Logo
news content
User
Kateqoriyalar

Analitika

Alternativ enerji strategiyası: işıq gələn tərəfə necə getməli?
Sıravi vətəndaş alternativ enerjidən istifadəyə etməklə xərclərini azalda, hətta gəlir əldə edə bilər

“Yaşıl strategiya”lı “çəhrayı iqtisadiyyat” silsiləsindən birinci yazı

Bakı sakini, 45 yaşlı Sergey Barsukov altı aydır ki, işıqpulu ödəmir, amma televizoru da işləyir, paltaryuyanı da, tozsoranı da. İstəyəndə evdə lampaların hamısını birdən yandırır. “Azərişıq” isə ona heç nə deyə bilmir, çünki dövlətə bir qəpik borcu yoxdur.

Sergey həyətində günəş panelləri quraşdırıb və evinin enerjiyə ehtiyacını özü təmin edir. Təbii ki, bir vaxtlar Neft və Sənaye Universitetinin energetika fakültəsində təhsil alması və hazırda mühəndis işləməsi karına gəlib. 

Barsukov alternativ enerjidən istifadə fikrinə necə düşdüyünü danışır:

“İlk dəfə 2010-cu ildə mobil telefonlara enerji doldurmaq üçün günəş batareyalarından istifadə edildiyini öyrənəndə çox təəcübləndim. Gedib özümə kiçicik, 3x8 sm ölçüsündə günəş batareyaları aldım. Doqquz batareyanı ardıcıl birləşdirdim və panel düzəltdim, onu açıq bir sahədə gün altında quraşdırdım. Bütün sxemi izah etməyəcəm, amma deyim ki, çox sadə sistem idi və nəticədə telefonumu doldurmağa bəs edəcək qədər cərəyan aldım. Sevincimin həddi-hüdudu yox idi. Təbii ki, bu uğur mənim alternativ enerjiyə marağımı artırdı. Telefonumu günəş enerjisi hesabına doldururamsa, bunu evim üçün niyə etməyim? O vaxt indiki kimi ucuz və effektiv günəş panelləri tapmaq çətin idi, iri panellər indikindən 10 dəfə baha başa gəlirdi. Ona görə gözləmək qərarına gəldim. Altı ay əvvəl isə başa düşdüm ki, yeni günəş panelləri almaq və sistemi ən son texniki imkanlara uyğun yığmaq vaxtıdır. Yeri gəlmişkən, köhnə panellər hələ də əla işləyir və yenilərinə kömək edir”.

Sergey öz əli ilə qurduğu sistemin üstünlüklərini sadalayır:

“Əvvəla, mənim evim enerjini tam müstəqil mənbədən alır. Yəni, “Azərişıq”dan asılılığım, demək olar, qalmayıb. Hamının işıqları sönəndə mənimkilər yanır. Evimin içindən tutmuş çölünə qədər hər şey günəş enerjisi hesabına işləyir. Əlbəttə, enerjinin saxlanması və gecələr istifadəsi üçün batareyalarım da var. Nəinki qıtlıq çəkmirəm, əksinə, əlimdə artıq enerji qalır. Bundan 500 litrlik su qazanının qızdırılması üçün istifadə edirəm. Yenə qalır. Hətta artığını “Azərişıq”a, ya elə öz qonşularıma sata bilərəm. Bunu etmək istərdim, amma mümkün deyil, fərdi qaydada enerji tədarükçüsünə çevrilməyimə imkan verilmir. Bu sahədə aradan qaldırılmalı olan o qədər hüquqi və bürokratik əngəllər var ki!” 

Panellərdən istifadəyə görə Sergey heç bir vergi ödəmir. Deyir ki, Azərbaycanda alternativ enerjidən istifadə dövlət rüsumlarından azaddır. 

“Günəş panellərinin qiyməti ucuzlaşır, elektrik enerjisinin qiyməti isə artır. Yəni, yaşıl enerji daha səmərəli və ətraf mühit üçün zərərsizdir. Alternativ enerjidən istifadə - gələcəyə addımdır, bu yola istiqamətlənmək və onu sürətlə keçmək lazımdır” – Barsukov belə düşünür.

Sergeyin təcrübəsi göstərir ki, sıravi bir vətəndaş fərdi qaydada alternativ enerjidən istifadəyə keçib, nəinki xərclərini azalda, hətta gəlir əldə edə bilər. Ancaq Barsukovun müsahibəsində ən diqqətçəkən məqam onun enerji tədarükçüsünə çevrilə bilməməsidir. Yəni, Azərbaycanda bir vətəndaşın özü istehsal etdiyi enerjinin artığını nə dövlətə, nə də qonşularına daha ucuz qiymətə satmasına imkan verilmir. Hətta buna görə onu məsuliyyətə cəlb edə bilərlər. Təkcə bu fakt Azərbaycanın alternativ enerji strategiyasında ciddi boşluqlar olduğuna dəlalətdir.

Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri, alternativ enerji mənbələrinin öyrənilməsi üzrə mütəxəssis Ceyhun Xəlilov da belə deyir.

