Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali və orta məktəblər təhsil haqlarında hansı güzəştləri edəcəklər?

Koronavuris pandemiyasının yaratdığı problemlərdən biri də ödənişli əsaslarla təhsil verilən müəssisələrdə təhsil haqlarının ödənilməsi ilə əlaqədardır. Nazirlər Kabineti sosial baxımdan həssas əhali qruplarına aid ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsi barədə qərar qəbul etsə də, belə görünür ki, bu qərar problemi həll etməyib.

Bir müddət əvvəl "Tələbə Tələbi" adlı platforma sosial şəbəkələrdə "İmtahanları ləğv et! Ödənişi ləğv et!" kampaniyasına başladı. Sonra isə bir qrup tələbə Təhsil Nazirliyinin binası qarşısına toplaşaraq dərs olmayan müddətdə təhsil haqlarının ödənilməsində güzəşt tələb etdiilər.

Mövzuya dair fikirlərini “Press Klub”a açıqlayan millət vəkili Etibar Əliyev tələbələrin nazirlik qarşısında etiraz aksiyası keçirməsini məqbul saymadığını bildirdi:

“Çünki istər pandemiya dövründə, istərsə də pandemiyadan əvvəl ödənişili təhsil alan tələbələrin sayının aşağı salınması, eyni zamanda təhsil haqlarının ödənilməsində güzəştlər edilməsi, həssas qrupa aid 20 min ailənin tələbə üzvlərinin təhsil haqqının ödənilməsindən azad edilməsi faktları var, hansı ki dövlət bu prosesə 40 milyon manat pul xərcləyib. Məsələnin başqa tərəfinə baxaq. Bütün universitetlərin yeganə gəlir mənbəyi tələbə ödənişləridir. Bu olmasa, müəllimlər əməkhaqqı ala bilməz. Tələbə ödənişlərinin 82-85%-i müəllimlərin əməkhaqqına sərf olunur. Qarşıda isə müəllimlərin 3 aylıq tətili gəlir. Müəllimlərə əmək haqları verilməlidir. Tələbələr kursdan-kursa keçməlidirlər. Ali məktəblər başqa bir arqument ortaya qoya bilər və deyər ki, gəlin, distans şəkildə imtahan verin və təhsil haqqınızı ödəyin. Tələbələrə davamiyyət məsələsində, distans təhsilə cəlb olunmamaq məsələsində (online dərslərə qoşulmayanlar oldu, internet bəhanəsi, vaxt bəhanəsi gətirildi və s.) güzəştlər olundu. Tələbə kursdan-kursa keçmək istəyir, bunun üçünsə təhsil haqqını ödəməlidir.”

E.Əliyevin sözlərinə görə, heç kim tələbədən təhsil haqqını tam şəkildə ödəməyi tələb etmir:

“Hissə-hissə ödəmək üçün də imkan verilir. Ali məktəb deyə bilər ki, təhsil haqqı ödənilmədiyi təqdirdə, heç kəs kursdan-kursa keçirilməyəcək. Buna görə, müəllimləri də düşünmək lazımdır. Əgər universitetlərin, məktəblərin başqa gəlir mənbələri tələbə gəlirlərindən çox olsaydı, əlbəttə ki, daha ciddi güzəştlər edərdilər. Amma indiki şəraitdə bu, qaçılmazdır. Çünki təhsil haqları müəllimin əməkhaqqına təsir edən faktordur və ödənişlərin kəsilməsi univeristetlərin, məktəblərin çöküşünə gətirib çıxara bilər. Yenə də deyirəm, universitetlər tələbə gəlirləri hesabına yaşayırlar.”

Xəzər Universiteti Dünya Məktəbinin direktor müavini Rəna Nəsibova isə qeyd etdi ki, onlar yalnız yemək xərclərində güzəşt ediblər:

“Bildiyiniz kimi, məktəbimizdə şagirdlər qida ilə təmin olunurdu. Bizdə bütün dərslər cədvəl üzrə davam edir. Səhər saat 08:30-dan axşam saat 15:30-a qədər, əvvəlki qaydada necə siniflərdə keçirilirdisə, indi də eyni ilə online qaydada dərslər keçilir. Hələ ki bütün valideynlərə yemək xərclərinin qaytarılması ilə bağlı qərar bildirilib və bununla bağlı məktub şəklində onlara məlumat göndərilib. Bundan sonra vəziyyətin necə olacağına dair heç birimiz məlumatlı deyilik. Nəyin necə olacağından bixəbərik. Təsisçilərimiz gedişatı izləyirlər, hər hansı dəyişiklik olacaqsa, valideynlərə yenidən məlumat veriləcək”.

Bakı Slavyan Univeristetinin mətbuat katibi Mənsur İbrahimov qanunvericiliyə uyğun olaraq təhsil haqqının ödənilməsində güzəşt nəzərdə tutulan tələbələrə bütün güzəştlərin tətbiq edildiyini söylədi:

“Xatırladıram ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib. Qərara əsasən, ölkənin təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

  1. Ünvanlı dövlət sosial yardımı alanlar;
  2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: - I və II dərəcə əlilliyi olan şəxslər; - işsiz kimi qeydiyyatda olanlar; - yaşa görə əmək pensiyaçıları; - yaşa görə sosial müavinət alanlar.”

İbrahimov bildirdi ki, Bakı Slavyan Universitetində, eləcə də univeristetin nəzdində fəaliyyət göstərən liseydə bu güzəştlər həssas qrupa aid ailələrin övladlarına pandemiyadan əvvəl də edilirdi, indi də edilməkdədir:

“Əvvəllər də həssas qruplu ailələrin övladlarına ödəniş məsələsində bir sıra güzəştlər olunub, eləcə də təhsil haqlarının hissə-hissə ödənilməsinə imkan yaradılıb. Həmin imkanlar indi də verilir. Amma qanunvericilikdə kimlərə ki həmin güzəştlər şamil edilməyib, onlar təhsil haqlarını ödəməlidirlər. Həmin tələbələrin ödənişlərində hələ ki heç bir problem olmayıb. Universitetimiz heç bir şəkildə kimlərisə təhsil haqlarını ödəməsi üçün məcbur etmir. Sadəcə, maarifləndirmə, məlumatlandırma, danışıqlar aparılır, tövsiyələr verilir. Axı həmin təhsil haqları ilə müəllimlərin, professorların əmək haqları, univeristetin kommunal xərcləri ödənilir... Bunların hamsı nəzərə alınmalıdır. Bir sözlə, qanunvericilikdə kimlərə güzəştlər nəzərdə tutulubsa, onlara da tətbiq olunur.”

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva isə vurğuladı ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı kifayət qədər müraciət daxil olub, onlara kömək ediləcək: “İmtahan sessiyasının iyunun 8-dən etibarən başlanması nəzərdə tutulur. Onlayn qaydada imtahan verə bilməyən, internet problemi olan tələbələrə kömək üçün iyunun 8-dək müraciətlər qəbul olunacaq”.

Ülviyyə Şahin