Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda kitab sektoru: rus dilinin ekspansiyası

Müəllif: Rafiq İsmayılov,
“Altunkitab” nəşriyyatının direktoru

(Müəllifin “Niyə oxumuruq” başlıqlı məqaləsi Azərbaycanda oxucu probleminə həsr olunmuş və auditoriyada böyük maraq doğurmuşdu. Burada isə tanınmış naşir birinci yazısında vəd etdiyi kimi, ölkədə kitab biznesi böhranından çıxış yolları göstərir – RED.)  

...Qarşımda Bakıdakı kitab mağazalarından birinin təqdim etdiyi statistika var:

Son iki ildə mağazaya daxil olmuş kitab çeşidi (bədii və elmi-kütləvi kitablar adlar üzrə):

  • Azərbaycan dilində: 1634 adda
  • rus dilində: 7320 adda
Hazırda mağazada olan kitab çeşidi:
  • Azərbaycan dilində: 1124 adda
  • rus dilində: 3470 adda
2020-ci ilin 1-ci rübündə satılan kitabların sayı:
  • Azərbaycan dilində: 672 ədəd
  • rus dilində: 1568 ədəd

Bu statistikanın təhlilini oxucunun öz öhdəsinə buraxıram. Amma həmin göstəricilərin müstəqilliyimizin az qala 30-cü ilinə təsadüf etdiyini fikirləşəndə dəhşətə gəlirsən. Məncə, sovet dönəmində vəziyyət daha yaxşı idi.

Tez-tez valideynləri qınayırıq ki, uşaqları niyə rus dilində oxudurlar. Gəlin, eksperiment aparaq. Azərbaycan və rus bölmələrində təhsil alan eyni səviyyəli şagirdlərə, məsələn, “Dünya tarixində üç möhtəşəm ixtira” mövzusunda layihə-araşdırma tapşırığı verək. Görək, kimin təqdimatı daha maraqlı və məlumatlarla zəngin olacaq. Cavab məlumdur, əsaslandırması da var: Azərbaycan dilində bir çox mövzularda ədəbiyyat və başqa mötəbər mənbələr tapmaq müşkül məsələdir.

Nə qədər ki milli dildə az kitab buraxılır, təkcə kitab sektorunda deyil, elm, təhsil və sosial sahədə də xarici dillərin ekspansiyası güclü olacaq. Ortaya Çernışevskinin klassik sualı çıxır: NƏ ETMƏLİ?

Problem xalqın və dilin müqəddəratı ilə bağlı olduğundan bu haqda ilk növbədə dövlət adamları düşünməlidirlər - əlbəttə, əgər məsələ onlar üçün maraqlıdırsa. “Dil millətin varlığıdır”, “Dilimizi sevməli və qorumalıyıq” kimi şüarlarla problemi həll etmək olmur. Bu məsələdə, nəhayət, emosiya öz yerini rasionallığa verməlidir.

Dövlət siyasəti və kitab biznesi:

Kitab sərgisi mövcud kitab sektorunun güzgüsüdür. Azərbaycanda Mədəniyyət Nazirliyi iki ildən bir kitab sərgisi keçirir. (Niyə hər il yox?!) Onu Frankfurt, London, İstanbul kitab sərgiləri ilə müqayisə etməyi ağlıma belə gətirmirəm; əhalisinin sayı bizdən iki dəfə az olan Gürcüstanda hər il keçirilən Tbilisi sərgisi ilə müqayisə etmək istəyirəm. 21 il əvvəl orada Azərbaycanı təmsil etmişdim. Sərgiyə o vaxtkı dövlət başçısı Eduard Şevardnadze gəlmişdi. Hələ o zaman Tbilisi kitab sərgisi təmsil olunan naşirlərin sayına və sanbalına, nümayiş etdirilən kitabların çeşidinə görə bugünkü Bakı sərgisindən xeyli möhtəşəm idi.

Bu qədər az kitab nəşr olunan ölkədə kitab satışından gələn gəlir və dövlətə ödənilən vergi də böyük deyil. Neft-qaz ölkəsinin bu vergiyə beləmi ehtiyacı var? SSRİ dağıldıqdan sonra bir sıra respublikalarda (Pribaltika respublikaları, Ukrayna, Gürcüstan) milli dildə kitabların nəşri, idxalı və satışına vergilər (bəzilərində əlavə dəyər vergisi, bəzilərində isə hətta mənfəətdən vergi və gömrük rüsumu) ləğv edildi. Azərbaycanda isə 30 il ərzində müstəqil dövlətimiz naşirlərə heç olmasa, bir neçə illik vergi möhləti də vermədi. Nəticə göz qabağındadır: bu gün bizim min nüsxədə nəşr edib, iki il ərzində satdığımız kitab Gürcüstanda hər il 15-20 min tirajla çap olunur.

