Azərbaycan və Ermənistan arasında ilk dəfə...
Razılaşdırılmış sənəd Konstitusiya Məhkəməsinin və parlamentlərin təsdiqindən keçəcək
31 Avqust 2024
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Qeyd olunur ki, hər iki ölkə artıq dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Ermənistanın Baş nazirlik aparatından verilən məlumatına görə, sərhədlərin demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə, öhdəliklərin Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün ratifikasiya proseduru çərçivəsində Konstitusiya Məhkəməsinə (KM) göndəriləcək. KM-nin mövqeyi müsbət olarsa, sənəd artıq ratifikasiya üçün parlamentə təqdim olunacaq.
Qeyd olunur ki, tənzimləmə sənədlərinin əsli diplomatik kanallar vasitəsilə dəyişdirilərək imzalanıb, gələn bazar ertəsi dərc olunacaq. “Sənədin sonradan dərci hər iki ölkədə proseslərin mümkün qədər sinxronlaşdırılması zərurəti ilə bağlıdır”, - məlumatda deyilir.
Xatırladaq ki, Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, delimitasiya prinsiplərini müəyyən edən sənəd iyulun 1-dək razılaşdırılmalı idi. Baş nazirlik aparatının təqdimatına görə, əslində danışıqların yekunlaşdırılması və layihənin imzalanması üçün bir az daha çox vaxt lazım olub.
Əsasnamə təsdiq edildikdən sonra Bakı və İrəvan qrafiki razılaşdırmalı və sərhədin qalan bütün hissələrinin demarkasiyası prosesini davam etdirməlidir.
Aprelin 19-da Bakı və İrəvan bəyan etmişdilər ki, Tavuş-Qazax sərhədinin bəzi hissələrini “Sovet İttifaqının dağılması zamanı mövcud olan respublikalararası sərhəd”lə uzlaşdırmaq barədə ilkin razılığa gəliblər. Yepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazlara paralel olaraq aparılan qismən sərhəd demarkasiyası ilə 12 km uzunluğunda yeni sərhəd çəkilib, işğal altında olan ərazilər Azərbaycana qaytarılıb.
Maraqlıdır, sərhədlərin dəqiqləşdirilməsi prosesi bundan sonra hansı prinsiplər əsasında aparılacaq? Ermənistan 1000 km-dən artıq ümumi sərhədlərin ancaq sovet dövrünün inzibati xəritələri əsasında müəyyən edilməsini istəyir. Rəsmi Bakının mövqeyi isə fərqlidir. Azərbaycan hesab edir ki, sərhədlərin bir çox hissələrində individual yanaşmalar tətbiq olunmalı, o cümlədən prosesə tarixi ərazilər nöqteyi-nəzərindən yanaşmalar vacibdir. Bu kontekstdə, Azərbaycan 1975-ci ildə çəkilmiş xəritələrr və ya Almatı Bəyannaməsi çərçivəsində delimitasiya və demarkasiya prosesinin aparılmasını istəmir. Ermənistanın Baş nazirlik aparatı isə bu barədə yeni mövqeyinin olub-olmadığını açıqlamaqdan imtina edib.
Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, imzalanmış sənədin məzmunu hələ ki, məlum deyil, Baş nazirlik onu gələn bazar ertəsi dərc edəcəyini vəd edir. Bu gecikmə hər iki ölkədə proseslərin mümkün qədər sinxronlaşdırılması zərurəti ilə izah olunur. Ekspert deyir ki, hansı prosesin əsas götürüləcəyi barədə Ermənistanın təklifini o zaman öyrənmək mümkün olacaq.
F.Məmmədov Ermənistan XİN-in bu razılaşmaya verdiyi şərhi xatırladıb:
“Nazirik belə şərh verib ki, bu sənəd ratifikasiya üçün Ermənistan parlamentinə gedəcək, oradan Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Daha sonra parlament bu barədə qərar verəcək. Demək olar ki, bu yanaşma özünə görə tarixi məqamdır. Çünki ikitərəfli münasibətlərdə ilk dəfədir ki, hökumətlərarası sənəd ölkə parlamentlərinə ratifikasiya üçün göndərilir. Və ilk dəfədir ki, Konstitusiya Məhkəməsi o sənədin konstitusiyaya uyğunluğuna baxacaq”.
F.Məmmədov deyir ki, bu sənədin iki cür əhəmiyyəti var: “Birincisi, sənədin sərhədlə bağlı fəaliyyətin çərçivəyə salınması qaydalarını müəyyən etməsidir. İkincisi, prosedur müəyyən edilir, parlament və Konstitusiya Məhkəməsi bu prosesə qoşulur”.
Qeyd edək ki, Azərbaycan da eyni qaydada Ermənistanla razılaşdırılan Əsasnaməni Milli Məclisin təsdiqinə verməli, parlament də onun Konstitusiyaya uyğunluğuna rəy vermək üçün Konstitusiya məhkəməsinə göndərməlidir. Amma 1 sentyabrda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək və seçki prosesi tam başa çatıb VII çağırış parlament formalaşdırıldıqdan sonra bu məsələyə baxa bilər. Bu müddət isə qanunla müəyyən olunur və sentyabr ayı ərazində mərhələli şəkildə həllini tapacaq. Oktyabrın 1-də isə Milli Məclisin yeni tərkibdə payız sessiyası başlayacaq. Çox güman, yeni heyətin ilk işi Azərbaycan və Ermənistan arasında ilk dəfə əldə olunmuş razılaşmanın təsdiq etmək olacaq.
Turqut