Logo
news content
User
Kateqoriyalar

Analitika

Araikin boş qalan çadırı və ölən ümidləri
Separatçıların liderinin ultimativ formada bəyan etdiyi vaxt bitdi və... heç nə olmadı

Bir həftə keçdi və heç nə olmadı. Söhbət adi həftədən yox, Qarabağ separatçılarının “prezidenti” Araik Arutyunyanın bütün dünyaya verdiyi bir həftə vaxtdan gedir.

Arutyunyan Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın iyulun 15-də Brüsseldə keçirdikləri və bir çox ekspertlər tərəfindən sülh müqaviləsinə doğru daha bir önəmli addım kimi qiymətləndirdikləri Brüssel görüşündən sonra hərəkətə gəlmişdi. İyulun 17-də iqamətgahını tərk edərək Xankəndinin “Dirçəliş” meydanında qurulmuş çadıra girən Arutyunyan “qəti qərar qəbul etdiyini” və oturaq aksiyaya qoşulduğunu bəyan etmişdi. Düzdür, bu zaman o, “qəti qərarın” hansı anlama gəldiyi və ümumiyyətlə, hansı nəticəyə gətirib çıxaracağını açqlamamışdı.   

Separatçıların lideri elə o zaman bəyanatla çıxış edərək, vəziyyətin düzəlməsi üçün bir həftə vaxt vermişdi. Sitat: “Əgər bir həftə ərzində beynəlxalq müdaxilə nəticəsində Artsax xalqının vəziyyəti stabil və normal məcrasına qayıtmasa, biz həm Artsaxda, həm də onun hüdudlarından kənarda sərt addımlara əl atacağıq. Taleyimizin həll olunduğu andır”.

Araik bəyanatında hansı “beynəlxalq müdaxilə”ni hansı formada nəzərdə tutduğunu açıqlamamışdı. Heç əl atacaqları “sərt addımlar”ın da nədən ibarət olduğu bəlli deyildi. Düzünə qalsa, o, bu bəyanatı verərkən kimə xəbərdarlıq etdiyi də bəlli deyildi. Bəyanat rəsmi Bakıyamı ünvanlanmışdı, yoxsa Ermənistan və Rusiya tərəfini hədələyirdi və ya, ümumiyyətlə, ABŞ-ı nəzərdə tuturdu? Bilinmirdi.

Budur, boğazı əldə olan, Qarabağdan çıxa bilməyən və Azərbaycan tərəfindən axtarışa verilən separatçıların liderinin qoyduğu “bir həftəlik vaxt” iyulun 24-də başa çatdı. Az qala bütün dünyanın nəfəsini içinə çəkərək gözlədiyi sərt addım... və heç nə olmadı.

Çadırından çıxan Araik Arutyunyan bir daha Üçtərəfli Bəyanatın altından imza atanlara üz tutaraq “Artsax Respublikasının” 225 günlük nisbi və 40 günlük tam blokadasının aradan qaldırılmasını, “Laçın dəhlizinin hüquqi rejiminin” bərpa olunmasını” tələb etdi və “qarşıdan gələn faciənin” məsuliyyətinin bu bəyanatı imzalayanların üzərinə düşəcəyini bildirdi.

Daha sonra separatçıların liderinin yerli mətbuat nümayəndələri üçün brifinq keçirəcəyi deyilsə də, bu da baş tutmadı. Sosial şəbəkələrdə və Ermənistan mediasında yayılan şərhlərə görə, Arutyunyan ona ünvanlanacağı gözlənilən kəskin suallar qarşısında aciz qalacağını bildiyi üçün mətbuat konfransından imtina edib. Nəhayət, onun axşam saat 19:00-da videomüraciət yayacağı açıqlandı. Amma... videomüraciət də alınmadı.  

Gözlənilən baş verdi və deyəsən, separatçıların yeganə ümidi də tarixə qovuşdu. “Hraparak” qəzetinin məlumatına görə, Araikin söz verdiyi “sərt tədbirlər” Ermənistanda və Qarabağda birgə aksiyaların keçirilməsindən o yana keçməyəcək. Onu da ki, Yerevan polisi icazə versə... 

Bu arada kiçik tarixi ekskurs edib, ermənilərin sərt tələbləri və qoyduqları vaxtı xatırlayaq:

*2022-ci il 24 dekabr. Separatçılar Rusiya sülhməramlılarının rəhbəri general Volkova 48 saat vaxt veriblər. Artıq 211 gün keçib.

*2023-cü il 28 aprel. Separatçılar Azərbaycana 1 həftə vaxt veriblər. Üstündən 88 gün keçib.

* 2023-cü il 5 iyul. Separatçılar Putinə 7 gün vaxt veriblər. Üstündən 20 gün keçib.

*2023-cü il 12 iyul. Separatçılar 14-15 iyuldan sonra sərt tədbir görməyə söz veriblər. Üstündən 13 gün keçib.

*Nəhayət, 2023-cü il 17 iyul. Separatçıların lideri Araik Arutyunyan kiməsə 1 həftə vaxt verdi. Dünən bu müddət başa çatdı. Səs-səmir yoxdur...

Press Klub