Logo
news content
User
Kateqoriyalar

Analitika

“Allahın dənizi”, yaxud 21-ci əsrdə Bakı çəpərləmələri
İki prezident sərəncamı və bir fərmandan güclü olan kimdir, nədir?   

(“Medianın ictimai nəzarətçi rolunun fəallaşdırılması” silsiləsindən)

Xəzər dənizinin sahil zolağının özəlləşdirilməsi, vətəndaşların çimərliklərdən maneəsiz və ödənişsiz istifadə edə bilməsi üçün indiyədək ölkə Prezidenti tərəfindən 2 sərəncam və 1 fərman imzalanıb. Lakin problem hələ də həll olunmamış qalır. Qanunların icrasına cavabdeh olan qurumların və məmurların bu məsələdəki məsuliyyətini sorğulamaq isə qeyri-mümkün səviyyədədir.

***

16-cı əsrdə İngiltərədə torpaq sahibləri kəndlilərin istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərləməyə başladılar. Onlar kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması “çəpərləmə” adı ilə tarixə düşdü. Torpaq sahələrinə yaxın buraxılmayan kəndlilər öz əmlakını, yəni əmək alətini, evini və torpağını itirirdi. İngilis filosof və şair Tomas Morun “Qoyunlar adamları yeyir” ifadəsi həmin dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi... 

***

“Hər yer bağlıdı. Dənizə getmək üçün uzun bir yol qət etməlisən. Sahilə girişi hər tərəfdən bağlayıblar. Pulsuz çimərliklər üçün kiçik bir yer qoyublar, ora da getmək üçün taksiyə 5-10 manat verməlisən”, - bunu adının çəkilməsini istəməyən Buzovna sakini deyir. 

Buzovna qəsəbəsində yaşayanlar deyirlər ki, qayalıq olan ərazilər əvvəlki illərlə müqayisədə sadə insanların üzünə açıqdı. Amma orada şərait yoxdu. Onların fikrincə, ərazidə müəyyən qədər təmizlik işləri aparılıb, amma çimərlik mövsümü başlayanda ailə üzvləri ilə pulsuz yerlərdən istifadə etmək o qədər münasib deyil.

İrəliləyiş var, amma…

Buzovna və Bilgəh qəsəbələrində girişi pullu olan çimərliklərin sayı-hesabı yoxdu. Sahil boyu sırayla düzülən istirahət mərkəzləri göz oxşayır. Yoldan ötənləri valeh edir, amma qapıda duran gözətçiyə yaxınlaşıb qiymətlərlə maraqlananda üzündəki sevinc hissi kədərlə əvəzlənir.

Hər qəsəbədə pulsuz çimərliklər var. Əmması odur ki, bu çimərliklər sadə insanlar üçün əlverişli deyil. Elə Buzovna qəsəbəsindəki qayalıq deyilən ərazidəki pulsuz çimərliyi götürək. Sakinlər deyir ki, əvvəlki illərlə müqayisədə indi gəlib çimə, istirahət edə, hətta balıq da tuta bilərlər. Amma ərazidəki natəmizlik, yaxınlıqdakı bağ evlərindən, eləcə də istirahət mərkəzlərindən axan kanalizasiya suları ətrafı üfunətə bürüyür. Sanki bilərəkdən edilir, insanlar onlar üçün ayrılan balaca, yöndəmsiz pulsuz çimərliklərdən yox, hər addımı pul olan xidmətlərdən yararlansın.

Ağlar və qaralar

Bilgəh qəsəbəsində Bilgəh sanatoriyası deyilən ərazidə çimərlikdən istifadə etmək olar, amma necə? Əgər qəsəbədə, yaxınlıqda yaşayan deyilsənsə, pulsuz çimərliyə gedən yolu tapa bilməyəcəksən. Girişdə nə elan var, nə də buna işarə edən hər hansı söz. Kənardan keçəndə sadəcə sanatoriyanın həyətinə bir giriş olduğunun fərqinə varırsan. Bir avtomobilin hərəkət edə biləcəyi yerdən keçmək üçün gözətçilərə 2 manat ödəyib, sahilə düşürsən. Həngamə də bundan sonra başlayır. 

Bir tərəfdə sırayla düzülən pullu çimərliklər, o biri üzdə “Bilgəh Beach” istirahət mərkəzinin ərazisidi. Bunların arasında heç 100 nəfərin dincələ bilməyəcəyi uzun, ensiz pulsuz çimərlik. Qanunla qadağan olunsa da, “Bilgəh Beach” öz ərazisini hasara alıb, necə deyərlər, çəpərləyib. Dəniz sahilində futbol, voleybol, günəşdən qorumaq üçün ərazilər xüsusi dəmir lövhələrlə ayrılıb. Düzdür, buradakı pullu çimərlik hasara alınmayıb. Amma əraziyə ayaq basırsansa, hansısa xidmətdən istifadə etməlisən. Beləliklə, bir tərəfdə “Bilgəh Beach”in hasara alınmış ərazisi, o biri tərəfdə pullu çimərlik və ortada yöndəmsiz, girişi yasaq olmayan kiçik çimərlik. Yuxarıdan baxanda çimərlik ərazisi şahmat taxtasına bənzəyir: ağlar və qaralar. Ağlar yenə üstün tərəfdi.

