Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropaya gedən yolun “qaranlıq” parçası
Strateji Saziş layihəsinin razılaşdırılmamış 10 faizi hansı məsələlərdir?

“Avropaya yolun qalan 10 faizi niyə keçilməz olub?” silsiləsindən birinci yazı

Bir neçə ildir, Bakıda və Azərbaycanın iri şəhərlərində “Memi” adlı populyar geyim dükanları fəaliyyət göstərir. Burada qiymətlər, başqa mağazalardan fərqli olaraq, kifayət qədər ucuzdur, keyfiyyətinə də söz ola bilməz. Çünki Avropa istehsalıdır! Alıcıları “Memi” dükanlarına çəkib gətirən də budur. Kim istəməz aldığı mal həm ucuz, həm də keyfiyyətli olsun. İndi Azərbaycan bazarında bu ikisini bir arada tapmaq çətindir, dükan-bazarlar o qədər də ucuz olmayan Çin malları, Türkiyə tekstili ilə doludur.

Dünyada, yaxşı həyat şəraitinə görə olmasa da, adı bahalı paytaxtlar sırasında yuxarı yerlədə yazılan Bakıda Avropa geyimləri niyə ucuzdur? Bir neçə ildir, ətrafına xeyli alıcı toplamış “Memi” nə əcəb bazarda gəlirli sahələri dərhal ələ keçirən monopolistlərin marağını çəkmir?

Bu iki sualın qısa bir cavabı var: bu geyim mağazaları şəbəkəsində ikinci əl malları satılır. Daha aydın yazsaq, avropalıların qarderobundan atdığı köhnə pal-paltarı, ayaqqabıları bizimkilər topdan alıb gətirib, Azərbaycanda özlərinə gəlirli biznes qurublar. Mallar təmizlənir, ütülənir, üzərinə etiket yapışdırılaraq, alıcılara təqdim olunur. Bunu nə satanlar gizlədir, nə alanlar xəbərsizdir... Marketinq yaxşı qurulub, insanların Avropa keyfiyyətinə inamından məharətlə istifadə edirlər. Axı, Avropa Azərbaycanda əksəriyyət üçün əlçatmazdır, ora getməyin, gəzməyin dərdi təkcə yaxşı pul deyil...

Azərbaycanda Avropa malları nadir şey deyil, paytaxtda kifayət qədər bahalı, dəbdəbəli mağazalar, brendlər fəaliyyət göstərir, onların öz alıcıları var. Bu alıcıların ildə bir-iki dəfə “qoca qitə”yə ayaq basıb havasını udmaq, mağazalarını dolaşmaq şansı var. Onlara “orta təbəqə” deyirlər.

Bir təbəqə də var ki, onlar paytaxtın bu mağazalarının bir çoxuna sahib olsalar da orada satılanları bəyənməzlər, Avropa paytaxtlarından alış-veriş edərlər, populyar modelyerlərin daimi müştəriləridir. Diplomatik pasportlar, daimi Şengen vizaları, ikili vətəndaşlıq, yüklü hesablar, dəbdəbəli mənzillər, bahalı kurortlar, əyləncə məkanları, daha nələr, nələr...

Avropa Azərbaycanda bu üç təbəqənin nəzərində tamamilə fərqlidir. Kimin üçün arzu, kimin üçün şans, kimlər üçün isə daimi yaşam tərzi. Əlbəttə, bu üç təbəqənin arasında bərabərlik işarəsi axtarmaq mənasızdır, amma heç olmasa, əlçatmazlığı aradan götürmək olar. İndiki dövrdə zəngin neft-qaz ölkəsinin insanlarının avropalıların geyinib atdığı malları tapıb özlərinə təsəlli verməsi kədərlidir. Sovet İttifaqından bərabər addımlarla çıxmış Pribaltika ölkələri, Gürcüstan, Moldova əhalisini azərbaycanlılardan fərqləndirən xüsusi bacarıqlar yoxdur. Deməli, problem insanlarda deyil, Avropaya fərqli münasibət bəsləyən siyasi elitaların yanaşması ilə bağlıdır. Avropa dəbdəbəsinin zirvəsini yaşayan zümrələr “qoca qitəyə” rahat gediş-gəlişi sadə, kasıb həmvətənlərinə qıymırlar. Hətta hər fürsətdə efirlərdən Avropanı onlara pisləyirlər. Əlbəttə, Avropa müqəddəs deyil, tənqid olunası çox şey tapmaq olar, məsələn, bəzi siyasətçilərin, qurumların Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqla qorunan mənafelərinə qarşı qərəzli münasibəti tənqidə dözmür...

