Logo
news content
User
Kateqoriyalar

Analitika

Araikin “son həftəsi”
Boğazı əldə olan separatçıların lideri kimi və nəylə hədələyir?

Özünü "Dağlıq Qarabağın prezidenti" elan edən Araik Arutyunyan

Bu günlərdə yerli televiziya ilə çıxış edib. O, şikayətlənib ki, Azərbaycan heç zaman separatçılarla “real dialoq” aparmaq arzusunda olmayıb “Biz blokada başlayandan, beynəlxalq ictimaiyyətin müxtəlif aktorlarının blokadanın qaldırılması üçün addımlar atacağına ümid edirdik, amma yalnız xoş arzular eşitdik”, - deyə qanunsuz rejimin başçısı gileylənib.

Arutyunyan bəyan edib ki, “hazırkı ağır vəziyyəti, humanitar və təhlükəsizlik sahəsində gözlənilən fəlakəti nəzərə alaraq” “son çarəyə” əl atıb, yəni Xankəndinin əsas meydanında başlayan “oturaq aksiyaya” qoşulmaq qərarına gəldiyini bildirib.

Daha sonra o, Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Aİ, BMT Təhlükəsizlik Şurasının Azərbaycana təzyiq göstərəcəyini gözlədiyini qeyd edib.

“Əgər yaxın həftə ərzində beynəlxalq müdaxilə ilə “Artsax” xalqının vəziyyəti az-çox sabit və normal şəraitə qayıtmasa, biz bundan sonra həm “Artsaxda”, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq. Bu, taleyüklü andır”, - Arutyunyan bəyan edib.

Xankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov bununla bağlı Press Kluba açıqlamasında deyib ki, Qarabağ ətrafındakı vəziyyət, Arutyunyan və onun silahdaşlarının əməlləri ona Molla Nəsrəddinlə bağlı məlum lətifəni xatırladır.

“Molla Nəsrəddin yad kəndə gələrək, yerli sakinlərə deyir ki, “əgər məni yedizdirməsəniz, qonşu kənddə etdiyimi burda da edəcəyəm”. Qorxuya düşən kənd sakinləri onu yedizdirirlər, sonra ehtiyatla soruşurlar: “O biri kənddə nə etmisən?” Cavabında deyir: “Onları tərk edib, bura gəlmişəm”. Yəni, Araikin hədələri də eyni dərəcədə dişsizdir və üzünü kimə tutduğu bəlli deyil. Bu, yel dəyirmanı ilə davaya oxşayır”.

Öz tərəfimizdən qeyd edək ki, diqqəti ən çox Arutyunyanın nitqinin son hissəsi cəlb edir. Birincisi, Araikin hansı “beynəlxalq müdaxilədən” danışdığı aydın deyil. “Beynəlxalq müdaxilə” özünü necə ifadə etməlidir? Bəlkə, beynəlxalq hüquq müstəvisində hansısa alət var ki, onun köməyi ilə müstəqil dövləti öz ərazisində, öz sərhədləri daxilində hər hansı tədbir görməyə məcbur etmək olar? Mümkündür ki, Fransa “cəza” olaraq Xəzər şelfindəki neft-qaz sektorunda Azərbaycanla əməkdaşlıqdan imtina etməyə cəhd edə bilə. Amma bu, onun maraqlarına uyğundurmu?

İkincisi, Araikin əl atmağa hazırlaşdığı “həm “Artsaxda”, həm də onun hüdudlarından kənarda daha sərt tədbirlər” nə deməkdir? Bu təhdidlər nəyə dəyər? Separatçıların başçısının belə vəd verməsinin arxasında nə dayanır?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev öz növbəsində Araik Arutyunyanın sözlərinə əhəmiyyət verməyə ehtiyac olmadığını deyir.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vyanada verdiyi bəyanata baxsaq, indi Azərbaycana həm Ermənistan, həm də digər dövlətlər tərəfindən təzyiq edilir. “Və əlbəttə, Araik burada müəyyən rol oynayır. Amma ümumilikdə bu rol çox əhəmiyyətsizdir. Ona görə də Azərbaycan bütün bu təhdid və təzyiqlərə həmişəki kimi reaksiya verir – siyasətini dəyişmir. Bizdə hər şey aydındır. İnteqrasiya məsələləri davam etdiriləcək, Laçın yolunun girişindəki sərhəd məntəqəsi yerində qalacaq. Buna görə də, bütün bunlara məhəl qoymamaq və Araik kimi subyektlərin sözlərinə əhəmiyyət verməmək lazımdır", - deyə diplomat hesab edir.

Öz növbəsində professor İbrahimov da əlavə edir ki, oturaq, ayaq üstə duraraq aksiya və ya hər hansı başqa formadakı tətilə gəlincə, bu, onların öz ideyalarını dəstəkləmək üçün sadəcə olaraq heç bir alətlərinin qalmadığının sübutundan başqa bir şey deyil. “Hətta bir şeyi deyim: onlar beynəlxalq müdaxilədən danışırlar. Ola bilsin, kimsə üçüncü şəxslər vasitəsilə kiməsə nəsə vəd edib və onlar hələ də ümid edirlər ki, bu vəd reallaşacaq və hansısa qüvvələr vəziyyətə müdaxilə etməyə başlayacaq. Amma bunun üçün heç bir əsas yoxdur və bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq”.

Politoloq deyir ki, bu, nəzəri olaraq mümkündür, bunu əvvəllər İraqda, Kosovoda görmüşük. “Amma bütün dünya bölgəmizin ətrafındakı vəziyyəti bildiyi halda, Qarabağ erməniləri uğrunda kim “döyüşəcək”? Parisə və onun enerji layihələri vasitəsilə Bakıya təzyiq göstərmək cəhdlərinə gəlincə, bu, Azərbaycana qarşı deyil, Fransanın özünə qarşı oynayacaq. Axı, necə deyərlər, müqəddəs yer boş qalmaz və istənilən xarici enerji şirkəti həvəslə “Total”ın yerini tutacaq. Yəni bu, Fransadan daha çox Azərbaycan üçün effektiv vasitədir. Separatçılardan hansı təhdidlər ola bilər? Heç bir. Yenə deyirəm, bu vəziyyət zarafatı xatırladır”, - deyə Cənubi Koreyada çalışan azərbaycanlı alim yekunlaşdırıb.

Rauf Orucov