Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun məsələsinə baxacaq

ReAL partiyasının sədri İlqar Məmmədovun məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar ləğv oluna bilər. Aprelin 23-də Ali Məhkəmənin Plenumu onun işinə yenidən baxacaq. Bu barədə həm ona, həm də vəkili Fuad Ağayevə Ali Məhkəmədən bildiriş göndərilib.

Bildirişdə yazılıb ki, İ.Məmmədov haqqında Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı 29 may 2019-cu il tarixli qərara əsasən onun hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə Ali Məhkəmənin Plenumu bu işə baxacaq.

F.Ağayev bu haqda “Press Klub”a danışarkən Plenumun iclasında İ.Məmmədov haqqında ittiham hökmünü qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarlarının ləğv olunacağını istisna etməyib. Vəkilin sözlərinə görə, “yeni hal” üzrə işə baxılması iki variantda mümkündür: Konstitusiya Məhkəməsi və ya Avropa İnsan Haqları Məhkəməsi əvvəl çıxarılmış məhkəmə qərarlarında pozuntu olduğunu təsdiqləyəndə.

Vəkilin sözlərinə görə, İ.Məmmədovun həbsi ilə əlaqədar Avropa Məhkəməsinin üç qərarı olub. Bu qərarlarda ReAL sədrinin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri ilə təminat verilən hüquqlarının pozulması təsdiqlənib.

Ali Məhkəmənin Plenumu ötən il mayın 29-da çıxarılmış sonuncu qərar əsasında onun işinə yenidən baxacaq. Bu qərarı Avropa Məhkəməsinin Böyük Palatası Avropa Şurası Nazirlər Komitəsinin sorğusu əsasında çıxarıb.

İ.Məmmədovun şikayəti əsasında Avropa Məhkəməsinin ilk qərarı isə 2014-cü ildə verilmişdi. Ondan sonra bu qərarın icrası – ReAL sədrinin azadlığa buraxılmasından ötrü dəfələrlə Strasburqdan Azərbaycan hökumətinə çağırışlar olmuşdu. Bu çağırışlar nəzərə alınmadığına görə Məhkəmənin qərarlarının icrasına nəzarət edən Nazirlər Komitəsi Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlatmışdı. Bu, Avropa Şurasının tarixində ilk hal idi.

Nazirlər Komitəsinin 2017-ci ilin dekabrında Avropa Məhkəməsinə müraciəti əsasında 2019-cu ilin mayında Böyük Palata sözügedən qərarı çıxarmışdı. Amma o zaman İ.Məmmədov artıq azadlığa çıxmışdı. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovun işinə yenidən baxıb, 5 il 6 ay 9 gündən sonra onun şərti azadlığa buraxılması barədə qərar vermişdi. Şərti cəza ilə əlaqədar 2 il də sınaq müddəti təyin edilmişdi.

2019-cu ilin martında Ali Məhkəmə bir daha İ.Məmmədovun işinə baxıb, cəzasını həbsdə olduğu müddətə - 5 il 6 ay 9 günə endirib, üzərindəki şərti cəzanı, sınaq müddətini də götürdü.

İ.Məmmədovun cəzası bitsə də, üzərindəki məhkumluğa görə o, bu il fevralın 9-da keçirilən parlament seçkilərinə namizəd kimi qatıla bilmədi. Cinayət Məcəlləsinin 83-cü maddəsində göstərilib ki, ağır cinayətə görə həbs olunanların cəzanı çəkib qurtardığı gündən altı il keçəndə məhkumluğu ödənilmiş sayılır.

ReAL sədri özü də Facebook səhifəsində Plenumun aprelin 23-nə təyin edilmiş iclası barədə fikirlərini paylaşıb. İ.Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşməsini yada salır, dialoq başlandığını vurğulayır və bu dəfə haqqında fərqli qərar veriləcəyinə inanmaq istədiyini bildirir: “Fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyevlə görüşdüyümü bilirsiniz. İlk təmas insan haqları və demokratiya sahəsində milli maraqların irəliləməsi üçün edə biləcəklərimizin mümkünlüyünu nəzərdən keçirən yeni görüşlərlə davam etdirildi deyə, yaranan sürəci indi dialoq adlandıra bilərik. İctimaiyyətə daha öncədən dediyim kimi - təmasla başlasaq, təmas dialoqa çevrilsə, dialoq qarşılıqlı addımlarla nəticələnsə, ölkəmizdə siyasi mübarizənin keyfiyyəti yeni səviyyəyə çıxar”.

İ.Məmmədov əlavə edib ki, “dialoq təşəbbüsünün potensialı yüksək olduğu bir vaxtda bunun baş verməsi üçün Ali Məhkəmənin Plenumundan daha yaxşı imkan tapmaq çətindir”.

Aprelin 23-də keçiriləcək iclasda ReAL-ın İdarə Heyətinin üzvü, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun da işinə baxılacaq. R.Cəfərov 2014-cü ilin avqustunda QHT-lərə qarşı cinayət işi çərçivəsində həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsində cəzası 3 ay azaldılan hüquq müdafiəçisi 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Avropa Məhkəməsi R.Cəfərova münasibətdə də Konvensiyanın 5, 6 və 18-ci maddələrinin pozuntusunu tanıyıb. Beynəlxalq təşkilatlar R.Cəfərovun ölkədə insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə cəzalandırıldığını bəyan edirdi. Azərbaycan rəsmiləri isə Azərbaycanda heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

R.Cəfərov da üzərindəki məhkumluğa görə namizəd kimi seçkiyə qatıla bilməyənlər sırasında idi. İxtisasca hüquqşünas olan R.Cəfərov “Press Klub”a bildirdi ki, Azərbaycanın Cinayət Prosessual Məcəlləsinə görə, Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında yeni açılmış hal üzrə işə baxırsa, üç cür qərar verə bilər. Hüquq müdafiəçisinin sözlərinə görə, ya apellyasiya və kassasiya instansiyalarının qərarlarını ləğv edib, işi yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərə bilər; ya Ali Məhkəmənin qərarını dəyişə bilər; yaxud da Ali Məhkəmənin qərarını ümumiyyətlə ləğv edib, yeni qərar çıxara bilər.

“Mən üçüncü variantı gözləyirəm”, - deyə R.Cəfərov vurğulayır.