“İstehlakçının artıq qalan enerjini dövlətə sata bilməsi praktikası çox ölkələrdə var. Post-sovet ölkələrindən Gürcüstan və Ukraynada bu sistem qanunvericiliklə tənzimlənir. Azərbaycanda da eyni sahədəki hüquqi və bürokratik əngəllər aradan qaldırılmalıdır. Fərdi qaydada alternativ enerji mənbələrindən istifadə edən vətəndaşların ikitərəfli sayğacları olmalıdır, istifadədən artıq qalan enerji “Azərişıq” tərəfindən alınmalıdır. Təəssüf ki, hansısa məmur marağı əsasında belə sayğacların ölkəyə gətrilməsinin qarşısı alınır. Zənnimcə, bu tipli sayğacların istifadəsinin qarşısının süni şəkildə alınması günəş stansiyalarına kapital qoyuluşunun bahalaşdırılmasına hesablanıb. İndiki halda istehlakçı məcbur qalıb əlavə akkumulyatorlar almalıdır ki, bu da çox baha olduğundan ona sərf etmir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda fiziki şəxslərin enerji tədarükçüsünə çevrilməsi əslində qanunla dəstəklənir:

““Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində aktiv istehlakçının dəstəklənməsi mexanizmi göstərilir. Orada qeyd olunur ki, istehlakçılar elektrik enerjisi istifadəsini tam və ya qismən təmin etmək üçün stansiyalar quraşdıra və istehsal etdikləri elektrik enerjisinin artıq hissəsini əvəzləşdirmək məqsədilə təchizat şəbəkəsinə ötürə bilərlər. Və istehlak istehsaldan çox olduqda, şəbəkədən əlavə elektrik enerjisi götürə bilərlər. Eyni qanunda qalıq elektrik enerjisinin dəyərinin necə hesablanacağı da göstərilib. Yazılıb ki, şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən az olduqda, təchizatçısı fərqin dəyərini mövcud topdansatış qiymətlərlə istehlakçıya ödəyir. Yəni, Azərbaycanda panellər hesabına alternativ enerji istehsal edən fiziki şəxslərin artıq enerjilərini dövlətə sata bilməsi qanunla təsbit olunub”.

Bəs onda qanun niyə işləmir? Ceyhun Xəlilov buna da aydınlıq gətirir:

“2021-ci il iyulun 12-də Prezident dediyimiz qanunun tətbiqi barədə 1387 nömrəli Fərman iverdi. Beş gün sonra Baş nazir Əli Əsədov bu Fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda göstərilirdi ki, qanunun 1.1.12-ci və 10.4-cü maddələrinə uyğun olaraq istehsal edilən elektrik enerjisinin güc həddi, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları ilə bağlı təkliflər səkkiz ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmalıdır. İki ildən artıq vaxt keçməsinə baxmayaraq, təkliflər təqdim edilməyib. Yalnız onlar təsdiqləndikdən sonra fiziki şəxslərin dövlətə enerji satması mümkün olacaq”.

Ali dövlət rəhbərlərinin bilavasitə tabeçılıyındə olan şəxslərin və qurumların onların fərman və sərəncamlarını yerinə yetirməməsi, heç şübhəsiz, unutqanlıqdan irəli gəlmir. Elə isə, qanunun tələblərinin icrasının illərlə gecikdirilməsinin səbəbi nədir?

Ənənəvi enerji resursları tükənir, lakin alternativ enerji bərpa olunan sərvətdir, tükənmir və onun istehsalı ekologiyaya ziyan vurmur. Ona görə də hökumət sıravi vətəndaşların alternativ enerjiyə yönəlməsini dəstəkləməli, burada güzəştli tariflər tətbiq etməli və stimullaşdırıcı addımlar atmalıdır.

Bürokratik əngəllər aradan qaldırılsa və alternativ enerji ilə bağlı yeni hüquqi baza işə salınsa, bu, ölkənin enerji potensialının artmasına və əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxaracaq. Məsələn, vətəndaş istehsal etdiyi enerjinin qalığını bazarda dövləti təmsil edən “Azərişıq”a sata bilsə, quraşdırdığı panellərin illik amortizasiya xərclərini, bəlkə də daha artığını geri götürəcək. Sonucda nəinki ölkənin enerji təminatında problemlər aradan qalxacaq, habelə Azərbaycan elektrik enerjisinin ixracını artıracaq. Yəni, bu, həm vətəndaşın, həm də dövlətin büdcəsinə xeyir verəcək.

Ancaq adının çəkilməsini istəməyən, uzun illər ölkədə alternativ enerji strategiyasının icrası ilə məşğul olmuş bir mütəxəssis bildirir ki, həmin xeyirdən “ziyan” görənlər də olacaq:

“Çünki enerji tədarükçülərinin artması ölkədə elektrik enerjisinin günü-gündən artan qiymətini əhəmiyyətli dərəcədə ucuzlaşacaq. Vətəndaşın nəinki dövlətə, hətta öz qonşularına da enerji sata bilməsi qanunla tənzimlənsə, “Azərişıq”ın bazardakı monopoliyasına son qoyulacaq...”

