.jpg)
“Azərbaycan bu tələyə düşməyəcək”
Paşinyanın son addımları nədən xəbər verir?
10 May 2024
Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlərdə atdığı addımlar və səsləndirdiyi bəyanatlar regionda sülh və əməkdaşlıq imkanları baxımından fərqli rəylər yaradıb. Mayın 7-də keçirdiyi mətbuat konfransında noyabra qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, delimitasiya prosesinin Ermənistanın təhlükəsizliyi ilə bağlı olduğunu, Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirmək zərurətini dilə gətirdi. Bunu ardınca isə Moskvaya səfər etdi. Baş nazirin bu açıqlamaları hansı məqsədi daşıyır, qulağa xoş gələn bu təşəbbüslər əslində nəyə hesablanıb? Moskva səfəri Ermənistanın israrlı qərbyönlü siyasət kursuna korrektələr etməsi ilə bağlı ola bilərmi? Bu gün – mayın 10-da Almatıda iki ölkənin xarici işlər nazirlərinin görüşündə hansısa nailiyyət əldə oluna bilərmi?
Pressklub.az-ın suallarını siyası analitik Çingiz Məmmədov cavablandırıb.
O, deyir ki, Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər daha çox erməni auditoriyasına ünvanlanıb:
“Paşinyan 5 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdi. İndi isə reallıqla hesablaşmalı olub. Ümumiyyətlə, Ermənistanın maraqları Paşinyanı qeyri-populyar addımlar atmağa məcbur edir. Hazırda Ermənistanda əsas ictimai fikrin nədən ibarət olduğunu bilmirik. Çünki Ermənistan cəmiyyəti bir növ böhran vəziyyətindədir. 200-300 il ərzində yaradılan miflər, 30 il müddətində formalaşan “Ermənistanın məğlubiyyətləri artıq bitib” kimi fikirlər alt-üst olub və bu, onlarda psixoloji böhran yaradıb. Ona görə də Paşinyanın bütün çıxışları bu məsələyə köklənib”.
Müsahibimiz Almatı görüşünə arası kəsilmiş danışıqlar prosesinin bərpası, daha doğrusu, bərpasına cəhd kimi baxır. Və əmindir ki, Qazaxıstan bu görüşü Rusiya ilə razılaşdırıb: “Hətta ola bilsin, Çinin və Qərbin də razılığını alıb”.
Proseslərin xronikası da maraqlıdır. Paşinyan 7 noyabrda mətbuat konfransı keçirib məlum fikirləri söyləyir, 8 noyabrda Moskvaya səfər edir, 9 noyabr paradında iştirak etmir, nəhayət, mayın 10-da XİN rəhbərlərinin görüşü keçirilir. Çingiz Məmmədov hesab edir ki, bu, bir növ indiki durğunluq vəziyyətində prosesləri irəliyə aparmaq cəhdi sayıla bilər.
Müsahibimiz COP29-a qədər, hətta Amerikadakı prezident seçkilərinədək sülh müqaviləsinin imzalanmasına skeptik baxır və ehtiyatla yanaşır: “Çünki ortaya Azərbaycan tərəfindən 2 böyük və ədalətli tələb qoyulub. Birinci tələb Ermənistanın müstəqillik deklarasiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməsi, ikinci tələb isə Azərbaycanın iki hissəsi arasında, Naxçıvan və əsas hissə arasında Azərbaycan vətəndaşları və yükləri üçün Ermənistanın nəzarəti olmadan sərbəst keçidin olmasıdır. Son dövrdə ABŞ-nin əsas diqqəti Azərbaycan rəhbərinin öz tələblərini yumşaltmasına yönəlib. Mənə elə gəlir ki, rəsmi Bakı bu tələyə düşməyəcək. Azərbaycan 30 ildən çoxdur ki işğaldan, aqressiyadan əziyyət çəkib. İndi isə Qarabağa böyük bir vəsait ayırıb. Bizə zəmanət lazımdır ki, bir daha Ermənistan tərəfindən Azərbaycana qarşı belə iddialar və müharibə cəhdi olmayacaq”.
Paşinyanın Rusiyaya səfərinə gəldikdə, ekspert hesab edir ki, baş nazir Avrasiya İqtisadi Şurasının sessiyasında iştirakdan imtina edə bilməzdi: “Ermənistan istəyir ki, Rusiya ilə münasibətlərin verdiyi iqtisadi üstünlüklərdən istifadə etsin. Siyasi baxımdan isə Rusiyadan uzaq durmağa, qərbə üz tutmağa çalışır. Başadüşüləndir, amma nə dərəcədə uğurlu addımdır? Eyni anda bir neçə böhranı həll etmək çox çətin vəziyyət yaradır. Paşinyan sanki böhranların sayını artırır ki, həmin çoxlu böhranların içərisindən işıq gələn istiqaməti göstərsin, əhali onu dəstəkləsin və bunun hesabına həmin vəziyyətdən çıxsın” - deyə, Ç.Məmmədov bildirdi.
Mədinə Useynova