Logo
news content
User
Kateqoriyalar

Analitika

ATƏT-lə təmas xətti

Müəllif: Seymur Həzi

ATƏT sədri və İsveçin xarici işlər naziri Ann Lindenin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü maraqlı oldu. Bundan əvvəl Minsk qrupunun həmsədrlərindən Fransa və ABŞ nümayəndələri Bakıda qəbul edilmişdi. Düzdür, media qarşısında İ.Əliyevin onlarla çox sərt danışması nümayiş olunsa da, bəzi diplomatik kanallardan qapalı görüşün xeyli mülayim tonda keçdiyi xəbərləri də gəlmişdi. Ümumiyyətlə, bu ikili münasibət göstərməyin nəyə xidmət etdiyini aydınlaşdırmaq istəməsək də, ATƏT sədrinin səfərini şərh edərkən sözügedən məlumatın fayda verəcəyini düşünürük. Beləliklə, İlham Əliyev Ann Linde ilə nəyi və necə müzakirə edib?

Münaqişə bitibmi?

Hələlik əldə edilən rəsmi məlumatlara əsaslansaq, bu dəfə də Azərbaycan dövlət başçısı münaqişənin sona yetdiyini və tarixə qovuşduğunu diqqətə çatdırıb. Onun çıxışından aşağadakı hissəni oxucuya təqim etməkdə fayda var:

"Sizin səfərinizə böyük əhəmiyyət veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür".

Bu çıxışda ölkə rəhbəri kimə nə demək istəyib? Açığı, bir qədər dərindən düşünəndə mövcud vəziyyətlə bu sözlər arasında ciddi ziddiyyət ortaya çıxır. Ancaq Azərbaycan dövlət başçısının israrla yerli və beynəlxalq müstəvidə “münaqişə bitib, tarixə qovuşub” deməsi də maraq və təəccüb doğurmaya bilməz. Biz bilirik ki, ilk günlərdən Rusiya hələ də öz nəzarətində olan 4 rayonun statusunun açıq qaldığını bildirir. Azərbaycan tərəfi bu bəyanlara açıq reaksiya vermir, amma münaqişənin bitməsində israr edir. Münaqişə bitibmi? Bitibsə, bizim üçün indiki vəziyyət daimi status-kvodurmu? Rusiya buradaki missiyasını  hansı statusda davam etdirir? Azərbaycan Ermənistanla kommunikasiya məsələsində danışıq aparacaq qədər yaxınlaşıbsa, Rusiya burada niyə qalıcı olmalıdır? Rusiya niyə status məsələsində israr edir?

Aydındır ki, “status” müzakirəsi mübahisə deməkdir. Yəni sonsuz danışıqlar və elə o qədər də vasitəçilik missiyası. Azərbaycan bu prosesi özünə yaxın buraxmaq istəmir. Bir mənada düz edir. Amma bunun arxasını bərkitmək üçün nə edir? Yenə dönüb, dolaşıb, Rusiyaya yaxınlaşır? Bu isə yenidən çətin vəziyyət yaradır. Aydın məsələdir ki, bu problemin həlli üçün daxili gücün maksimal ifadəsinə ehtiyac var. Ölkə başçısı isə bunun üçün zəruri olan addımları atmaq yerinə, daha çox süni konfiqurasiyalarla spekulyasiya etməyə üstünlük verir. Belə olan halda isə xarici təsiri neytrallaşdırmaq, əlbəttə, müşkülə çevriləcək.

İnsan haqları, sülh və təhlükəsizlik

Ann Linde də maraqlı çıxış edib. O, ATƏT-in Azərbaycanla birlikdə işləmək istədiyi sahələri açıqlayıb. İnanmaq olmaz ki, bu prioritetlər Azərbaycan rəhbərliyinin ürəyincə olub. Amma açıq demək olar ki, bu mesajlar təkcə Azərbaycan hökumətinə ünvanlanmayıb. Qonaq deyib:

"Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etmək, təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür"

Kimə nə düşür?

Lindenin bu çıxışından irəli gələn birinci nəticə budur ki, o, təhlükəsizlik məsələsini ayrıca görmür və bunu insan haqları, demokratiya ilə üzvi əlaqədə təqdim edir. Açıq deyir ki, bu iki mühüm faktoru bir-birinə bağlayan konsepsiya ilə işləyəcəklər. Yaxşı olar ki, Azərbaycan hökuməti həm də Bayden administrasiyasının yeni siyasi kursunu ciddi araşdırsın. Amma burada ikinci mühüm mesaj Moskvayadır. ATƏT sədri sülh və təhlükəsizlik məsələsində həlledici maneənin Kreml olduğunu bilir. Eyni zamanda, demokratiya üçün ən ciddi təhdidin  məhz regional münaqişələr olduğunu da anlayır. Bu, Rusiyaya bir neçə aspektdən lazımdır: həm münaqişə vasitəsilə tərəflərə təsir edir, həm avtoritarizmə dəstək verməklə öz ətrafındakı çəmbərin daralmasına imkan vermir.

Azərbaycan hökuməti prosesin necə davam etməsində maraqlı olduğunu öz addımları ilə göstərməlidir. Əgər doğrudan da status danışıqlarına cəlb olunmaq istəmirsə, ölkə daxilindəki siyasi problemləri və Kremlin daxili siyasətə nəzarət imkanlarını aradan qaldırmaq ən yaxşı yol ola bilər.