Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropada dolaşan... getto kabusu
Fransanı sarmış iğtişaşlar nəyin nəticəsidir və hara aparır? 

Fransa prezident Emmanuel Makron ötən həftə bildirdi ki, “miqrasiyanı, qeyri-leqalından başlayaraq, xeyli məhdudlaşdırmağı” planlaşdırır. Eks-prezident Sarkozi isə hələ 2010-cu ildə “miqrasiya ilə cinayətkarlığın əlaqəsi”ndən danışdığını xatırladıb. Hakimiyyət miqrasiyadan savayı adəti üzrə sosial şəbəkələri, videooyunları və valideynləri günahlandırır. Amma ekspertlər sosial mənzil məhəllələrinin spesifikasına, gənclər arasında yüksək işsizliyə və polisin xüsusən irqi zəmində səlahiyyətləri aşmasına diqqət yetirməyi təklif edirlər. 

Fransa od içində

Bu il iyunun 27-də Parisin şəhərətrafı Nanter ərazisində iki polis sarı “Mersedesə”ə dayanmaq əmri verdi, amma sürücü, 17  yaşlı Nael Merzuk, rəsmi versiyaya görə, hərəkəti davam etdirib və yalnız polislər qarşısını kəsdikdə dayanıb. Sərnişinlərdən birinin sözlərinə görə, polislər Naelə silah tuşlayaraq, üç dəfə zərbə endiriblər. Asayiş keşikçisinin “başından güllə alacaqsan” sözündən sonra Nael, guya təlaşa düşərək əyləci buraxıb, “Mersedes” hərəkətə başlayıb. Polis biri həmkarına atəş açmağı əmr edib, digəri də açıb. Naelin son sözləri guya “axmaq, atəş açdı” olub.

Hadisə yerinə gələn həkimlər yeniyetməni həyata qaytara bilməyiblər. Tezliklə sosial şəbəkələrdə həm atəşin özünün, həm də həkimin polisə qışqıraraq “onun cəmi 17 yaşı var, görünür ki, uşaqdır” deməsinin videosu yayılıb. 

Əlcəzair-Mərakeş kökənli Nael elektrotexnika və mexanika kurslarında təhsilini dayandırandan sonra pizza daşıyıcısı işləyirdi. Məhkumluğu yox idi, amma adı yol hərəkəti qaydalarının pozulması, narkotik istifadəsi və saxlanmasına görə cinayət işləri kartotekasına salınıb. Son üç il ərzində Naeli polisə müqavimət üzündən beş dəfə sorğu-suala çəkiblər, amma cəmi iki dəfə saxlayıblar, sonuncu dəfə ölümündən üç gün qabaq. 

“Bu gecə nə olacağını görəcəksiniz. İndi hamı yatır, bütün Nanterin oyanmağını görəcəksiniz”, - bu sözləri də həkim polisə deyib. Nəticədə təkcə Nanter deyil, bütün Fransa ayağa qalxdı. Ölkəni iğtişaşlar bürüdü.

DİN-də keçirilən fövqəladə toplantıdan sonra Fransa prezidenti gecə tədbirlərinin qadağan olunması və axşam saatlarında yerüstü nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar verdi. Hətta Milen Farmerin “Stade de France”da çoxdan gözlənilən və 180 min tamaşaçı yığışacaq iki konsertini ləğv etdilər. Etirazların dördüncü günündə onların yatırılmasına artıq 45 min polis və jandarm cəlb olunmuşdu, bu da DİN əməkdaşlarının 40 faizi demək idi. Tutulmalar da həmin gecə pik həddinə çatdı: bir gecədə 1311 nəfər. 

İğtişaşlar o qədər güclü idi ki, Makron AB ölkələri liderlərinin sammitini yarımçıq tərk etməli oldu. 

İyulun 1-də, Naelin dəfn günündə ultrasağ qruplar fəallaşdı, onlar iğtişaşların qarşısını almaq üçün küçələrdə keşik çəkməyi qərara aldılar. Şamberidə onlarla nümayişçi millətçi şüarlarla küçələrə çıxdı. Bəzi fəallar “irqi vətəndaş müharibəsi” haqqında danışmağa başladılar. 

