Arlinqtonda nəticə verməyən görüş
Növbəti danışıqlarda da heç bir nəticə əldə olunmasa, Azərbaycan problemi güc yolu ilə həll etmək məcburiyyətində qala bilər
30 İyun 2023
ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün növbəti raundu başa çatıb.
Tərəflərdən heç biri danışıqlarla bağlı geniş informasiya vermir. Yəni, hansı müzakirə olunan məsələlərin tam siyahısı bəlli deyil, barəsində razılıq əldə edilən problemlərin nədən ibarət olduğu bilinmir. Azərbaycan tərəfi, elə ABŞ da hansı məsələlərin ölü nöqtədən tərpənmədiyini açıqlamır. Ermənistan tərəfi isə bu məsələlərin nədən ibarət olduğunu ilə bağlı kiçik informasiya verib. Bu barədə bir qədər sonra.
Bütün hallarda, görüşdən dərhal sonra verilən ümumi bəyanatlar hələ də ciddi problemlərin qaldığını göstərir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Arlinqton şəhərinin Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilən danışıqlarla bağlı açıqlamasında nazirlər və onların heyətləri arasında keçirilər danışıqlarda əlavə tərəqqiyə nail olunduğu bildirilir:
“Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”.
ABŞ-ın dövlət katibi Antoni Blinken də ən çətin məsələlərin həllinin sonraya qaldığını qeyd edib. O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bu, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb. Mən sülh sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanması, eləcə də qalan məsələlər üzrə tərəflərin mövqelərinin anlaşılmasının dərinləşdirilməsilə bağlı bu ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Və onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”.
Bəs sonraya qalan məsələlər nədir? Qayıdaq, erməni tərəfinin açıqlamasına. Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Yerevan və Bakının razılığa gəlmədiyi məsələləri açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin üçgünlük görüşü zamanı tərəflər "Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, qoşunların geri çəkilməsi, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılması" ilə bağlı məsələlərdə razılığa gəlməyiblər. Hazırda bu məsələlərlə bağlı mövqelər fərqlidir, - Kostanyan Ermənistan KİV-ə bildirib.
Kostanyan bildirib ki, rəsmi Yerevan və Bakı bütün bəndlər üzrə razılığa gəldikdə sülh müqaviləsi imzalanacaq: “Hələlik Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin növbəti görüşü ilə dəqiq tarix yoxdur”.
Göründüyü kimi, ən əsas məsələlərdə razılaşma yoxdur. Məsələn, Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi məsələsində tərəflər razılıq əldə etməyiblər. Ehtimal etmək olar ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan hələ birinci Qarabağ müharibəsi zamanı işğal edilən anklavları qaytarmaq niyyətində deyil.
Bundan başqa, İrəvan Bakını 44 günlük müharibədən sonrakı dövrdə “Ermənistanın suveren ərazilərini tutmaqda” ittiham edir. Bakı isə heç bir əraziyə girmədiyini və bu ərazilərin hələ Sovet dövründən Azərbaycana aid olduğunu bildirir. Yeri gəlmişkən, qoşunların geri çəkilməsi məsələsində razılıq əldə olunmaması bununla bağlı ola bilər. Çünki ermənilər hər dəfə Azərbaycanı qoşunlarını həmin ərazidən çıxmağa çağırırlar.
Azərbaycan isə Ermənistandan Qarabağdakı hərbi qüvvələrini çıxartmağı tələb edir. İrəvan Qarabağda əsgəri olmadığını bildirsə də, Azərbaycan ordusunun bir neçə gün öncə həyata keçirdiyi “Qisas” əməliyyatı hər şeyi sübut etdi. Əməliyyat zamanı öldürülən 5 erməni silahlısından ikisinin Ermənistan ordusunun əsgəri olduğu üzə çıxıb.
Nəhayət, “Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı” məsələsi. Ermənistan tərəfi beynəlxalq dialoq mexanizminin yaradılması məsələsini tələb kimi qoyur. Azərbaycan isə bu məsələnin ölkənin daxili işi olduğunu bildirərək, nəinki bu tələbi qəbul etmir, həm də Qarabağdakı erməni əhalisinə “heç bir əlavə təminat” verilməyəcəyini qeyd edir.
Beləliklə, nikbin bəyanatlara baxmayaraq, əslində ciddi heç nə dəyişməyib. Azərbaycan tərəfinin sərhədlərin müəyyənləşdirilməsi, Ermənistan qoşunlarının Qarabağ ərazisindən çıxarılması tələbləri məsələsində irəliləyiş yoxdur. Erməni tərəfinin “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı” məsələsində də onların xeyrinə güzəştə gedilməyib.
Əgər növbəti danışıqlarda da heç bir nəticə əldə olunmasa, Azərbaycan tərəfi problemi güc yolu ilə həll etmək məcburiyyətində qala bilər. Erməni tərəfi 30 il olduğu kimi bu danışıqları da acı bağırsaq kimi uzatmağa çalışır. Azərbaycan, eləcə də Rusiyanı Qarabağdan, Qafqazdan çıxarmağa çalışan Qərb isə məsələyə tez bir zamanda nöqtə qoymaqda maraqlıdır.
Çünki cəmi 2 il sonra Rusiya “sülhməramlı” qüvvələrinin qalması və ya getməsi məsələsi həll olunacaq.
Press Klub