
Azərbaycanda daha bir virus dəhşəti
Sürətlə yayılan, dərmanların gücü çatmayan qripdən necə qorunmalı?
18 Yanvar 2024
“1 aydır öskürək, qarın, boğaz və baş ağrısı, halsızlıq çıxmır canımdan. Nə qədər müalicə aldım. İçmədiyim dərman qalmadı. Sistem də öz yerində. Hələ immunitet qazandıran meyvə-tərəvəzlər də yeyirəm, amma nə çarə... Keçmir ki, keçmir. İmmunitetim həmişə güclü olub. Heç vaxt xəstələnməmişəm. Hətta koronavirusa belə yoluxmamışdım. Bu nədirsə, kiçikdən böyüyə heç kəsdən yan keçmir. Artıq mübarizəni dayandırdım. Gözləyirəm, görüm bu bəladan nə vaxt qurtulacam...”
Bir aydır qripdən əziyyət çəkən Bakı sakini Zümrüd Quliyeva old.pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, heç bir müalicə bu xəstəliyi sağalda bilmir.
Son zamanlarda ölkədə ağır qrip virusu yayılıb. İnsanların sağlamlığına ciddi zərbə vuran bu xəstəlik “dəvətsiz qonaq” kimi gəlib, getmək də bilmir. Heç bir müəlicənin, dərmanın, sistemin onu dayandırmağa gücü çatmır.
Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri, infeksionist Ləman Qalimova xəstəliklə bağlı old.pressklub.az-a danışıb. O, deyir ki, xəstəlikdən qorunmaq üçün peyvəndləmə, fərdi qoruyucu vasitələr və sosial məsafə əhəmiyyətlidir.
Müsahibimiz bildirib ki, bu müddətdə insanların etdiyi ən böyük səhv evdə özbaşına antibiotik qəbul etmələridir: “Xəstəliyin bakterial olub-olmadığını bilmədən, hətta bakterial olsa belə, ona təsir edəcəyini bilib-bilmədən antibiotik qəbul edirlər. Bu da immun sistemini zəiflədir, xəstəliyi daha da ağırlaşdırır”.
İnfeksionistin sözlərinə görə, bu xəstəlik mövsümidir. Hər il olduğu kimi bu il də var. İnsanlara xəstəlikdən qorunmaq üçün mövsümi qrip peyvəndlərini vurdurmaları tövsiyə olunur: “Peyvənd olunanlar isə qidalanmaya fikir versinlər, xəstə insanlarla ünsiyyət qurarkən maskadan istifadə etsinlər. Bir də sosial məsafəni qorusunlar”.
Qalimova sonda valideynlərə tövsiyə edib ki, xəstə uşaqları məktəbə göndərməsinlər, yoluxma artmasın. Ümumiyyətlə, yoluxmanın artmaması üçün insanlar xəstəliyin kəskin dönəmində məcbur olmadıqca evdən çıxmasınlar. Bundan əlavə, təmiz havada gəzmək və qidalanmaya diqqətli yanaşmaq lazımdır. İmmunitet gücləndirici vitaminli qidalar və bol su qəbul etmək lazımdır.
Bu, elə bəladır ki, immuniteti çox güclü olanların belə ona gücü çatmır. Hətta koronavirus kimi öldürücü virusa yoluxmayan insanlar bu qripə yoluxur, ən ağır şəkildə xəstəliklə mübarizə aparırlar.
Xəstəlik o qədər ağırdır ki, insanlar bunun koronavirus kimi dəhşətli infeksion xəstəliyi olduğunu düşünür. Maraqlısı da budur ki, sözügedən xəstəlik təkcə Azərbaycanda yox, digər ölkələrdə də yayılıb. Qardaş ölkə Türkiyə də bu siyahıya daxildir. Nə olduğu, niyə sürətlə yayıldığı bilinməyən xəstəlik kiçikdən böyüyə hər kəsin həyatının mərkəzində özünə taxt qurub. Onu devirmək isə belə görünür, asan deyil.
İnsanlar əlindən gələni etsə də bu mübarizədə qalib gələ bilmirlər. Ciblərindəki pulu dərmana tökürlər, amma o dərmanlar bəlkə də dərdlərinin əlacı deyil. Müsahibimiz Ləman Qalimovanın dediyi kimi, xəstəliyin bakterial olub-olmadığını bilmədən yanlış dərmanlarla özbaşına müalicə almaq nəinki sağalmaq, əksinə, daha da immunitetin zəifləməsi ilə nəticələnir. Yəni, qaş düzəldən yerdə, gözü vurub çıxardırlar. Ona görə də mübarizədə məğlub olurlar. Bu məsələyə diqqətli yanaşmaq, həkim nəzarəti ilə müalicə almaq lazımdır.
Həkimlərin sözlərindən məlum oldu ki, “can şirin şeydir” deməklə olmur. Cana baxmaq, uşaq kimi onun nazı ilə oynamaq lazımdır. Məlumatsız və həkim tövsiyəsi olmadan, əlimizə keçən dərmanı qəbul etməyimiz daha böyük zərərlə nəticələnə bilər. Və yalnız dərmanla sağalmağı düşünməməli, meyvə-tərəvəzlə qidalanmalı, zərərli qidalardan uzaq durmalı, həmçinin çox soyuq havalardan qorunmalıyıq.
Unutmayaq ki, sağlamlıq ən böyük sərvətdir!
Günay Elşən