Logo
news content
User
Kateqoriyalar

Analitika

Ağlar qalan sevda, xilaskar ruh, şəhid Aqşinin son arzusu – YENİ LAYİHƏ
Şəhid olduqdan sonra da qonşunun yuxusuna girib, ailəsini xilas edib...

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var. 

old.pressklub.az "Şəhid həkimlər" layihəsinə başlayır. Bu layihə çərçivəsində onların həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazacağıq. İlk yazımız şəhid həkim Aqşin Ənvərli barədədir.

***

Yanvarın qarlı soyuğu iliyə işləyir. Hamı çəkilib öz ocağının kənarına, qışın bahara könül verəcəyini gözləyir. Qəbələnin havası ondan sonra isinməyə başlayır, adamlar yavaş-yavaş ocaq kənarından çölə-bayıra, yaşıllığa çıxır. Hələ ki, soyuqdur, lopa-lopa qar yağır, sazaq iliyə işləyir. Xırxatala kəndinin də məzarlığı üstündə külək qarı sovurur, məzarlıq görünmür, büsbütün ağ örtüyün, qar dumanın arasında bir qaraltı görünür... Kiməsə nəsə pıçıldayırmış kimi əyilir-qalxır, sonra yenə oturur, əyilib-bükülür. Elə bil içindən, nakam sevginin ağrısından qovrulur. Bu cür yalnız sevdiyi oğlan şəhid olmuş qız ağlayar...xısın-xısın, gizlin-gizlin içində yanar... 

...Üç uşaqlı, ziyalı bir ailənin sonbeşiyi idi Aqşin Ənvərli. 1994-cü ildə Qarabağda atəşkəs elan olunandan altı ay sonra, oktyabrın 10-da Qarabağdan çox uzaq, sakit Qəbələdə anadan olub. Atası Faiq Ənvərli Qəbələ İncəsənət məktəbində rəssamlıqdan dərs deyirdi. Aqşin dünyaya gələndə ondan əvvəlki uşaqlarda olduğundan fərqli olaraq, anası Dilruba xanım işdən ayrılır. Sonradan özünə də qəribə gələcək ki, niyə Aqşinin dünyaya gəlişi ilə bütün vaxtını yalnız ona həsr etməyə qərar verib: “Ona qarşı sevgim bir başqa idi. Qeyri-adiliyi vardı, hamı kimi deyildi”. 

Aqşin 1-ci sinfə elə Qəbələdə N.Apayev adına 4 nömrəli tam orta məktəbdə gedib. 2001-2012-ci illərdə bu məktəbdə təhsil ala-ala həm də Qəbələ İncəsənət məktəbində rəssamlıq oxuyurdu. Yaxşı rəsmlər çəksə də, rəssam olmaq fikri yox idi, uşaqlıqdan həkim olmaq istəyirdi. Fikri-zikri çiçək-böcək olarmış, onları üstündə eksperiment aparır, əməliyyat edərmiş.

Dərslərini də əla oxuyurdu, istədiyi sənəti seçməkdə həm ailəsi, həm də Tanrı ona şans vermişdi. Ailəsi sərbəst düşünüb qərar verməsinə, Tanrı isə istedad və bacarığına sərhəd qoymamışdı. İlk diplomunu rəssamlıqdan alır, 4 illik təhsildən sonra. Orta məktəbdə nə şəhadətnaməsində, nə də attestatında “4” yoxdur. 

Atası Faiq bəy deyir, hərdən soruşurdum ki, bala, sən nə vaxt, harda oxuyursan dərslərini? Gülümsəyirdi: “Nə deyərdin, nə soruşardın gülümsəyərdi. Deyirdi, elə dərsdə öyrənirəm. Evdə kitabı əlinə almağı ilə qoymağı bir olardı, amma 5 alıb gəlirdi. Orta məktəbi bitirəndə qızıl medala namizəd idi, maraqlanmadım, dedim həkim olmaq istəyir, Tibb Universitetinə qəbul olunsun, o elə qızıl medaldır. Qəbul olundu, sevincimizin həddi-hüdudu olmadı”

Aqşin ali təhsil illərində də ata-anasını qayğılandırmayıb. Nə ağır xərc tələb edib, nə də imtahanlar vaxtı onları həyəcanlandırıb. Bir də görüblər ki, Aqşin imtahanlarını bitirib, gəlib tətilə. 

