Logo
news content
User
Kateqoriyalar

Analitika

Arxa cəbhədə böyük birlik!

Cəbhədə döyüş əməliyyatları davam edir, Azərbaycan Ordusunun uğurları cəmiyyətdə böyük sevinc, ruh yüksəkiliyi yaradır. Ölkədə güclü milli birlik, həmrəylik formalaşıb, daxili mübahisələr, fikir ayrılıqları arxa plana atılıb. Müxalifət partiyaları dövlətə, Silahlı Qüvvələrin apardığı əməliyyatlara tam dəstək nümayiş etdirirlər.

Əhali sürətlə müharibə situasiyasına, hərbi vəziyyətə adaptasiya olunur. Dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti qənaətbəxşdir. Konkretləşdirsək, daxildə hökumətin diqqətini əsas işdən yayndıracaq, narahat edəcək heç bir hadisə baş vermir. Bu, müharibə aparan ölkə üçün olduqca mühüm faktordur. Hakimiyyətin, müxalifətin, vətəndaş cəmiyyətinin, medianın üzərinə düşən əsas vəzifə bu birliyi qorumaq və daha da gücləndirməkdən ibarətdir. Bu istiqamətdə əlavə nələr etmək olar?

Yaxşı olar ki, bəzi telekanallarda müxalifətin ünvanına söylənən ittihamlara son qoyulsun. Daxildə ixtilaf yaradacaq əsassız qaralama kampaniyasının, iqtidar-müxalifət rəqabətini xatırladan siyasi təbliğatın yeri deyil və buna heç bir zəmin də yoxdur. Ölkədə heç bir siyasi qüvvə, təşkilat milli birliyi pozacaq addım atmır. Faktiki olaraq, siyasi fəaliyyət dondurulub, siyasi mübarizə elementləri yoxdur.

Yaxın günlərdə iyulun 14-ü gecəsi Bakıda keçirilən orduya dəstək aksiyasına görə tutulanların məhkəməsi başlayacaq. Hüquqşünasların, vəkillərin rəylərinə görə, əksəriyyəti müxalif fəallardan ibarət olan bu şəxslərin əməlində heç bir cinayət tərkibi yoxdur. Onlardan AXCP fəalları Fuad Qəhrəmanlı, Məmməd İbrahim, xalq hərəkatının fəallarından olan Siyavuş Mustafayev daha ağır maddələrlə - dövlət çevrlişinə cəhd, hakimiyyəti qəsb etmə və s. maddələrlə ittiham edilirlər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ümumiyyətlə, həmin aksiyanı dövlətə qarşı cəhd adlandırmaq doğru deyil. Adı çəkilən şəxslər, habelə onlarla birlikdə həbs olunanlara qarşı yönəldilən ittihamlar siyasi motivlidir.

Yaxşı olardı ki, müharibə vəziyyəti ilə əlaqədar olaraq cəmiyyətdə milli birliyin daha da gücləndirilməsi, siyasi barışın əldə olunması üçün həmin şəxslərin cinayət işləri obyektiv araşdırılsın, Tofiq Yaqublunun məhkəməsində baş verən bibarıçı situasiya təkrarlanmasın. Onu da nəzərə almaq lazımdır ki, həbs olunanlar arasında Qarabağ qaziləri də var. Obyektiv məhkəmə qərarı onların azadlığa çıxması ilə nəticələnər ki, bu da hakimiyyətə ictimai etimadı möhkəmləndirə bilər.

Ümumiyyətlə, siyasi məhbus hesab olunan bütün şəxslərin azad olunmasına ehtiyac var. Hazırda cəmiyyətin, dövlətin bir mübarizə meydanı var - o da erməni işğalçılarına qarşı döyüşməkdir. Siyasi məhbusların içində şərəfli döyüş yolu keçmiş, ölkədə böyük nüfuz sahibi olan qazilərimizin azadlığa buraxılması olduqca vacibdir.

Milli birliyi möhkəmləndirən amillərdən biri də hüquq-mühafizə orqanlarının, məhkəmələrin, sosial müdafiə qurumlarının doğru-düzgün çalışmasıdır. Azərbaycan üçün xarakterik olan korrupsiya, rüşvət halları, vətəndaşların əsassız olaraq incidilməsi, bürokratik əngəllər, haqsız məhkəmə qərarları dayandırılmalıdır. Ölkə bütün gücünü toplayıb, düşməni məğlub etmək əzmini nümayiş etdirir. Daxildə bütün fəaliyyətlər qələbəyə istiqamətlənməlidir. Məmurun rüşvət alması, polisin, məhkəmənin vətəndaşı incitməsi dövlətə vurulan zərbə sayılmalıdır. Bunun ən effektiv yollarından biri ictimai nəzarətin təmin olunmasıdır. Əgər belə hallar varsa, onu ictimai qınağa hədəf edib, cəmiyyətə nümayiş etdirmək lazımdır.

Daha mühüm bir amil şəhid alilələrinə, yaralananlara, cəbhədə döyüşənlərin ailələrinə ictimai diqqətin, dəstəyin təmin olunmasıdır. Əlbəttə, dövlət üzərinə düşəni edir, amma bu sahədə cəmiyyətin birlik və dirilik göstərməsi çox vacibdir. Bunu müxtəlif dəstək kampaniyaları ilə etmək mümkündür. Təcrübə göstərir ki, cəmiyyətin əksər təbəqələri bu işdə fəaldır, kömək etməyə, yardım göstərməyə həvəslidir. Yaxşı olar ki, itimai liderlər, vətəndaş cəmiyyəti qurumları bu kampaniyaları təşkil etməkdə nümunə göstərsinlər. Bu, təkcə maddi dəstək baxımdan deyil, ordumuza, vətən uğrunda qurbanlar verən hər bir vətəndaşa, onun ailəsinə cəmiyyətin dəstəyinin, birliyin, həmrəyliyin nümunəsinə çevriləcək.

Unutmayaq, böyük qələbələri gətirən əsas meyar haqlı olmaq, bir olmaq, həmrəy olmaqdan keçir. Ümid edirik ki, cəmiyyət ordumuzun apardığı gərgin döyüşlərin ağırlığını öz çiynində, qəlbinə hiss edib, bütün gücünü qələbə üçün səfərbər edəcək!

Turqut