İyulun 2-də BFM telekanalına telefonla müsahibə verən Naelin nənəsi etirazçıları talanlara yol verməməyə səsləyib: “Vitrinləri, məktəbləri, avtobusları dağıtmaq lazım deyil”.  Mərhumun anası və nənəsinə ürəyi yananlar onlar üçün 325 min avro topladılar. Əvəzində, prezidentliyə ultrasağ namizəd Erik Zemmurun tərəfdarı və media xadimi olan Jan Messia atəş açan polisin ailəsinin xeyrinə ianə toplamağı təklif etdi. Yığım iyulun 5-ə keçən gecə başa çatdı və 1 636 190 avroda dayandı. 

İğtişaşlar isə səngiyirdi. Altıncı gecə xeyli sakit keçdi. İyulun 3-də isə heç nə olmamış kimi Paris yüksək moda həftəsi başladı. 

Fransa sığortaçılar federasiyasının məlumatına görə dəyən zərər 650 milyon avro təşkil edib. 3900 bina təmir və bərpa edilməlidir. 

Builki iğtişaşlar bir sıra rekordları yeniləsə də, kütləvi etirazların talançı və soyğunçuların iştirakı ilə küçə döyüşlərinə çevrilməsi  Fransada nadir hal deyil: məsələn, “Sarı jiletlər”in 2018-2019-cu illərdə etirazlarını müşayiət edən talanları xatırlamaq olar. Avropanın başqa ölkələrində çox nadir rast gəlinən bu fenomenin izaha ehtiyacı var. 

Hakimiyyət valideynləri, videooyunları və interneti günahlandırır

Fransa hakimiyyəti məsuliyyəti guya uşaqlara yetərincə diqqət ayırmayan valideynlərin üzərinə atır. Bunu Makron da deyir, daxili işlər naziri Jerald Darmanen də. Ədliyyə naziri Erik Düpon-Moretti bunun üçün cinayət məcəlləsində xüsusi maddənin olduğunu xatırladır.

Sosioloq Jüli Sedel 2005-ci il etirazları ilə müqayisədə indiki etirazlar zamanı sosial şəbəkələrin mövcudluğunu önəmli faktor kimi qeyd edir. Etirazçılar məhz onlar vasitəsilə koordinasiya qururlar, məhz onun sayəsində Naelin ölümünün təfərrüatlarını və digər polis zorakılığı hallarını görürlər. 

Hakimiyyət sosial şəbəkələri nəzarətə almaqla problemi həll etməyi düşünür. Etirazların əhatə etdiyi 220 şəhərin merləri ilə görüşdə prezident böhranlı vəziyyət zamanı sosial şəbəkələri ümumiyyətlə qapatmağı təklif edib. Bezye şəhərinin meri Rober Bernar LCI və TF1 telekanallarına deyib ki, Makron müəyyən hallarda, məsələn, fövqəladə vəziyyət zamanı “Snapchat, TikTok, Instagram kimi platformaları qapatmağı nəzərdən keçirməyi” təklif edib. 

Fransa jurnalistləri hesab edirlər ki, diskussiyanın sosial şəbəkələr istiqamətinə yönəlməsi etirazları siyasətsizləşdirmənin daha bir üsuludur. Bu, həm də qeyri-demokratik rejimlər üçün səciyyəvi addım ola bilər. “Asayişi qorumaq üçün sosial şəbəkələrin qapadılması İran və Rusiya kimi avtoritar ölkələrin istifadə etdiyi metoddur”, - jurnalist Salome Sake həyəcanla qeyd edir. 

Elə, ya belə, sosial şəbəkələr və videooyunlar bütün ölkələrdə var. Bu səbəbdən məhz Fransada etirazların niyə kütləvi iğtişaşla müşayiət olunmasını bununla izah etmək olmaz.  Bəs nə ilə olar? Xeyli ekspert hesab edir ki, bunun səbəbləri qismən sosial siyasətdəki köhnə səhvlərlə bağlıdır. 

