Azərbaycan üzərindəki “dəmir pərdə” nə vaxt götürüləcək?
Ekspert: Qeyri-peşəkarlıq və yerli işbazların korrupsiyalaşması hakimiyyətin ən yaxşı niyyətlərini puça çıxa bilər
04 Dekabr 2025
Deputat Qüdrət Həsənquliyev dekabrın 2-də Milli Məclisin plenar iclasında quru sərhədlərinin artıq açılmalı olduğunu bildirib.
“Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Buna görə də sərhədlər açılmalıdır ki, Gürcüstan və İranda yaşayan azərbaycanlılar rahat şəkildə öz vətənlərinə gələ bilsinlər”, – o qeyd edib.
Deputat Azərbaycana gələn turistlərin sayının azalmasının səbəblərinin araşdırılmasının vacibliyini də bildirib.
“Hökumət ötən illə müqayisədə turistlərin sayının azalmasından narahat olmalıdır. Əgər bu ilin 10 ayı ərzində ölkəmizi 2 milyon 171 min turist (ötən illə müqayisədə 1,7% az) ziyarət edibsə, Gürcüstanı 4 milyon 307 min turist ziyarət edib”, – o vurğulayıb.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan ilk növbədə ABŞ, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejiminin ləğv edilməsi üzərində işləməlidir.
“Həmçinin, turistlərin niyə Azərbaycana gəlməkdən imtina etmələrinin səbəblərini araşdırmaq lazımdır. Bu, bizdə xidmətlərin bahalığı ilə də bağlıdır. Aviabilet qiymətləri, ictimai iaşə müəssisələrində xidmətlər çox yüksəkdir. Azərbaycanda ucuz mehmanxanalar yoxdur. Bu, turistlərin sayına birbaşa təsir edir. Hesab etmirəm ki, beynəlxalq tədbirlərin keçirilməsi yolu ilə yerli hotelləri büdcə hesabına dəstəkləməliyik”, – deputat bildirib.
Xatırlatmaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatması ilə bağlı 2023-cü il mayın 5-də bəyanat yayıb. Azərbaycan vətəndaşları isə hələ də quru sərhədləri keçən zaman sərt tədbirlərlə üzləşirlər. Adi insanlar ölkədən quru yolla çıxa bilmirlər.
Azərbaycan hakimiyyəti bu ilin sentyabrın 22-də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin müddətini 2026-cı il yanvarın 1-nə kimi uzadıb. Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Maraqlıdır ki, Azərbaycanda pandemiya ilə bağlı tətbiq olunan bütün karantin məhdudiyyətləri – maska rejimi, xarici ölkə vətəndaşlarının ölkəyə girişi zamanı hava limanlarında, eləcə də böyük ticarət mərkəzlərinə, restoran və kafelərə, hotellərə girişlərdə kovid-pasport tələbi çoxdan ləğv edilib.
İnsanların əksəriyyətinin ölkədən çıxması mümkün deyil. Bu gün xaricə yalnız təyyarə ilə getmək mümkündür, aviabiletlərin qiymətləri isə həddindən artıq yüksəkdir. Bəs niyə azərbaycanlılar hətta dost və qonşu Gürcüstanı belə ziyarət edə, ora qatarla, avtobusla, yaxud şəxsi avtomobillə gedə bilməzlər? Burada əsl səbəb iqtisadi, yoxsa siyasidir?
Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov Pressklub.az-a açıqlamasında xatırladıb ki, sərhədlərin bağlanması pandemiya və milli təhlükəsizlik problemləri ilə izah edilirdi.

“Amma 2020-ci ilin 44 günlük müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı, Vaşinqtonda sülh razılaşması ilə bağlı bəyanatın imzalanması və qonşularla strateji tərəfdaşlıq sazişlərinin bağlanmasından sonra vəziyyət yumşalmalı idi. Ən azı, o dərəcəyə qədər ki, səlahiyyətli orqanlar öz şərəfli işlərini 10 milyon insanı qapalı şəkildə saxlamağa ehtiyac duymadan icra edə bilsinlər. Lakin belə görünür ki, təhlükəsizliyimizə cavabdeh olan məmurlar sovet dövrünün “Dəmir pərdə” variantını daha əlverişli hesab edirlər. Xatırladım ki, “Dəmir pərdə” variantı hətta belə eksperimentlər üçün daha əlverişli dövrlərdə də özünü doğrultmadı.
Ona görə də hesab edirəm ki, vətəndaşlarımızın Konstitusiyada nəzərdə tutulan sərbəst hərəkət hüququ əsassız şəkildə məhdudlaşdırılıb və bunu Milli Məclisdə müzakirə edərək, təcili aradan qaldırmaq lazımdır. Turizm sahəsinə isə xaricdən daha çox peşəkar cəlb edilməlidir – bu addım bir çox sahələrdə özünü doğrulur. Çünki qeyri-peşəkarlığın və yerli işbazların korrupsiyalaşması səbəbindən hakimiyyətin ən yaxşı niyyətləri puça çıxa bilər”, – ekspert bildirib.