Tibb Universitetində təhsil aldığı 2012-2018-ci illərdə sona yaxın qərar verir ki, hərbi həkim olacaq. Oxuduğu kursdan 6 nəfəri əlaçı tələbəni Naxçıvana piyada qoşunlarında xidmətə göndərirlər. Onlardan biri də Aqşin idi. Xüsusi təyinatlı olmaq istəyib. Atası danışır ki, özü deməyib, dostları sonradan danışıblar, Aqşin Tehran Məsimovun qarşısında öhdəlikləri yerinə yetirib, olub xüsusi təyinatlı. 

Çox az müddətdən sonra isə onu Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin ediblər. 

44 günlük Qarabağ müharibəsinin ilk günlərində həkim dostlarından biri, tibb xidməti leytenantı, Aqşinin tələbə yoldaşı Turqut Xəlilbəylinin şəhid olması xəbəri yayılanda Aqşin çox təsirlənir. İçində qisas hissi daha da güclənir. Zatən nahaq xüsusi təyinatlı olmaq fikrinə düşməmişdi. Dünyaya gələndən Qarabağ uğrunda haqq savaşında nahaq duruma düşməyimiz vətənpərvər Aqşinə rahatlıq vermirdi. Müharibə başlayan kimi gedəcəyinə qərarlı idi. Ardınca daha bir tələbə yoldaşı Adil Əfəndiyev şəhidliyə qovuşur. Aqşin artıq özü də döyüşlərə qatılmışdı. Atası deyir, geri çəkilmək onun lüğətində olmazdı: “Hər yerdə özünü qabağa verməklə öz taleyini özü həll edib. O barədə də heç kimə heç nə demədən 2018-ci ildə tibb xidməti leytenantı rütbəsində Naxçıvan şəhərində hərbi hissədə xidmətə başladığı kimi, müharibəyə də gedəndə bizə heç nə deməmişdi. Naxçıvanda olduğunu bilirdik, ordan Qarabağa getdiyini sonradan bildik. Qardaşı bilirmiş, Aqşinin ön cəbhədən ayrılmadığını, bir saat belə dincəlmədiyini eşidib, birtəhər telefonla tapıb, deyib ki, Aqşin, özünü qoru, çəkil bir az dincəl. Qardaşına acığı tutub ki, dincəlməyə, özümü qorumağa gəlməmişəm”

Aqşin döyüşlərə qatılmaya da bilərdi, hərbi həkim idi, yalnız yaralıları müalicə edərdi. Yox, bir çiynində silah, o biri çiynində həkim çantası döyüşdən döyüşə yollanır, bir gün olsun belə silahdaşlarının yanından ayrılmırdı. 

Anası Dilruba xanım: “Bir gün Aqşinin həsrəti o qədər içimə doldu ki, açdım bunun məktəb dəftərlərinə baxdım. Ondan əvvəlki qardaşı da, bacısı da yaxşı oxuyublar, universitet bitiriblər. Heç birinin əşyalarını saxlamamışıq. Aqşinin dünyaya gələndən şəhid olana qədər nəyi vardısa, hamısını yığıb, qoruyub saxlamışam. Hamısı indi ondan  xatirədir. Gördüm gündəlikdə işğal olunmuş rayonların siyahısında Xocavənd rayonun altından qırmızı xətt çəkib”.  

Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edir, onları atəş altından öz çiyinlərində çıxarardı. 

O gün də həmin günlərdən biri idi, qızğın döyüşlər gedirdi, yaralıların sayı-hesabı bilinmirdi. Aqşin həm döyüşür, həm də yaralılara yardım göstərirdi. Müharibədir, kim necə oldu, harda qaldı, hardan çıxdı, bəlli olmaya da bilər. Həmin gün Xocavənd ərazisində mühasirəyə düşən əsgərlər sonradan mühasirəni yarırlar. Onlara köməyə gələn ordu hissələrimiz yaralıları da çıxara bilirlər. Aqşin və onunla birlikdə daha iki hərbiçidən heç bir xəbər olmur, nə öldüləri bilinir, nə qaldıları. 

