Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa İnsan Haqları Məhkəməsinin Qarabağla bağlı qərarı

Həm Azərbaycan, həm də Ermənistan rəsmi qaydada İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyası üzrə öhdəliklərindən geri çəkilib. Hər iki ölkə Konvensiyanın 15-ci maddəsinə istinad edərək, bu barədə Avropa Şurasına bildiriş təqdim edib.

Avropa Konvensiyasının 15-ci maddəsi fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilməni ehtiva edir. Orada göstərilib ki, dövlətlər müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı beynəlxalq hüquqa müvafiq digər öhdəliklərə zidd olmamaq şərtilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərinə uyğun olmayan tədbirlər görə bilər. 15-ci maddənin 2-ci bəndində vurğulanıb ki, bununla belə, qanuni müharibə əməliyyatları nəticəsində ölüm halları istisna olmaqla, Konvensiyanın 2 (yaşamaq hüququ), 3 (işgəncəyə məruz qalmamaq hüququ), 4.1 (köləliyin və əsarət altında saxlanmanın qadağan olunması) və 7-ci (qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi) maddələrinə uyğun olmayan tədbirlər görülə bilməz.

Geri çəkilmə hüququndan istifadə edən tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurası baş katibini tam məlumatlandırmalıdır. Həmçinin, səbəblər aradan qalxanda Konvensiyanın müddəalarının yenidən tam həyata keçirilməyə başlanması haqqında da baş katibə məlumat verilməlidir.

Sentyabrın 30-da isə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan və Ermənistan arasında döyüşlərin başlanmasıyla əlaqədar Konvensiyanın ciddi şəkildə pozulması riskini nəzərə alaraq, 39-cu Qaydanın tətbiqini zəruri saymışdı. Məhkəmə reqlamentinin 39-cu Qaydası var ki, bu da təcili tədbirlərin görülməsini ehtiva edir.

Avropa İnsan Haqları Məhkəməsi bu qərarı bir gün öncə - sentyabrın 29-da Ermənistanın müharibənin dayandırılması ilə əlaqədar Azərbaycana qarşı ərizəsi əsasında qəbul edib. Ərizəni Ermənistan versə də, AİHM hər iki tərəfə çağırış edib. Qərara əsasən, həm Azərbaycan, həm də Ermənistan tərəfindən mülki əhalinin yaşamaq, pis rəftara məruz qalmamaq hüququnun pozulmaması üçün hər iki tərəf mülki əhalini hədəf alan hərbi tədbirlərdən çəkinməyə çağırılıb. Ölkələrin ikisinə də Avropa Konvensiyasının 2 (yaşamaq hüququ) və 3-cü (işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın olunması) maddələri ilə təminat verilən hüquqlar xatırladılıb.

Həm Avropa Məhkəməsinin qərarını, həm də Azərbaycan və Ermənistanın Konvernsiya üzrə öhdəliklərdən geri çəkilməsini “Press Klub”a şərh edən hüquqşünas Emin Abbasov bildirdi ki, Avropa Məhkəməsi hərbi müdaxilələrin taleyinə qarışmır. Müharibə və digər fövqəladə hallardan irəli gələn zərurətə adekvatdırsa, Konvensiyada nəzərdə tutulan müəyyən hüquq və azadlıqların məhdudlaşdırılmasına da imkan verir. Amma heç bir halda, yaşamaq, işgəncəyə, köləliyə məruz qalmamaq kimi hüquqlar məhdudlaşdırıla bilməz: “Konvensiyanın 15-ci maddəsi geri çəkilməyə imkan versə də, bəlli maddələrə münasibətdə bu, mümkün deyil”.

E.Abbasov xatırlatdı ki, Konvensiyanı ratifikasiya etmiş ölkələrdə şəxslərin həyat və sağlamlığı üçün ciddi, geridönməz risklər olarsa, bu halda, AİHM risklərin qarşısının alınması üçün 39-cu Qaydanı işə salıb, təcili tədbirlər görür:

“Qaydanın əsas mahiyyəti budur ki, ölkələr hətta müharibə, münaqişə şəraitində də insanların yaşamaq, pis rəftara məruz qalmamaq hüquqularının qorunmasına görə məsuliyyət daşıyırlar. Yalnız qanuni müharibədə döyüş şəraitində ölümlər istisnadır. Qalan hallarda həm mülki şəxslərə münasibətdə belədir, həm də hərbi əsirlərə. Heç kimin yaşamaq, işgəncəyə, köləliyə, qanunda nəzərdə tutulmamış cəzaya məruz qalmamaq hüququ pozula bilməz. Müharibə getməsinə baxmayaraq, tərəflər bu məsələlərdə öhdəliklərə əməl etməyə borcludur”.

E.Abbasovun sözlərinə görə, AİHM sentyabrın 30-da verdiyi qərarda tərəflərdən həm də mülki əhalinin hədəf alınmaması ilə bağlı tədbirlər barədə məlumat tələb edib:

“İndi Azərbaycan gərək hər saat mülki zərərlər barədə Avropa İnsan Haqları Məhkəməsini çox yaxşı sənədləşdirilmiş, sübutlarla birgə məlumatlarla təmin etsin. Xüsusilə qarşı tərəfin cəbhə bölgəsində yerləşən rayon mərkəzinə, oradakı tibb, təhsil, məhkəmə və başqa ictimai obyektlərə artilleriya hücumları barədə dərhal - hücum aktı baş verən kimi, məlumat vermək lazımdır”.

Gülər