, adamın yaşı peyvəndə düşür, ya yox” sualına cavabında isə qapıda duran xanım dedi ki, nədir, deyirsiz adamın üzünə baxanda yaşını təyin edə bilməyəcəm? “Lənət şeytana” deyib, 1 saat növbədə dayandıq. Ən əsas biabırçılıq isə sən demə qabaqda imiş. Vaksin dozalarını vətəndaşların yanında şprisə doldurmaq əvəzinə 16 saylı poliklinikanın peyvənd otağının tibb bacısı qıraqda doldurulmuş hazır şprislə otağa daxil olaraq peyvənd vurdu. Bunun səbəbini soruşanda isə üzümə durdu ki, bəs yalandır, yanınızda açmışam. Vaksin, ya adi su vurulduğuna, bu zaman yeni açılmış və ya ikinci əl şprisdən istifadə olunduğuna əmin deyiləm. Əgər vaksin dozası yanımda açılmayıbsa, həmin dozanın necə və hansı məqsədlə işlədiləcəyi də şübhə yaradır. Bir sözlə, peyvənd vurma məcaramız sözün əsl mənasında biabırçı bir məyusluqla bitdi...

Həkim, farmakoloq Müşfiq Hüseynov “Press Klub”a bildirdi ki, vaksinasiya prosesi ilk gündən düzgün aparılmayıb. Onun sözlərinə görə, ilk növbədə peyvəndin vacibliyi haqqında cəmiyyətdə maarifləndirmə işi zəif olub:

“Yenə ağılagəlməz konspirasiyalar baş alıb gedir. Əhalinin bir hissəsi vaksin vurdurmaqdan imtina etdi. Hələ indi, vaksinasiya prosesinin başlanmasından 2 ay sonra, radioda və telekanallarda ictimai reklam gedir. Bu kampaniyaya ilk gündən başlamaq lazım idi”.

Hüseynov növbəti problem kimi əhalinin peyvənd olunduğu poliklinikaların azlığını qeyd etdi:

“Təxminən 4 milyon insanın yaşadığı Bakıda az sayda poliklinika bu işə cəlb olunub. Oralardakı vəziyyət hamımıza məlumdur. Peyvənd üçün saatlarla gözləmək lazımdır, kadrların professional səviyyəsi isə ürəkaçan deyil. Özəl klinikaları bu işə cəlb etmək olardımı? Niyə də yox, hətta məsələn, stadionlarda, səyyar maşınlarda məhəllələrdə də kütləvi şəkildə vaksinasiya keçirilə bilərdi. Bunun üçün ölkəyə yetərli sayda vaksin gəldimi? Bu haqda nəsə demək çətindir. Açıqlanan rəqəmlər vaksin alınmasında sıxıntıların olduğunu göstərir”.

Həkim nöqsanlara görə yalnız TƏBİB və Operativ Qərərgahı günahlandırmağı düzgün saymır:

“Beynəlxalq qurumlar da bəzi anlaşılmaz qərarlar verdilər. İnsani, irqi, dini və mental ayrı-seçkilik olur. Bununla belə, Azərbaycan Rusiyadan sonra keçmiş sosialist ölkələri arasında ən çox peyvəndləmə aparılan ölkədir. Yəni hər şey sanıldığı qədər də pis deyil. Təbii, istərdik ki, İsrail kimi iqtisadi və tibbi gücü olan ölkə olaq və 2 aya prosesi bitirək. Amma reallıq başqadır”.

Professor Adil Qeybulla da “Press Klub”a bildirdi ki, vaksinasiya işinin təşkilində xeyli qüsurlar var:

“Bəli, bu iş yaxşı təşkil olunmayıb. Məsələ ondan ibarətdir ki, bütün tibb müəssisələri, yaxud vaksinasiya üçün nəzərdə tutulmuş yerlər açıq olmalıdır. Peyvənd olunmaq istəyən şəxslər də yaşayış yerindən, işindən asılı olmayaraq, gedib orada peyvəndlənməli idilər”.

Həkimin sözlərinə görə, peyvənd olunan şəxs portala qeydiyyata düşür və orada peyvənd olunduğuna dair müvafiq qeyd aparılır. Beləliklə, vətəndaşın bu şəraitdən sui-istifadə etmək imkanı yaranmır:

“Məsələn, ABŞ-da bu cür təşkil olunub, kütləvi vaksinasiyanın yolu da budur. Bəzən insanlar heç bilmirlər ki, harada vaksin olunmalıdırlar, ona hansı qurum xəbər göndərəcək. Bəzi vətəndaşların isə yaşadığı ünvan bilinmir, çünki kütləvi miqrasiya durumundadırlar. Bu işin operativ təşkili üçün bəzi məsələlər yenidən işlənməlidir. Əyalətlərdə də bu proses olduqca ləng edir. Açıqlanan rəqəmlər bunu göstərir”.

Turqut