“Biz öyrənəndən sonra ki, Aqşin də döyüşdədir və ondan heç bir xəbər yoxdur, getdik Bakıya, Müdafiə Nazirliyinə müraciət etdik. Artıq noyabrın yarısından keçmişdi. Biz də bilmək istəyirdik Aqşin sağdır, ya yox. Bəziləri deyirdi, sağdır, bəziləri deyirdilər mühasirədə qalıb, hərə bir söz deyirdi. Daha çox bizə ümid verirdilər ki, öldüyünü görən olmayıb, sağdır”.

Əslində isə Aqşin Ənvərli Xocavənd ərazisində yaralı vəziyyətdə mühasirəyə düşür. Üç nəfər olurlar. Onlar da yaralı olub, amma Aqşinin vəziyyəti ağır imiş. Həm qolundan, həm ayağından ağır yara alıb. Kəsilmiş əl barmaqlarının ağrısını sakitləşdirmək üçün özünə anesteziya vururmuş. Üstəlik mühasirədə snayper gülləsi onu sağ gözünün altından tutur. Yeriyə bilmədiyi üçün yaralı, hərəkət edə bilən, amma onu qoyub gedə bilməyən iki yoldaşına “siz gedin, kömək çağırıb gəlib məni də götürərsiniz” deyir. Onlar da çıxırlar, çətinliklə öz hərbi hissəmizə gəlib çıxırlar və sonradan onun arxasınca gəlsələr də Aqşini tapa bilmirlər. 

Aqşinin axtarışlarına xüsusi təyinatlılar özləri gedir. Artıq o vaxt sülhməramlıların nəzarətində olan Xocavənd ərazisinə şəhid hərbi həkimin nəşini götürmək üçün keçməyə izn alırlar. Axtara-axtara Aqşin Ənvərliyə qədər 40-dan artıq döyüşçümüzün nəşini tapırlar, ən sonda, 45-ci Aqşinin nəşi tapılır. Döyüşlər zamanı aldığı baş leytenant rütbəsində, 26 yaşlı xüsusi təyinatlı azadlığa çıxmasında əməyi olan Xocavənd torpağını qucaqlamış vəziyyətdə... 

***

Onu Qəbələdə ata-baba yurdu Xırxatala məzarlığında ata babasının yanında torpağa tapşırıblar. Ətrafı gül-çiçək, gülüstan, bülbüllər cəh-cəh vurur. Məzarının baş daşında arxa tərəfdən doyunca geymədiyi həkim xalatında bədənnüma şəkli var. Simasında tərtəmiz, məsum uşaq ifadəsi. Qəbələnin özündə yaşadıqları binanın da qarşısında barelyefi, blokun qapısında daha bir şəkli həkim qiyafəsində. 

Yaşadığı mənzilə daxil olursan, elə bil muzeydir. Uşaqlıqdan bəri şəxsi əşyaları, anasına yazdığı məktub, oxuduğu kitablar, paltarları, hərbi geyimi, bir də çəkdiyi rəsmlər divarı bəzəyir. Ev büsbütün Aqşinə aid. Bir də bir-birinə təsəlli verə-verə onun xatirələrini geyinib yaşayan ata ilə ana. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Qəbələdə adına küçə var. Təhsil aldığı Azərbaycan Tibb Universitetində akt zalı onun adını daşıyır. 

Vətən Müharibəsində şəhid olan həkimlərimizdən ikisinə “Azərbaycan bayrağı” ordeni verilib. Turqut Xəlilbəyli və Aqşin Ənvərliyə. 

Atası deyir, ölümündən sonra şəxsi əşyalarına baxırdım, gördüm ki, dəftərlərinin arasında bir vərəqdə yazılıb ki, Allah, mənim ömrümdən kəs, ver ata-anama, ailəmə: “Bacım Mingəçevirdə universiteti oxuyub bitirsin, qardaşım salamat olsun. Bu darısqal evimizi satıb başqa evə köçək”

