Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan Ermənistana qaz satacaqmı?
İlham Şaban: “Sovet dövründə oynadığımız rolu bərpa edə bilərik”

Ermənistan Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra bu ölkədən qaz almağa hazırdır. "EurAsia Daily" nəşrinin yazdığına görə, bunu oktyabrın 26-da Tbilisidə "İpək Yolu" beynəlxalq forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.

"Münaqişə səbəbindən Azərbaycandan Ermənistana qazın və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın enerji sistemi üçün sarsıdıcı hadisə oldu, çünki o vaxt biz Azərbaycandan qaz alırdıq. Sonra biz qazı ölkəmizə çatdırmaq üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq", – Vardanyan vurğulayıb.

"Ümid edirəm, bizim regionda sülh bərqərar olacaq, biz, həmin vaxtlardakı kimi, əməkdaşlıq edə, energetika sistemlərimizi şaxələndirə biləcəyik", – nazir müavini əlavə edib.

Xatırladaq ki, hazırda Ermənistan Rusiya və İrandan qaz alır. Ermənistan qazın qarşılığında İrana elektrik enerjisi verir.

Ermənistandan ilk dəfə səslənən bu təklifə Azərbaycanın reaksiyası necə ola bilər? Perspektivdə, Gürcüstanı olduğu kimi, Ermənistanı da qaz və elektrik enerjisi ilə təmin edə bilərikmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban old.pressklub.az-a şərhində bildirib ki, iki ölkə arasında sülh müqaviləsi imzalansa, diplomatik əlaqələr bərpa olunsa, mümlkündür. Onun sözlərinə görə, 10 noyabr bəyanatında kommunikasiyaların bərpa olunması nəzərdə tutulur. “Bu, iqtisadi əlaqələrin bərpası deməkdir, onun bir qolu da enerji ticarətidir”, - ekspert əlavə edib. 

İ.Şaban qeyd edir ki, quru sərhədlərimiz olan ölkələrlə yanaşı, su vasitəsi ilə əlaqə saxladığımız dövlətlərlə də ticarət edib, bunun xeyrini görürüksə, Ermənistan bu məsələni gündəmə gətirib onu regional ticarət səviyyəsinə qaldırmaq istəyirsə, ondan niyə imtina etməliyik?

“Necə ki, Sovet dövründə Qafqaz ölkələrinin stabil enerji təminatçısı rolunu oynamışıq, bu rolu yenidən bərpa edə bilərik”, - iqtisadçı əlavə edib. 

İlham Şaban daha sonra Cənubi Qafqazın yaxın keçmişdəki enerji xəritəsi ilə bağlı maraqlı faktlar təqdim edib:

“Azərbaycan 1959-cu ilin dekabrından Gürcüstanın qaz təminatını həyata keçirməyə start verib. 1960-cı il fevralın 12-dən isə Ermənistan istehlakçıları Azərbaycanın Qaradağ qaz yatağından çıxan qazı yandırmağa başlayıblar. O zamandan Qazaxda həm Gürcüstana, həm də Ermənistana yönəlik kəmər işə başlayıb. 1976-cı ildən isə yeni kəmər çəkilib. Bu Kəmər Yevlax, Bərdə, Ağdam, Xankəndi, Laçın, Gorus, Şahbuz xətti ilə mavi yanacağın daşınmasını həyata keçirib. 1984-cü ildə bu magistral qaz kəməri daha 76 kilometr uzadılaraq, İrəvana qaz çatdırıb. Beləliklə, Cənubi Qafqazda həm Şimaldan, həm Cənubdan enerji həlqəsi yaranıb”. 

Mərkəz rəhbəri vurğulayıb ki, Zəngəzur enerji dəhlizi yaradılsa, Azərbaycan Qafqazın hər 3 ölkəsini əhatə etməklə istehlakçılara həm qaz, həm də elektrik enerjisini alternativ stabil xətlərlə çatdırmaq imkanı əldə edə bilər: “Gürcüstan artıq çox gözəl başa düşür, Ermənistan da başa düşməlidir ki, iqtisadi inkişaf üçün enerji ən  önəmli amildir, onun stabilliyi isə ikiqat önəmlidir. Ermənistan bunu anlamasa, öz işidir, biz öz malımızı kiməsə zorla təklif edə bilmərik”. 

Ermənistanın qaz bazarına gəldikdə, ekspert deyir ki, bu ölkə Rusiyadan illik 2-2.1 milyard kub metr qaz alır və bununla orada çox böyük önəm daşıyır. O, bildirir ki, Ermənistanda avtonəqliyyatın, xüsusən fərdi minik maşınlarının 75 faizi qazla işləyən mühərrikə malikdir. 

İlham Şaban deyir ki, Ermənistan İrandan ildə təxminən 400 milyon kubmetr qaz alır: “Bu qaz daxildə pərakəndə satış üçün nəzərdə tutulmayıb. Onun bir qismi elektrikə çevrilərək İrana qaytarılır, bir qismi də ölkədə qalır. Bu əməliyyat Razdan İstilik Elektrik Stansiyasında həyata keçirilir. Bu stansiyasının sahibi isə Rusiya Elektrik Şəbəkələri Şirkətidir”. 

İqtisadçı deyir ki, vaxtı ilə heç kim Azərbaycanın Gürcüstanın qaz bazarını Rusiyanın əlindən ala biləcəyinə inanmırdı. “Bu, elə-belə məsələ deyil. Çünki bizim qazımız rəqabətə davamlıdır. Bu bazarda artıq nə Rusiya, nə də İran bizimlə rəqabətə girəcək gücdə deyil. İran cənub yataqlarından Ermənistana öz qazını çatdırmaq üçün təqribən 1800 kilometr, Rusiya isə 3, 3.5 min kilometr məsafə qət edir. Azərbaycan üçün bu məsafə cəmi 500 kilometrdir. İkincisi, releyf baxımdan bu daşıma bizim üçün çox əlverişlidir”, - İ.Şaban vurğulayıb.    

Turqut