Logo
news content
User
Kateqoriyalar

Analitika

Amerikadan məktub, Mətbuat Şurası və Avqi tövlələri

Bu günlərdə Press Klubun saytında “Turan” agentliyinin direktoru Mehman Əliyevlə “Gecikmiş bir qatar gəlir” başlıqlı müsahibə dərc olunmuşdu. Orada söhbət hakimiyyətin KİV-ni idarə edən iki əsas fiquru, nəhayət, siyasi səhnəni tərk etdikdən sonra dağıdılmış medianı yenidən necə qurmalı olduğumuzdan gedirdi.

Müsahibə Azərbaycanda da, ölkədən kənarda da maraqlı reaksiyalara səbəb oldu. Oxucuların əksəriyyəti (onları “sosial şəbəkə istifadəçilərı” adlandırmağa dilim gəlmir, elə köhnə qaydada  “oxucu” desəm yaxşıdır) sözünü birbaşa müsahibə verən şəxsə deyirdi. Mənə isə, Press Klubun rəhbəri kimi, bir nəfər rəy göndərmişdi. Bu, amerikalı soydaşımız Babək Məmmədov idi, Feysbuk səhifəsindən aldığım məlumata görə, özü də yazı-pozu əhliydi və aramızda cəmi iki aylıq yaş fərqi olardı. 

“Arif, - Babək Məmmədov yazırdı, - adınızla müraciət etdiyimə görə üzr istəyirəm, ancaq Amerikada belədir. Boz kardinal öz “silahdaşıyanı” (bu söz ekspressiv cəhətdən daha yumşaq ifadə ilə əvəzlənib – A.A.) Əli Həsənovla getdi. Total nəzarət yoxdur. Yeni liberallar nisbi yumşaqlıq gətirəcəklər. “Avqi tövlələri”ni təmizləmək lazımdır. Amma Sizdən, Mehman Əliyevdən, Elçin Şıxlıdan eşitmədiyim bir şey var, bu da Amaşovun istefası tələbidir. Sizlərin müstəqil mətbuata rəhbərlik etməyinizin vaxtıdır. “Zerkalo” yeni formatda qayıtmalıdır. Hərəkət etmək zamanıdır. Yoxsa marginalların dalğası hər şeyi yuyub aparacaq. Onlar tarakanlar kimi deşiklərindən çıxıblar. Siz pozitivə dəstək verməlisiniz, yarımçıqlığı, qətiyyətsizliyi, səhvləri amansız tənqid etməlisiniz!”

Mən soydaşıma adi “diqqətinizə görə təşəkkür edirəm” cavabı verə bilməzdim. Ona görə yox ki, məktub çox uzaqdan göndərilmişdi. Babək Məmmədov elə mövzuya toxunurdu ki, onu biz burada tez-tez səsləndirməsək də, həmişə üzərində düşünürük: “Sonrası necə olacaq?” Bu sualın dolayısı ilə yalnız mediaya deyil, bütün millətə aid olduğu qənaəti ilə cavabımı saytda dərc etməyi qərara aldım: 