Müharibədə cəmi iki şəkli var. Xüsusi təyinatlı kimi daima irəli gediblər, şəkil çəkdirməyə vaxt olmayıb. Bu şəkil mühasirədə olanda selfi çəkdiriblər. Müharibə bitəndən 7-8 ay sonra sosial şəbəkədə çıxdı bu şəkil. Ağır yaralıdır, ağrını kəsmək üçün özünə iynə vurub: “Şəkli gördük məhv olduq. Həm döyüşüb, həm də yaralılara yardım göstərib. Komandiri deyir, Aqşin qorxu bilmirdi, güllələrin altında deyirdi yaralıya yardım etməliyəm. Neçə-neçə ağır yaralını həyata qaytarıb”

Anası Dilruba xanımın dediyinə görə, istədiyi qız olub.  Qız kimya texnologiyaları sahəsində təhsil alırmiş.  Ailəsi sonradan bilib. “Aqşin müharibəyə getməzdən əvvəl bacısına deyib ki, anagil Lənkərana elçi gedərmi? Mən də dedim niyə getmirəm, gedərəm, yaxşı ki, elə demişəm. Qız evi də elçi gələcək deyə hazırlaşırmış”

Müharibədən əvvəl rəssama qızın portretini sifariş verib ki, ona ad günündə hədiyyə edəcək. Yaralananda dostuna zəng edir ki, filan rəssama Aynurun portretini sifariş vermişəm, mən gəlməsəm o portreti Aynurun ad günündə  hədiyyə verərsən adımdan. Dostu deyib, yox, özün gəlib verərsən. Aqşin qayıtmayınca dostu onun son xahişini yerinə yetirib. 

Aqşinin son mesajı noyabrın 5-də anasına gəlib. “Ana, narahat olma, yaxşıyıq”. O mesajı mühasirədə ağır yaralı, iki barmağını mərmi aparmış vəziyyətdə yazıb. 

Dilruba xanım qəribə bir əhvalat da danışdı: “Qonşu səhər tezdən gəldi ki, ay, Dilruba, axşam Aqşin bizi ailəlikcə ölümdən qurtarıb. Demə, gecə bunları qaz boğurmuş. Evdə hamısı yatılı, hər yer bağlı. Deyir, gördüm Aqşin dayanmadan pəncərəni döyür, çağırır məni, ay, filankəs xala, qalxa ayağa, dur, pəncərəni aç, o qədər dedi ki, axırda güclə gözlərimi aralayıb, qalxıb qaçdım pəncərəni açdım, gördüm ki, ayaq üstdə dura bilmirəm. Sonra hamını çağırıb oyadıb, hər yeri açıb, özümüzü də atmışıq çölə...”

 Qəbələnin mərkəzindən çıxıb, üz tuturuq Xırxatala məzarlığına. Burda hər tərəf gül-çiçəyə bülənd olub, quşlar oxuyur, cənnətin özüdür. Məzar daşının üstündən üzümüzə gülümsəyir. Atası gözlərini qırpmamağa çalışır, alınmır, bir qırpımda gözlərindən üzüaşağı sel kimi gedir göz yaşları. Fəxr edirəm deyir, amma 26 yaşlı oğulun, həm də Aqşin kimi oğulun itkisi çəkiləsi deyil. Bircə təsəlli odur ki, o oğulların uğrunda qurban getdikləri torpaqlar azaddır, abadlaşdırılır. İndi onların ruhları Qarabağ göylərindən boylanıb, sevinir.  

***

...Yanvarın qarlı soyuğu iliyə işləyir. Hamı çəkilib öz ocağının kənarına, qışın bahara könül verəcəyini gözləyir. Qəbələnin havası ondan sonra isinməyə başlayır, adamlar yavaş-yavaş ocaq kənarından çölə-bayıra, yaşıllığa çıxır. Hələ ki, soyuqdur, lopa-lopa qar yağır, sazaq iliyə işləyir. Xırxatala kəndinin də məzarlığı üstündə külək qarı sovurur, məzarlıq görünmür, büsbütün ağ örtüyün, qar dumanın arasında bir qaraltı görünür... Kiməsə nəsə pıçıldayırmış kimi əyilir-qalxır, sonra yenə oturur, əyilib-bükülür. Elə bil içindən, nakam sevginin ağrısından qovrulur. Belə yalnız sevdiyi oğlan şəhid olmuş qız ağlayar...xısın-xısın, gizlin-gizlin içində yanar.

Ramilə Qurbanlı