Xüsusi rayonlar

Fransa “ucqar”larında, “fəhlə məhəllə”lərində miqrantların və miqrant ailələrindən çıxanların sayı adətən çoxdur. Statistika və iqtisadi tədqiqatlar milli institutu İNSEE bildirir ki, 2020-2021-ci il məlumatlarına görə, Paris əhalisinin 20%, Sen Deni departamenti sakinlərinin 32% miqrantlardır. 2012-ci ildə Fransadakı bütün miqrantların 38% məhz Parisin şəhər zonasında yaşayırdı. İNSEE belə ərazi paylaşımının səbəbini “1960-cı illərdə Fransanın xüsusən cənub-qərbinə və sənaye rayonlarına bir neçə miqrant dalğası” ilə izah edir. Fransanın şəhər planlaşdırılması sosial mənzil mikrorayonlarının tikintisini nəzərdə tuturdu, bu da onların sakinlərini qalan rayonlardan ayırırdı. 1965-1974-cü illərdə tikilən çoxmərtəbəli binaların çoxunun sökülməsinə 2000-ci illərin əvvəllərindən başlanılıb. Amma prosesin bitməsinə hələ çox var. 

Belə xüsusiləşmə nəticəsində kommunitarizm – politoloqlar azlığın qalan cəmiyyətdən təcrid və özünə xüsusi hüquqlar tələb etməsi meylini belə adlandırırlar – ortaya çıxır. Bu halı Fransada hamı müşahidə edir, amma baş verənlərin səbəbi haqqında fikirlər haçalanır. Bəzilərinə görə, problem, miqrantların artan sayındadır, digərlərinə görə, cəmiyyətin seqreqasiyasında və inteqrasiya ilə bağlı çətinliklərdə. “Sağlar kommunitarizm və ya separatizmi qınamaqdan yorulmurlar, amma bu iki bədbəxtliyin əsas səbəbi – gettolaşdırma – onları maraqlandırmır”, - “Liberation” qəzeti yazır.

Polis bəzi şəhərətrafına getməkdən imtina edir, parislilərin bir hissəsi isə heç vaxt nə Sen Denidə, nə də paytaxtda miqrantların çox olduğu 18-ci rayonda olmayıb. Nəticədə “paralel cəmiyyətlər” formalaşır. İnteqrasiyası zəif, öz norma və ənənələrinə riayət edən, ətrafdakı çoxluqla konfliktə meylli icmalar. Onların üzvləri cəmiyyətin qalan hissəsi ilə nadir hallarda münasibət qurur, elə cəmiyyətin qalan hissəsi də onlarla. 

“Gettolaşdırma” haqda danışma

“Gettolaşdırma” termini indi Fransada qadağa altındadır – bu barədə sosioloqlar da, siyasətçilər də danışırlar. Keçmiş baş nazir Eduar Filipp “L’Express” jurnalına müsahibəsində bu fenomeni inteqrasiya və İslamla birlikdə üç əsas tabudan biri hesab edir. 

“Le Monde” qəzetinin kolumnisti Lük Bronner yazır ki, ən kasıb rayonların “gettolaşdırılması” son 20 il ərzində məlumdur, hərçənd, sosioloqların bir hissəsi və hakimiyyət nümayəndələri bu termini inadla rədd edirlər. Bəzi tədqiqatçılar isə problemin yaşının 40 il olduğunu deyirlər.

Fransızlar üçün “gettolaşdırma”nın inkarı həm də öz ölkələrinin “Black Lives Matter” etirazlarının alovlandığı ABŞ-dan fərqliliyini göstərmək fürsətidir. Polis həmkarlar təşkilatının katibi Jan-Kristof Kuvi BBC-yə elə belə də deyib: “Fransa ABŞ deyil. Bizdə getto yoxdur. Bizim asayiş keşikçiləri Fransanın miltikultural cəmiyyətini təmsil edirlər, burada bütün təbəqələrdən olan zabitlər xidmət edir”.

Çoxları düşünür ki, miqrantların sayını məhdudlaşdıran kimi sosial gərginlik azalacaq. Özü də bu haqda təkcə fransızlar deyil, qonşu ölkələrdə də yazırlar. Alman politoloq və islamşünas Ralf Qadban hesab edir ki, Almaniyada bu miqyasda iğtişaşların baş verməməsinin səbəblərindən biri ölkədə yaşayan müsəlmanların az olmasıdır. O, müsəlmanları “demokratiya nə olduğunu bilməyən ölkələrdən çıxanlar” adlandırır və “nəzarətsiz miqrasiya”nı dayandırmağa çağırır. 