“Çalıışdığımız da elə budur: pozitivə dəstək olmaq, səhvləri tənqid etmək, plüralizmi genişləndirmək, cəmiyyətdə, ilk növbədə, mediada diskussiyalara rəvac vermək. Müsahibələrimiz, saytlarımız, “Turan”ın, “Zerkalo”nun, “Ayna”nın, Press Klubun fəaliyyəti buna yönəlib... Fikrimcə, bəzi dəyişikliklərə təsir göstərə bilirik. Amma, bilirsinizmi, ən dəhşətlisi nədir? Dəyişikliklərə hakimiyyətdən çox, jurnalistlər özləri müqavimət göstərirlər. Mehdiyev-Həsənov cütlüyü illərin səyi nəticəsində onları bu dərəcədə eybəcərləşdirib! Onlar bundan sonra həyatımızı, işimizi necə qurmalı olduğumuz barədə müzakirələrə meyl göstərmirlər. Əlimyandıda təzə sahib, yeni “əl” axtarırlar. Son vaxtlar qulların azadlığa münasibəti haqqında Qertsenin sözləri və Siseronun “qul azadlıq yox, öz qullarının olmasını istəyir” ifadəsi tez-tez yadıma düşür. Görünür, biz daha bir məyusluq dalğasının zərbəsinə davam gətirməliyik. Bununla belə, məsələnin sizin təklif etdiyiniz qaydada qoyuluşu ilə tamamilə razıyam. Davam etmək, “Avqi tövlələri”ni təmizləmək lazımdır! Amma xatırlayırsınızmı, həmin əfsanədə Herakl bunun üçün nə etmişdi? O əlinə bel almamışdı, iki çayın məcrasını dəyişib onların enerjisini axura yönəltmişdi. Bizim “çaylarımız” isə quruyub! Əvvəlcə onları su ilə doldurmaq lazımdır! Biz xaricdəki həmkarlarımızın köməyinə çox ümid edirik. Onların sayı yüzlərlədir. Sistemin təzyiqi altında ölkəni tərk etmək məcburiyyəti qarşısında qalan bu insanlar təkcə azadlıqlarını, ləyaqətlərini deyil, peşəkarlıqlarını da qoruya, hətta artıra biliblər. Bizə məsləhət verən, yol göstərənlərin hamısına “çox sağ olun” deyirik. Eyni zamanda hamını bu prosesə qoşulmağa çağırırıq. Ölkənin barmaqla sayılası qədər professional, amma zəiflədilmiş və kiçik azlıqda qalmış media qurumlarının gücləndirilməsinə yardım istəyirik. Gedənləri, “bütün risklər arxada qalıb” deyə, geri səsləməyə cürət etmirəm. Hərçənd, məsələn, Rauf Mirqədirov kimi vicdanlı, ağıllı, cəsarətli jurnalistlərimizi yanımızda görməyi çox arzulayıram. Hətta ona Press Klubun saytında redaktor yeri təklif etməyə hazıram! Amma axı bunsuz da materiallarla, başqa formada iştirakla işə kömək etmək mümkündür! Amaşovun istefası məsələsini niyə qaldırmadığımız barədə sualınıza gəldikdə isə, ərz edim ki, Amaşov bizim ölçü sistemimizdə çoxdan sıfırdır. O, əvəzsiz rəhbərlik etdiyi bütün Mətbuat Şurası kimi, heç nə həll etmir, öz taleyinin yuxarılarda necə həll olunacağını gözləyir. Ümumiyyətlə isə, Sizə deyim ki, Mətbuat Şurasının ölkə mediasının həyatındakı rolu süni surətdə şişirdilib. Mətbuat Şurası – medianın məhkəmədənqabaq özünütənzimləmə orqanıdır, o, peşə etikası standartları ilə məşğul olmalı və gələn şikayətləri araşdırmalıdır. Mətbuat Şurası – Jurnalist İttifaqı deyil, İttifaqın statusu daha böyük, səlahiyyətləri daha genişdir. Vaxtilə prezident administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsi Azərbaycan Jurnalistlər İttifaqını, “Yeni Nəsil” Jurnalistlər Birliyini, Bakı Mətbuat Klubunu öz iradəsinə tabe etdirə bilmədi. Ona görə bütün qanuni və qeyri-qanuni yollarla onların fəaliyyətini faktiki olaraq blokladı, hər yerdə Mətbuat Şurasını önə çıxardı. Bu “şar” tezliklə partlayacaq, MŞ öz doğal vəziyyətinə və işinə qayıdacaq, Amaşovla məsələsini isə qoy, Sizin təbirinizcə desək, “silahdaşıyanlıq” elədiyi hakimiyyət özü çürütsün.

Mənə göndərdiyiniz məktubunuza, məsləhət və suallarınıza görə, Babək (izninizlə, mən də Sizə amerikansayağı adınızla müraciət edim), minnətdarlığımı bildirirəm. Onlar olmasaydı, mən də bütöv bir məqalə boyda bu cavabımı yazmazdım. İcazə verin, onu Sizin gerçəkdən ədalətli saydığım öz sözlərinizlə yekunlaşdırım: “Hərəkət etmək zamanıdır. Yoxsa marginalların dalğası hər şeyi yuyub aparacaq. Onlar tarakanlar kimi deşiklərindən çıxıblar!”

Arif Əliyev