Azərbaycan alternativ enerjiyə keçidlə bağlı tədbirlər planını genişləndirir, yeni hədəflər müəyyənləşdirir, böyük layihələr imzalayır. Amma XX əsrdə belə layihələr və yüksək ambisiyalı dövlət proqramları az olmayıb. Təəssüf ki, haqqında bəhs etdiyimiz qanun müddəası kimi, onların da çoxunu prosesdə iştirak edən qurumlar arasında çəkişmələr, məmur maraqları hədəfdən yayındırıb. Təkcə bunu demək kifayətdir ki, bərpa olunan enerji mənbələrinə dair proqramların icrasını təmin etmək məqsədi ilə təsis olunmuş dövlət qurumunun özü yaradıldığı gündən (2009) bəri həmin çəkişmələrin burulğanındadır: bir neçə dəfə ləğv olunaraq yenidən qurulub, gah statusu, gah tabeçiliyi dəyişdirilib və proses hələ də yekunlaşmayıb. Bu məqaləni hazırlayarkən stansiyalarda çəkiliş etmək üçün kimdən icazə almalı olduğumuzu müəyyənləşdirə bilmədik.  

Bəs rəsmi Bakının növbəti yaşıl enerji strategiyası özündə nələri ehtiva edir? O tərtib edilərkən əvvəlki təcrübə, səhvlər nəzərə alınıbmı? 

Ümumiyyətlə, bərpa olunan enerji sahəsində inkişafı 19 ildir daxili siyasət strategiyasının prioritet istiqamətlərindən birinə çevirmiş rəsmi Bakı bu istiqamətdə ciddi irəliləyişlərə mane olan amilləri niyə indiyədək aradan qaldırmayib?

Azərbaycan post-sovet məkanında bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı hazırlamış ilk ölkədir. Onu Prezident İlham Əliyev 2004-cü ilin 21 oktyabrında təsdiq edib. Proqramda, xarici təcrübə örnək alınaraq, Azərbaycanın alternativ enerji resurslarının dəqiq hesablanması və istifadəsi ilə bağlı tapşırıqlar öz əksini tapıb. 

Tapşırıqların böyük xərclərlə bağlı hissələri – layihələndirmək, tikmək, yenidən qurmaq, avadanlıq almaq, təşkilat və mərkəzlər yaratmaq – artıqlaması ilə yerinə yetirilib. Dediyimiz kimi, təkcə bu sahədə Baş Təşkilat olan Dövlət Agentliyinin özü 4 dəfə yaradılıb, ləğv olunub, bir də yığılıb, bir də dağılıb. Amma “alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması”, “bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi” kimi tapşırıqlara gəldikdə, Bakı sakini Sergey Barsukovun hekayəti real vəziyyətin nə yerdə olduğunu göstərir. 

Azərbaycanda alternativ enerji potensialının hesablanması da görülən işlər arasındadır. Energetika nazirliyinin məlumatına görə, ölkədə bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bunlar nəhəng rəqəmlərdir və məhz onların əsasında hökumət nəzəri cəhətdən kifayət qədər uğurlu sayıla biləcək daha bir inkişaf proqramı – yaşıl enerji strategiyası formalaşdırıb. Qarşıya yeni möhtəşəm hədəflər qoyulub. 

Hələ 2015-ci ildə bildirilirdi ki, 5 il sonra Azərbaycanda ümumən istehsal olunacaq elektrik enerjisinin azı 20% hissəsi alternativ mənbələr hesabına əldə olunacaq. 2023-cü ilin iyununda isə bu sahədə qazanılmış uğurları sadalayan Energetika Nazirliyi rəsmən elan etdi ki, bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7%-ni təşkil edir. Bəzi ekspertlərə görə, bu rəqəm də şişirdilib, amma biz ilk növbədə çatışmayan 13%-in hara, niyə və necə yoxa çıxdığını araşdırmaq istəyirik. “20 faiz” vədi, yəqin ki, boş yerdən verilməmişdi, konkret addımlara və real xərclərə əsaslanırdı. Gözümüz önündə iqlim şəraiti və yaşıl enerji mənbələrinə görə Azərbaycandan geri qalan bir çox Avropa ölkələrində eyni həddin artıq 30%-i ötməsi təcrübəsi var. Bəs indi necə, buraxılmış səhvlər nəzərə alınıb və aradan qaldırılıbmı, növbəti strateji plana həqiqətən sahəni gözəl bilən mütəxəssislər cəlb edilibmi, ictimaiyyətin onun icrasında iştirakını stimullaşdıran mexanizmlər yaradılıbmı? Yoxsa yeni proqramlar da köhnələrin dalınca gedəcək, biz isə bu prosesdə, heç passiv istehlakçı rolu da yox (olmayanın nəyini istehlak edəsən), biletsiz tamaşaçı rolu oynayacağıq?

(ardı var)

Press Klub