Logo
news content
User
Kateqoriyalar

Analitika

Aqil Abbas: “Minsk Qrupunu tanımıram”

Müharibə mövzusunda növbəti həmsöhbətimiz Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbasdır.

  • Aqil müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • Bəli. Qəfil, heç kəs bilmədən, nə biz, nə dünya, nə də Ermənistanın xəbəri olmadan, elə bu cür başlamalı idi. Mən hiss edirdim ki, bu savaş sentyabrda başlayacaq. Amma nəyə görə hiss edirdim, bunu demək olmaz. Xanımımla deyirdik ki, tezliklə nəsə gözlənilir. Ölkədə və ölkəmizdən kənarda bizə aid olan məsələləri, baş verən hadisələri müzakirə edirdik. İnanırdım ki, bu savaş baş verəcək.
  • Amma Minsk Qrupunun həmsədr ölkələri atəşkəsin bərpasını tələb edirlər. Bu barədə üç dəfə razılıq əldə olunsa da, erməni tərəfi buna riayət etməyib. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?
  • Mən hər zaman Minsk Qrupu barədə mətbuatda danışmışam. Ümumiyyətlə, həmin təşkilatı tanımıram. Onların danışıqlarına gəldikdə, bu danışaqlara nöqtəni Ali Baş Komandan qoydu. Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarından çıxmayına qədər döyüş davam edəcək. Onlar çıxandan sonra biz masa arxasında oturub, müəyyən məsələləri həll edə bilərik. Yəni danışıqlar söhbətinə Ali Baş Komandan nöqtəni qoydusa, o, sözünü heç vaxt geri götürməz. Danışıqlar yalnız ondan ibarətdir ki, humanitar atəşkəs elan olsun. Bu şans onlara verildi, ancaq üç dəfə həmin atəşkəsi pozdular, özü də bunu dinc əhaliyə qarşı etdilər. Biri var ki, bu atəşkəsi döyüşdə pozalar, biri də var ki, dinc əhaliyə qarşı… İki dəfə Gəncə, Bərdə, Mingəçevir, Yevlax, hətta Xızıya raketlərlə hücum etdilər. Sərhəd bölgələrindən 100 km uzaq məsafələrə atırlar. Onlar danışıqları yalnız vaxt qazanıb, toparlanmaq, xarici ölkələrə yalvarıb, nəsə almaq üçün edirlər. İndi isə danışıqlar Cenevrədədir. Mən hər zaman Elmar Məmmədyarovu tənqid etmişəm, indi vəzifədən uzaqlaşdırılıb deyə, arxasınca danışıram kimi çıxmasın. Möhtərəm prezidentin Elmar Məmmədyarovu azad edib, yerinə Ceyhun Bayramovu təyin etməsi mənə ən ləzzət edən məqam oldu. Ceyhun Bayramovun özünü necə yüksək səviyyəli diplomat kimi aparmasını görürsünüz. İnsanların bədən dili də danışır. Ceyhun Bayramovun həm sözlərinə, həm də bədən dilinə fikir verin. O, qalib ölkənin diplomatı kimi özünü aparır. Bunu deməkdə məqsədim odur ki, biz hər zaman danışıqların tərəfdarı olmuşuq. Danışıq istəyirlərsə, gəlsinlər, danışaq. Onlar yeddi şərt qoyub, möhtərəm prezidentimiz də bircə şərt qoyub. Onu da bir az öncə qeyd etdim.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Rusiya bu günə qədər neytral bir mövqe sərgiləyir. Rusiyanın prezidenti Putin dalbadal müsahibələrində də deyir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan öz torpaqlarında döyüşür, savaş Ermənistan ərazisində getmədiyi üçün KTMT bu işə qarışa bilməz. Bir qədər bitərəf mövqedə dayanır. Yəqin ki, belə də davam edəcək. Gördünüz ki, əvvəl deyirdilər, bu məsələdə Türkiyə iştirak edə bilməz, amma Putin sonuncu çıxışında dedi ki, Türkiyə və Rusiya atəşi dayandırmaq üçün müzakirələr aparır. Türkiyə onsuz da haqq-ədalətin tərəfindədir. Hörmətli Ərdoğan Qarabağla bağlı sərgilədiyi mövqeyinə görə bütün türk dünyasının sevimlisinə çevrilib.
  • Qarabağ müharibəsi mövzusunda yenidən yazmaq düşüncəniz varmı?
  • 1988-ci ildən bəri mən bir yazıçı kimi bir çox şey itirmişəm. Yəni mən artıq nə sevgidən, nə eşqdən heç bir şey yaza bilmirəm. Bütün qələmə aldıqlarım roman və povestlərim, hekayələrim də yalnız və yalnız Qarabağla bağlıdır. Qarabağla bağlı “Dolu” filmini də çəkdirdik. Ən çox sevilən filmlərdəndir. Aprel döyüşləri ilə bağlı da film təqdim etmişik. Bütün filmlərin sonunda yazılır ki, “Filmin sonu”, amma “Dolu” filminin sonunda “Filmin sonu” sözü yazılmır. Bizim ruhlar və əhali səngəri keçib, gedirlər üzü Şuşaya, Qarabağa… Film də həmin sonluqla bitir.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Hamının dediyini deyirəm: yumruq kimi bir olmalıyıq. Umu-küsünü bir kənara qoymalıyıq. Müharibədə qalib gələk, torpaqlarımızı azad edək, daha sonra kim demokratiya istəyir istəsin, kim partiya yaradır, yaratsın. Görürsünüz, bütün partiyalar prezidentin ətrafında birləşdi, xalq da birləşib. Amma mənə elə gəlir ki, elə müharibədən sonra da hamımız bir olacağıq. Çünki artıq Azərbaycan xalqına Şah İsmayıldan sonra ən böyük qələbəni Ali Baş Komandan gətirdi, gətirir və gətirəcək. Hələ bizim çoxlu işlərimiz qarşıdadır. Bərpa işlərimiz, şəhər və kəndlərimizi yenidən qurmaq, o qədər bu kimi problemlərin həllinə başımız qarışacaq ki, artıq siyasi söhbətləri saxlayacağıq. Siyasi söhbətlərə bir on ildən sonra bəlkə qayıdacağıq.
Ülviyyə Şahin