Emmanuel Makron da payızda məhz miqrasiya haqqında qanunla məşğul olmağa hazırlaşır. Prezident qeyd edib ki, lazım gələrsə, yenə qəti tədbirlərə əl atmağa və qanunun qəbulu üçün Konstitusiyanın 49.3-cü maddəsindən yaralanmağa hazırdır. Məhz bu maddə sayəsində pensiya islahatı parlamentdən yan keçməklə qəbul olundu. 

Avqustda “Le Point” jurnalına müsahibə verən Makron iğtişaş iştirakçılarının 90 faizinin Fransada anadan olduğunu etiraf etsə də, yenə “qeyri-leqalından başlayaraq miqrasiyanı xeyli məhdudlaşdırmağa” hazırlaşır. Prezident əmindir ki, hakimiyyət, onun dediyi kimi, “resivilizasiya” ilə məşğul olmalıdır. Bu zaman Makron köhnə, müstəmləkəçi dixotomiyaya müraciət edir: “sivil” Fransa və “barbarlar” (hətta bir neçə nəsil Fransada yaşasalar da). 

İşsizliyin rolu 

Fransa iqtidarının yeniyetmənin polis tərəfindən öldürülməsinə reaksiyası əvvəlki hay-küylü üsyanlardan fərqləndi. 2005-ci ildə daxili işlər naziri Nikola Sarkozi etirazçıları “yaramazlar dəstəsi” adlandıraraq onlardan “qurtulmaq” lazım gəldiyini söylədi, sonra da şəhərətrafında “Karcher” yuyucuları ilə təmizlik aparmağı təklif etdi. 

18 il sonra isə onun həmkarı Jerald Darmanen qətl videosunu “şokedici” və hakimiyyətin polislərdən gözləntisinə qeyri-uyğun hesab etdi. Makron hadisəni “izaholunmaz” və “bağışlanılmaz” adlandırdı. 

Ötən ay “Le Figaro” qəzetinə geniş müsahibə verən Nikola Sarkozi son etirazları da şərh edib. O, hakimiyyətin davranışını “nüfuz itkisi” adlandırıb və hələ 2010-cu ildə “cinayətkarlıq və miqrasiya arasında əlaqəni qınadığını” söyləyib. O, DİN rəhbəri Dardamenin fəaliyyətini müsbət qiymətləndirsə də, “Fransa demokratiyasının acizlik rejiminə çevrilməsi” yolunda olduğunu iddia edib. 

Son iğtişaşlar ölkə gəncliyi və onun dumanlı gələcəyi haqqında diskussiyalara səbəb olub. Saxlanılan 3600 etirazçıdan 1149-u həddi büluğa çatmayanlardır. Amma Fransa hakimiyyəti baş verənləri sistemli problemlərə - işsizlik, sosial təbəqələşmə, təhsilə çatımlılıq -  etiraz kimi qəbul etməməyə üstünlük verir. 

Necə oldu ki, çoxunun nə işi, nə də təhsili olan yeniyetmələr və gənclər boş-boş küçələrdə veyillənirlər? KİV Fransa respublikasının devizindəki “bərabərliyin” şəhərətrafına və kasıb regionlara çətinliklə çatmasından tez-tez yazır. “L'Humanité” qəzeti etirazçıları “bərabərliyə susayanlar” adlandırır. “Financial Times”ın məlumatına görə, miqrantlar arasında yoxsulluq faizi (28%) köklü fransızlarda olandan (11%) xeyli çoxdur. Almaniya və Böyük Britaniyada belə fərq müşahidə olunmur. Fransa həm də işsiz miqrantların - xüsusən də gənclər arasında – sayına görə ABŞ, Almaniya və Böyük Britaniyanı qabaqlayır.  

Əgər statistikaya nəzər yetirilsə, işsizlik səviyyəsinin təhsillə əlaqəsi aydın görünür. İNSEE-nin məlumatına görə, işsizlərin 40,2 faizinin nə ixtisas, nə peşəkar hazırlıq sertifikatı, nə də ali təhsili var. Onların17,3 faizini gənclər təşkil edir. 2022-ci ilin ikinci yarısında aparılan tədqiqat zamanı 15-29 yaşlı şəxslərin 11,6 faizi nə işləyirdi, nə oxuyurdu. Gənclərin işlə təmin olunmasında problemlərin mövcudluğunu hamı etiraf edir, amma bunun səbəblərini müxtəlif adamlar müxtəlif cür görürlər. 