Beləliklə, Azərbaycan üçün Avropa İttifaqı ilə münasibətlər nədən ibarətdir, inteqrasiya prosesi hansı mərhələdədir, perspektiv nədən xəbər verir?

Münasibətlərin qurulması və inkişafı:

Azərbaycanın Avropa arzusu müstəqilliyin ilk illərindən yaranıb. 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) 1999-cu ildə qüvvəyə minib.

10 il müddətinə imzalanmış Saziş siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. 2009-cu ildən etibarən onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.   

1998-ci il tarixində Aİ-nin Azərbaycan üzrə xüsusi elçisi, 2003-cü ilin iyul ayında isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanıb, bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini əldə edib.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanıb. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. 

Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir: 

Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;

Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi;

Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;

Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Azərbaycanla Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il və 28 fevral 2014-cü il tarixində imzalanıb. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib.

Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannaməyə 5 dekabr 2013-cü ildə Brüsseldə imza atılıb. Bəyannamənin əsas məqsədi Azərbaycanla Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. 

2018-ci ilin iyulunda  Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə  Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi keçirilib.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.

Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb. Prezident İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilib. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilib və həmin tarixdən qüvvəyə minib.   

Tərəfdaşlıq Prioritetləri aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir. 

Qurumların gücləndirilməsi və yaxşı idarəçilik;

İqtisadi inkişaf və bazar imkanları;

Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti;

Yerdəyişmə və insanlar arasında əlaqələr;

Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.

“Cənub Qaz Dəhlizi” Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetləri sırasındadır. Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə 13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanıb. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər “Şahdəniz-2” və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir.   

29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin icrasında Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İtaliya, Türkiyə, Yunanıstan iştirak edir. Həmçinin 3 Balkan ölkəsi — Bosniya və Herseqovina, 

Monteneqro və Xorvatiya tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulmaq niyyətindədirlər.

Bakıdan Sazişin taleyi ilə bağlı verilmiş rəsmi açıqlamalar

2019-cu il aprelin 4-də xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən bildirib ki, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar yaxın günlərdə yekunlaşa bilər: “Sazişin bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olunub. Artıq bütün məsələlər 90 faiz razılaşdırılıb”

2020-ci il iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında sammitində növbəti dəfə Bakı ilə Brüssel arasındakı əməkdaşlıqdan bəhs olundu. 

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaş ölkəsidir. Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. “Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb” - deyə, İ.Əliyev bildirib.

Prezident xatırladıb ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. 

23 iyul 2021- cil tarixində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib:

“Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Xarici işlər naziri Ceyhun Bayramov: “2022-ci ildə Azərbaycan Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və strateji tərəfdaşlıq haqqında sazişi imzalamağı planlaşdırır. Sazişin 10 faizi razılaşdırılmamış qalır və bu, “ticarət-iqtisadi məsələlərə” aiddir. Bu saziş əsasən dörd bölmədən ibarətdir. Bu, siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi institusional inkişaf və digər məsələləri əhatə edir. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”.

Bura qədər hər şey əladır. Hökumət əməkdaşlıqda problem görmür, hətta bu mövzuda böyük həvəslə danışır. Avropa İttifaqı da, necə deyərlər, genişlənmək və Azərbaycan kimi bir tərəfdaş qazanmaq arzusundadır. Strateji Sazişin 90 faizi də razılaşdırılıb. Bəs elə isə nədir o yerdə qalan 10 faiz? Söhbət hansı prinsipial məqamlardan gedir ki, illərdir onun üzərində konsensus əldə etmək mümkün olmur? 

Bütün sualların cavabı var. Həm də 90 deyil, 100 faizlik cavabı. 

Növbəti yazıda...

Elçin Rüstəmov