Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan üzərindən təhlükəli tranzit? 
“Cəhənnəmə yoldaş axtaranlar” Bakını qlobal təhlükəli oyuna qatmaq istəyirlər

Moskva Azərbaycan vasitəsilə Ermənistana, oradan isə İrana 300 MVt elektrik enerjisinin tədarük imkanını nəzərdən keçirir. Bunu Rusiya Energetika naziri Nikolay Şulqinov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Hazırda biz elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Ermənistana, oradan İrana və ola bilsin ki, başqa ölkələrə də çatdırılması imkanlarını nəzərdən keçiririk.

Birinci mərhələdə Tehran və Bakı ilə yeni tikinti aparmadan mövcud infrastrukturdan istifadə etmək barədə razılaşmağa çalışırıq”, - o deyib. Nazirin sözlərinə görə, bütün iştirakçılar layihədə maraqlıdır.

Azərbaycan tərəfi hələlik belə bir layihə barədə məlumat verməyib. Turan agentliyi qeyd edir ki, Azərbaycan və Ermənistan arasında enerji infrastrukturunun hazırda fəaliyyət göstərmədiyini nəzərə alsaq, tədarük marşrutunun necə olacağı da bəlli deyil.

Onu da əlavə etmək lazımdır ki, ümumilikdə bu bəyanatlar çoxlu suallar doğura bilər. Ermənistan və Azərbaycanın elektrik şəbəkələri arasında əlaqə yaratmaq ideyası haradan ortaya çıxıb? Hazırda ölkələr arasında münasibətlər elədir ki, bu cür ikinci dərəcəli məsələlər haqqında düşünmək hələ çox tezdir. Biz hələ heç sülh razılaşmasına nail ola bilmirik. Amma görünür, hansısa səbəbdən Moskvaya belə bir əlaqə lazımdır, əks halda nazir Şulqinov çətin ki bu barədə danışardı. Hələlik bir şey aydındır - Kreml öz elektrik enerjisini harasa satmaq üçün imkanlar axtarır. Yəni, bu layihənin cənuba istiqamətləndiyini nəzərə alsaq, Asiya və Afrikadakı bəzi üçüncü dünya ölkələrində sabit valyutada şəklində yeni gəlir mənbələri tapmaq istəyir. 

Bəs burada Azərbaycan üçün hansısa fayda varmı? Maliyyə baxımından ola bilər - tranzit xidmətləri müqabilində. Amma bunun əvəzində qat-qat ağır bədəl ödəmək lazım gəlməyəcək? Unutmaq lazım deyil ki, Şulqinov dünyanın böyük əksəriyyətinin hərbi cinayətkar saydığı şəxsin başçılıq etdiyi, dünya ictimaiyyətinin kütləvi sanksiyalarına məruz qalan işğalçı ölkənin hakimiyyətini təmsil edir. Ukraynaya qarşı təcavüzü davam etdirmək üçün belə bir ölkəyə əlavə gəlir mənbələri əldə etməyə kömək etmək heç bir halda Azərbaycanın marağına uyğun gələ bilməz.

Bu layihənin o biri başında sanksiyaya məruz qalmış daha bir ölkə var - İran. Azərbaycanın bu ölkə ilə də problemləri başından aşır. Ümumiyyətlə, onlar niyə bizim dövlətimizi tranzit ölkə hesab edirlər? Doğrudan da Ermənistanı bu layihəyə cəlb etmək belə vacib olduğu üçün? Mümkündür ki, məhz buna görə. Belə olmasaydı, Azərbaycansız da keçinə bilərdilər. İrana eyni marşrutu Xəzərin o biri üzündən də çəkmək olar. Üstəlik, Qazaxıstan rəsmi olaraq Rusiya Federasiyası üçün dost dövlətdir, Kremlin yaratdığı Aİİ, Gömrük İttifaqı və KTMT kimi birliklərin üzvüdür. Türkmənistandakı diktatura rejimi isə ənənəvi olaraq öz dəstəyini və müdafiəsini Moskvada görür. Amma ümumilikdə, arzu etmək olar ki, Moskva və Tehrandakı hazırkı rejimlər dəyişməyincə nə onlar, nə də başqaları belə layihələrin həyata keçirilməsinə razılıq verməsinlər.

Press Klub