20 ildir icra olunmayan sərəncam

Bəs qanun nə deyir? Hələ 2003-cü ildə Heydər Əliyev Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin edilməsi barəsində sərəncam vermişdi. Sərəncama əsasən dəniz sahilinin 130 metrlik məsafəsində heç bir iaşə obyekti, bağ evi və başqa obyektlər tikilə, fəaliyyət göstərə bilməz. Amma bu sərəncamın üzərindən 20 il ötsə də görünən odur ki, problem həllini tapmayıb. Düzdür, ötən illərlə müqayisədə pulsuz çimərliklər, bəzi yerlərdə hasarlanmış ərazilərin sökülməsi var, amma ümumilikdə problem hələ də qalmaqdadı. Bilgəh, Buzovna, Şıx, Nardaran, eləcə Bakının digər sahil qəsəbələrində dənizin qarşısı kəsilib. Obyektlər, bağ evləri dənizə gedən yolları keçilməz hala salıb.

Baxmayaraq ki, 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən imzalanan sərəncamda məhz bu amillər nəzərə alınmışdı.

Eyni problemlə bağlı 2015-ci il 18 dekabr tarixində Prezident İlham Əliyev də “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

Fərmanla Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.

Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bu cür pozuntuya yol verən fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər 40 min manat cərimə olunmalıdır. 

Məhz bu fərman qüvvəyə minəndən sonra Xəzər dənizinin bəzi sahilyanı ərazilərində obyektlər söküldü, “çəpərlər” dağıdıldı, amma bir müddət sonra, ərazidə yaşayanların dediklərinə görə, başqa bir formada yenidən bərpa edildi. Necə deyərlər, işbazlar iş başına qayıtdılar. 

Avropa və biz…

Mütərəqqi dünyanın hər yerində dəniz, göl ətrafında obyektlər inşa edilir, vətəndaşlara və turistlərə xidmət göstərir. Təbii ki, icazəylə yaradılan, inşa edilən istirahət mərkəzlərindən istifadə haqqı da olmalıdır. Bir iş adamı nəsə qurursa, burdan qazanc götürməlidir.

Amma birincisi, bu, bazar qiymətlərinə uyğun olmalıdır, ikincisi də bütün sahil boyu ərazilər iş adamlarına həvalə edilə bilməz. Yəni sadə vətəndaşların da pulsuz və maneəsiz obyektlərə girişi olmalıdır. Amma Azərbaycanda bunun tam əksidir.

Uşaqlığı dəniz sahilində keçənlər...

Bilgəhdə taksi fəaliyyəti göstərən kənd sakini deyir ki, sanatoriyanın aşağı hissəsində çimərliyə giriş sərbəstdir. Amma orada elə bir şərait var ki, istər-istəməz məcburiyyətdən pullu çimərliklərə üz tutursan. Onların sözlərinə görə, ya girişdən bir kilometrə yaxın məsafəni piyada getməlisən, ya da avtomobilə görə 2 manat ödəniş etməlisən.

“Maşını olanlar onu harada saxlasın? Yol kənarında dayanmağa icazə yoxdur, gəlib cərimə edirlər. İçəri də keçirsənsə, ödəniş etməlisən. Allahın dənizinə də insanları buraxmaq üçün pul alınmalıdır? Niyə insanlar, burada doğulub boya-başa çatanlar, uşaqlığı dəniz sahilində keçənlər indi dəniz buraxılmamalıdır? Nədən onlardan pul tələb edilməlidir?”, - taksi sürücüsü deyir.

Niyə, necə və nə cür?

Bilgəh, Buzovna qəsəbələrində uzun-uzadı sahil zolağı obyektlərlə insanların üzünə qapadılıb. Vətəndaşın obyekti adlayıb sahilə getməsi üçün imkan yoxdu. Bəzən kilometrlərlə yol qət edib, kiçik bir yolla sahilə çıxmağa imkanı var. Amma orada da sərbəst deyilsən, yenə sağ-sol pullu fəaliyyət göstərən obyektlərdi. Bəs, bu obyektlər necə fəaliyyət göstərir? Kimlər buna icazə verir? Bilgəh və Buzovnada üz tutduğumuz obyektlərin sahibləri danışmaqdan imtina etdilər. Onlar qanuni fəaliyyət göstərdiklərini, “aidiyyəti qurumlardan” icazə aldıqlarını dilə gətirdilər. Amma bunun necə olduğunu demədilər.

İnsanlar hələ də ümidlidirlər, inanırlar ki, bir gün Xəzər dənizi onların üzünə taybatay açıq olacaq. Necə deyərlər, ümid sonda ölür… 

Ramin Deko

 

FOTO/VİDEO: Azad Nurulu