Logo
news content
User
Kateqoriyalar

Analitika

Avtobusların sayı azaldılacaq?
Sıxlığın aradan qaldırılması üçün yeni “həll yolu” tapılıb…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib ki, Bakının mərkəzinə gedən avtobusların sayı azaldılmalıdır. 

Sədrin sözlərinə görə, səfərlərin 13 faizində Bakının mərkəzindən tranzit kimi istifadə olunur. O, bildirib ki, səfərlərin əksəriyyəti Xırdalan, Binəqədi istiqamətindən Bakının mərkəzinədir. Eləcə də səfərlərin 50 faizi Xətai rayonundan Bakının mərkəzinə doğrudur: “Sıxlığın azaldılması üçün əsas çıxış yolu Bakının mərkəzinə gedən avtobusların sayının azaldılmasıdır”.

old.pressklub.az-ın Bakıda parklanma ödənişlərinin bahalığı ilə bağlı araşdırmasında aidiyyəti qurumlardan bildirilmişdi ki,  parklanmanın baha olması insanların ictimai nəqliyyata cəlb edilməsi üçündür. Yəni, insanlar şəhərin mərkəzində fərdi avtomobillərindən istifadə edərkən daha çox sıxlıq yaranır. Amma onlar kütləvi şəkildə avtobusdan istifadə etdikdə sıxlığın qarşısı, az da olsa, alınır. 

İndi isə deyilir ki, sıxlığın qarşısını almaq üçün avtobusların sayı azaldılmalıdır. Bu açıqlama xeyli suallar yaradıb. Fərdi avtomobillərdən istifadə etmək məsləhət görülmür, taksilərin qiyməti günbəgün artırılır, avtobusların sayını isə azaltmaq təklif olunur. Bəs əhali necə hərəkət etməlidir? Metroda sıxlıq barədə araşdırmamızda bu sahədəki vəziyyətin də gərgin olduğunu bildirmişdik. Belə olan halda, A.Rzayev nəyə əsaslanaraq bu təklifi səsləndirib? Həqiqətən avtobusların sayı azaldılacaqmı?

Məsələyə aydınlıq gətirməsi üçün ilk növbədə AYNA-nın mətbuat katibi Tural Oruca müraciət etsək də suallarımız cavabsız qaldı.

Mövzunu ekspertlərlə müzakirə etdik. Nəqliyyat eksperti Elməddin Muradlı old.pressklub.az-a açıqlamasında deyib ki, avtobusların sayının azaldılması inandırıcı deyil: “Çox güman, yanlış anlaşılma olub. Özüm o tədbirdə iştirak etmişəm, bu fikirlərin şahidi olmamışam”. 

Onun sözlərinə görə, məsələnin mahiyyəti avtobusların yox, marşrutların sayının azaldılması ilə bağlıdır. Bakıda 27 daşıyıcı şirkət, 180 marşrut fəaliyyət göstərir. Hər marşrutda 5, 10, 15... avtobus xəttə çıxır. Ümumilikdə 2 mindən artıq avtobus dövriyyədədir: “Bunların sayı isə kifayət qədər deyil. Biz AYNA-ya təklif etmişik və onlar da qəbul edir ki, Bakı şəhərinə ən azı 2600 avtobus lazımdır. Hazırda 500-600 avtobusa ehtiyac var. Hələ nəzərə alsaq ki, avtobus parkı yenilənməli, köhnələri yenilərlə əvəzlənməlidir. O zaman vəziyyət bir az da dəyişir”. 

Ekspert deyir ki, Anar bəyin sözünün mahiyyəti marşrutların sayının azaldılması, avtobusların sayına və intervalına nəzarətin artırılmasıdır. Yəni, bir xətt üzrə 5 marşruta aid avtobuslar hərəkət edərək, eyni istiqamətdə gedir. Nəticədə avtobuslar ya boş gedir, ya da eyni anda dayanacağa daxil olur. Sonra da kim tez çatdı yarışına çıxıb, əcaib mənzərə yaradırlar, insanların həyatını təhlükəyə atırlar. AYNA-nın əsas marağı odur ki, marşrutların sayı azaldılıb, avtobusların sayı artırılsın. Mövcud marşrutlar da normal qrafik və intervalla hərəkət etsin. 

Ekspertin açıqlamasından məlum oldu ki, burada söhbət avtobusların yox, marşrutların sayının azaldılmasıdan gedir. Şəhərin ən böyük problemlərindən olan, xalqın “səbir kasa”sını dolduran sıxlığın aradan qaldırılması üçün illərdir müxtəlif addımlar atılsa da, xeyri yoxdur. Əksinə, ilbəil şəhər əhalisi artdıqca sıxlıq da artmağa davam edir. Nəticədə insanların ömrü kiçikdən böyüyə hər kəsi narahat edən bu problemin həllini gözləyərək keçir.

Arzularımız çoxdur, onlardan biri də qarşıdan gələn yeni ildə Azərbaycanın sıxlıq problemindən “qurtuluş”unu qeyd etməyimizdir. 

Günay Elşən