Problem yalnız vergidə deyil. Bu gün kitab sektorunda qapalı dairə yaranıb: Azərbaycan dilində oxuculuq səviyyəsi aşağıdır, ona görə də nəşriyyatlar müflis vəziyyətindədir. Güclə ayaq üstə duran naşirlər əhaliyə müasir, keyfiyyətli kitab çeşidi təklif edə bilmirlər, ona görə də azərbaycandilli oxucunu itirirlər. Deməli, dövlət səviyyəsində elə layihələr həyata keçirilməlidir ki, istehlakçını stimullaşdırsın və bu stimullar nəşriyyat sektorunu hərəkətə gətirsin.

Bir neçə il əvvəl Tehran kitab sərgisində olmuş həmkarlarım İran hökumətinin həyata keçirdiyi maraqlı layihə haqqında danışmışdılar. Sərgi ərəfəsində hökumət yaxşı oxuyan şagirdlərə bonus kimi xüsusi qiymətli kağızlar paylayırdı. Şagirdlər bu bonusdan yalnız sərgidə kitab almaq üçün istifadə edə bilərdilər. Beləliklə, hökumət bir güllə ilə iki dovşan vururdu: uşaqları oxumağa həvəsləndirir, həm də ölkədə kitab sektoruna dolayısı yolla dəstək göstərirdi...

2016-cı ildə Şotlandiyanın baş naziri Nikola Stercen öz ölkəsində maraqlı bir qiraət fleşmobuna start verdi. Orta məktəb şagirdlərinə 100 kitabdan ibarət siyahı təqdim olundu. Bir il ərzində bu kitabların hamısını oxuyan şagirdləri xüsusi mükafat gözləyirdi. Sözsüz ki, onlar kitabları oxuduqlarını sübut etməli idilər. Aksiyaya minlərlə şagird qoşuldu. Baş nazir şəxsən fleşmobun keçirilməsində iştirak edirdi...

Türkiyədə Təhsil Nazirliyi orta məktəb şagirdlərinin oxumalı olduğu 100 vacib əsərin siyahısını elan edib. Naşirlər bu əsərləri müxtəlif yaş qrupları üçün müvafiq həcmdə adaptasiya edirlər. Məqbul sayılan kitablar nazirliyin “100 təməl əsər” loqosu ilə nəşr olunur. Kitabın üzərində bu loqonu görən valideyn və şagirdlər onu həvəslə alırlar...

Bu cür kreativ layihələri hazırlamaq və həyata keçirmək dövlət büdcəsindən böyük vəsait tələb etmir. Bunun üçün sadəcə, istək lazımdır.

Kitabı ərsəyə gətirən nəşriyyat, onu çoxaldan isə mətbəədir. Klassik anlamda nəşriyyat oxucu tələbatını öyrənən, müəlliflərlə işbirliyinə girərək kitabların maketini hazırlayan, onu mətbəədə çoxaldan və satışını təşkil edən biznes qurumudur.

Uzun illər davam edən biganə münasibət nəticəsində Azərbaycanda kitab nəşri biznesi tənəzzülə uğrayıb. Nəşriyyatlar maliyyə qıtlığı səbəbindən peşəkar redaktor, dizayner və rəssamları işə cəlb edə bilmirlər. Layiq olduqları qonorarları ala bilməyən müəlliflər nəşriyyatlardan yan keçərək birbaşa mətbəələrə üz tuturlar. Bu isə kitabların dil-üslüb, məzmun və dizayn baxımından keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə Azərbaycan oxucusunun öz ana dilində olan kitaba etibarı azalır; hər hansı əcnəbi yazıçının əsərini oxumaq üçün onun rus, türk və ya ingilis nəşrinə üstünlük verilir.

Tarix boyu bir çox dillər (onun arxasınca isə xalqlar) millətin passionarlığını itirməsi və başqa dillərin ekspansiyası nəticəsində dünyada tutduğu mövqeyi itirib, bəziləri hətta Yer üzündən silinib. Bizi də belə təhlükə gözlədiyini iddia etmirəm, amma demək istəyirəm ki, onunla üzləşməmək üçün “Dil millətin varlığıdır” fikrinə şüar kimi yox, daim rasional yanaşmaq lazımdır.