Ailə və təhsil sisteminin böhranı 

İğtişaşlaran sonrakı ilk böyük müsahibəsində Makron payız gündəliyində əsas prioritetlərdən birinin məktəb təhsili olmasını deyib. Dəyişikliklər arasında şagirdlər üçün “dəstək saatları”nın artırılması, siniflər şagird sayının azaldılması və “daha həssas, çətinliklər yaşayan rayonlarda” (prezident çoxlarını dəhşətə salan şəhərətrafını belə adlandırıb) uşaqların iki yaşından məktəbə qəbulu nəzərdə tutulur. Uşaqların peşə təmayülünə xüsusi diqqət ayrılacaq. Yeniliklər dövlətin şagirdlərin boş-boş küçədə gəzməməsi üçün məktəbdə mümkün qədər çox qalması istəyini ortaya qoyur. 

Dərin səbəbləri araşdırılmasa, Fransa etirazları 2011-ci il Britaniya etirazları ilə eyni tale yaşaya bilər. Səthi səbəb eyni idi: polis 29 yaşlı gənci güllələmişdi və mağaza talanları, soyğunlarla müşayiət olunan iğtişaşlar altı gün davam etdi. O zaman beş nəfər öldü, minlərlə adam saxlanıldı. 

“Guardian”ın kolumnisti Cek Şenker həmin hadisələrin onilliyi münasibətilə yazırdı: “Yanan avtobuslar əks olunan görüntülər yox olan kimi böyük miqyaslı iğtişaşların arxasında nə durması və onların “düzən”in özünün haqsızlığı, zorakılığı barədə nə deməsi haqqında müzakirələr də yox oldu”. Britaniya hakimiyyəti o zaman hər şeyi “sadə və aydın” cinayətkarlığın və xuliqanlığın üstünə yıxdı. Bu zaman 10 il keçdikdə gənclər xidmətinin maliyyələşdirilməsi iki dəfə azaldı: 300 mərkəzdən 130-u qapandı. 

Gənclər arasındakı sosial gərginlik, iş tapmaqda çətinlik küçə etirazlarına səbəb olur. Təhsil sahəsindəki böhran isə problemi dərinləşdirir. COVİD-19 pandemiyası isə personal çatışmazlığını və mövcud problemləri daha da gücləndirdi. 

Fransa məktəb müəllimlərinin çatışmaması ilə üzləşməkdə davam edir. Təhsil nazirliyinin məlumatına görə, 2023-cü ildə dövlət sektorunda açılan 23 800 müəllim yerindən 3 163-ü boş qalıb. 

2019-2021-ci illərdə yeniyetmələr haqqında açılan cinayət işlərinin sayı 10% azalıb. Amma son iki ilin statistikası bu mənzərəni korlaya bilər. Üstəlik, DİN məlumatlarına əsasən, yeniyetmələrə qarşı cinayətlərin sayı kəskin artıb. 

Vəzifə səlahiyyətlərini aşma

Fransızları narahat edən başqa bir detal – polisin özünün və bəzi bölmələrinin strukturudur. Məsələn, RAİD xüsusi hissələri, eləcə də zorakılığın qarşısını almaq üçün 2019-cu ildə “Sarı jiletlər”in etirazları zamanı yaradılmış motorlu briqadalar (BRAV-M). Belə briqadalar bir motosikldə iki polisdən təşkil olunub. BRAV-M əməkdaşları istər “Sarı jiletlər” hərəkatı, istərsə də pensiya islahatına qarşı etirazlar zamanı nümayişçilərə qarşı zorakılıqla bağlı bir neçə məhkəmə araşdırmasının fiqurantı olublar. Ölkədə bir çoxları bu quruma qarşı çıxır və bu zaman əvvəlki uğursuz təcrübəni xatırlayırlar. 

İş ondadır ki, 1968-ci il etirazlarından sonra xüsusi motoatıcı bölmə (PVM) yaradılmışdı. Amma onun əməkdaşları Əlcəzair əsilli etirazçı tələbə Malik Ussekini amansızcasına döyüb öldürəndən sonra qurum buraxıldı. “Liberation” qəzeti aydınlaşdırıb ki, Naeli güllələyən polis də əvvəllər BRAV-M-də və əməkdaşları səlahiyyətləri aşma ilə bağlı bir sıra işlərdə günahlandırılan CSI 93 qurumunda  xidmət edib. 