O, sərhədlərin bağlı olmasının guya Azərbaycanın turizm biznesinə həlledici təsir göstərdiyi tezisini bir qədər mübahisəli hesab edir.
“Ölkəmizə gələn turistlərin yarıdan çoxu (54,3%-i) bizimlə həmsərhəd olan və sərhədlərimizin bağlı qalmasından ən çox əziyyət çəkən ölkələrin payına düşür: Rusiya vətəndaşları – 25,5%, Türkiyə – 16,9%, İran – 7,8%, Gürcüstan – 4,1%. Bunlar 2025-ci il 1 oktyabr tarixinə olan göstəricilərdir.
Qalan 45,7% isə bizimlə ümumiyyətlə sərhədi olmayan və Azərbaycana həmişə hava nəqliyyatı ilə gələn ölkələrin payına düşür. Bu kateqoriyaya daxil olan turistlərə sərhədlərin bağlı olub-olmaması heç bir təsir göstərməyib. Lakin qonşu ölkələrdən gələn turistlərin sayı azalıb.
Sərhədlərin bağlı qalması nəticəsində uzaq Hindistandan gələn qonaqların sayı (7,3%) artıq İrandan gələnlərin göstəricisinə yaxınlaşıb və demək olar ki, Gürcüstandan gələn turistlərin sayını iki dəfə üstələyib. Üstəlik, hindistanlı turistlər ölkəmizdə türklərlə təxminən eyni məbləğ – müvafiq olaraq 266 milyon və 260 milyon manat xərcləyiblər. Hər iki ölkədən gələn turistlərin sayının fərqli olduğunu nəzərə alsaq, bu o deməkdir ki, bir hindistanlı turist Azərbaycanda orta hesabla bir türk turistdən iki dəfə çox vəsait xərcləyib.
Azərbaycanda turizm sahəsinin vəziyyəti hələ pandemiyadan və sərhədlərin bağlanmasından əvvəl də normal deyildi. Həmin dövrdə də Gürcüstana Azərbaycana nisbətən daha çox xarici turist gedirdi. İndi isə sərhədlərin 5 il bağlı qalmasından sonra fərq ümumiyyətlə üçqat artıb.
Azərbaycanın turizm sahəsində Gürcüstandan geri qalmasının səbəbi hamıya məlumdur: bizdə bu sahəyə yanaşma bazar iqtisadiyyatı prinsiplərinə deyil, “bazar” düşüncəsinə əsaslanır. Bu sahədən qazanılan pullar biznesin inkişafına yatırılmır, sadəcə xərclənir. Dərhal və maksimum gəlir gətirməyən layihələr inkişaf etdirilmir. Bu sahədə rəqabəti sağlam adlandırmaq olmaz. Oligarxların əldə etdikləri vəsaitlərin şəffaf olmaması isə onları kapitalı ölkədən çıxarmağa məcbur edir.
Miqrasiya Xidmətinin əməkdaşının sentyabr ayında dərc olunan turizm biznesinin hekayəsi buna “gözəl” nümunə ola bilər. Həmin şəxsin Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində dəbdəbəli “London 1889” otelini 8,6 milyon dollara alması barədə məlumat yayılıb. Ona məxsus B-Pearl turizm şirkəti Mahindcauri sahilyanı rayonunda torpaq sahəsi də alıb və orada dəniz mənzərəli 11 mərtəbəli yaşayış binasının tikintisi planlaşdırılır. Həmin şəxsin Gürcüstanda və Birləşmiş Ərəb Əmirliklərində başqa daşınmaz əmlakının mövcud olduğu da iddia olunur. Əgər azərbaycanlı məmuru Azərbaycanda əldə etdiyi vəsaiti Gürcüstan turizminə yatırırsa, onda Azərbaycan bu sahənin sonuncu sıralarında qalmaqda davam edəcək.
Elə buna görə də, azərbaycanlıların çoxu dəniz, günəş və gəlir imkanlarına malik olmasına baxmayaraq, pandemiyadan əvvəl də istirahət üçün öz ölkəmizi deyil, məhz Gürcüstana üstünlük verirdilər. Çünki bizdə mehmanxanalar və kurortların qiymətləri Avropa səviyyəsinə çatıb.
Pandemiyadan əvvəlki 2019-cu ildə Gürcüstanı bizim ölkədən 1.471.558 turist ziyarət etmişdi. Buna görə də, sərhədlər qəfil açılsaydı, böyük ehtimalla Gürcüstanı 6 milyon yox, 7,5 milyon turist ziyarət edərdi”, – Zeynalov qeyd edir.
Rauf Orucov