Hələ Fransua Hollandın prezident olduğu 2017-ci ildə qəbul olunan qanun polisə daha tez-tez silahdan istifadə etmək, o cümlədən vətəndaşların itaətsizliyi halında avtomobilə atəş açmaq səlahiyyəti verir. Görünür, bu genişləndirilmiş səlahiyyətləri kimsə ləğv etmək istəmir, əksinə - tezliklə yeni və olduqca qorxulu qanunlar qəbul edə bilərlər. Məsələn, Senatın ardınca iyulun 3-də Milli assambleya telefon, planşet, televizor və səsli köməkçi daxil olmaqla “istənilən qoşulmuş cihazın geolokasiyasını müəyyən etmək, mikrofon və ya kameranı işə salmaq məqsədilə aktivləşdirilməsi”nə icazə verən qanun layihəsini bəyəndi.

Faktiki söhbət fəalların izlənilməsindən, məhkəmə qərarı ilə, amma cihaz sahibinin razılığı olmadan geolokasiyaya, kamera və mikrofona polisin çatımlılığından gedir. İqlim fəalları və ətraf mühitin müdafiəsi hərəkatının iştirakçıları hesab edirlər ki, hakimiyyət məhz bu məqsədi güdür. 

Məhkəmə polisini tərəfindədir

Anonim “Desarmons” kollektivi fransız asayiş keşikçiləri tərəfindən öldürülən və ya şikəst edilən qurbanların statistikasını aparır. Onların rəqəmlərinə görə, Makronun birinci prezidentlik müddəti ərzində polis zorakılığı əhəmiyyətli dərəcədə çoxalıb, müddətin sonuna yaxın isə 2010-cu illərlə müqayisədə iki-üç dəfə artıb.

Naelin ailəsinin vəkili Yassin Buzru problemi polisdə deyil, “polisə öz davranışını dəyişmək üçün heç bir əsas verməyən” Fransa məhkəməsində görür: “Ədalət məhkəməsi polislərə bəraət vermək işində heç zaman indiki qədər radikal olmayıb”. O deyir ki, hakimlər bəzi hallarda təcili yardımın gec gəldiyini və ya həkimin səhv buraxdığını sübut etməyə çalışaraq problemi səhiyyənin üstünə atırlar. Vəkil hesab edir ki, polis zorakılığı ilə mübarizə aparmaq üçün qanunverici dəyişikliklər ehtimalı çox aşağıdır. 

Əvəzində etirazçılara qarşı sərt hökmlər şıxarılır. “Red Bull” bankasının oğurlanmasına görə 10 ay kimi, məsələn. 3600 saxlanılandan 380 nəfər həbsə atılıb. 

Toyuq qripi

Fransada etiraz etməyi təkcə fəallar deyil, məmurlar və asayiş keşikçiləri də sevir. Marseldə bir gəncə travmatik silahdan atəş açan, daha sonra qəddarcasına döyən dörd polis həbs edildikdə, həmkarları bunu ədalətsizlik hesab etdilər və tətilə başladılar. Halbuki insident nəticəsində 22 yaşlı Hedinin çənəsi sınıb, özü kəlləsinin bir hissəsini, bir gözü də görmə qabiliyyətini itirib. 

Fransızların “toyuq” (poule) adlandırdığı polisin mindən çox əməkdaşı Unite-SGP həmkarlar təşkilatının çağırışından sonra bülleten açdırdılar, ya da bütün cari işlərin dayandırıldığını və ya yalnız təcili vəzifələrin icrasını nəzərdə tutan 562 koduna keçdilər. Gözlənilməz “toyuq qripi” epidemiyası ölkənin digər rayonlarına da yayıldı. 

İyulun 23-də “La Parisien” qəzetinə müsahibə verən Fransa Milli polisinin baş direktoru  Frederik Vo marselli polisə hərtərəfli dəstəyini ifadə etdi və söylədi ki, onun həbsdə olması fikri direktoru gecələr yatmağa qoymur.  O “hətta polis xətaya və ya ciddi pozuntuya yol veribsə də, məhkəməyə qədər yeri həbsxana olmamalıdır” söylədi. Paris polisinin prefekti Loran Nunyes də bu sözlərlə razılaşdı. Makron baş direktorun düşüncələrini “ziddiyyətli” adlandırdı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/politika/264121