Logo
news content
User
Kateqoriyalar

Analitika

Adil Qeybulla: “Operativ Qərargahın açıqladığı rəqəmləri ikiyə, üçə vurmaq lazımdır”

Azərbaycanda son iki həftədə koronavirusa yoluxanların sayı kəskin artıb. Hökumət bununla əlaqədar karantin rejimini sərtləşdirmək qərarı verib - şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində, Abşeron rayonunda bütün iş, xidmət, ticarət sahələri üzrə fəaliyyət, ictimai nəqliyyatın, avtomobillərin hərəkəti dayandırılacaq.

Pandemiya ilə əlaqədar ölkədəki durumu “Press Klub”a şərh edən tibb professoru Adil Qeybulla isə bu cür sərtləşmənin effekt verəcəyini düşünmür:

- Karantin rejimi yumşaldılmalıydı, onsuz da insanlar evdə dözüm göstərmirdilər. SMS-icazələrdən istifadə edib, qonaq gedirdilər, binaların həyətlərində toplaşıb, domino oynayırdılar, çay içirdilər... Yəni qaydaları gözləmirdilər. Sərt karantin Çindəki kimi olur - heç kim evdən çıxmır, yeməyi evə robotlar gətirir və s. Düzü, mən karantin rejiminin yumşaldılması məsələsində hökumətin tələsdiyini düşünmürəm. Amma yumşalmadan əvvəl bir sıra tədbirlər görülməliydi, bunu eləmədilər. İndi isə artıq bunlar keçmişdə qalıb. Bundan sonra karantin rejimini sərtləşdirmək qətiyyən məqsədəuyğun deyil. Yay vaxtıdır, istidir, əks reaksiya da verə bilər. Əsas diqqət insanların davranışına, onların maariflənməsinə yönəldilməlidir. Onsuz da hamı xəstələnəcək, virus hamının bədəninə düşür. Sadəcə, az mirdarda düşəndə, virus yükü az olanda, immun sistemi onun öhdəsindən gəlir. Mümkün qədər çalışmaq lazımdır ki, insanlar özləri mühüm şərtlərə riayət eləsinlər. Bir-biri ilə çox yaxın məsafədən danışmasınlar, sosial məsafə gözləsinlər, maskadan istifadə etsinlər, əllərin dezinfeksiyasına fikir versinlər. Bununla biz yola verə bilərik. Bu yolu tutan ölkələrin nümunəsi var.

- Bəlkə heç xüsusi karantin rejiminə ehtiyac yox idi? Azərbaycan da dediyiniz ölkələrin yoluyla getsəydi, nəticə indikindən fərqli olardımı?

- Onda da hərə bir söz deyəcəkdi ki, vaxtında tədbir görmədilər və s. Hər halda, karantin rejimi artıq tətbiq edilib. Amma karantindən sonra bunun effektli olması üçün mütləq davranışlara diqqət yetirilməlidir. Qarşıya qoyulan məqsəd bu olmalıdır. Məsələn, ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. İçəri daxil olanda görürsən ki, satıcı maskasızdır, heç kim sosial məsafəni gözləmir, dezinfeksiya üçün məhlul yox. Belə icazə olar?!

- Son bir həftə-on gündə yoluxma və ölümlərin sayında kəskin artım qeydə alınıb. Bunu ikinci dalğa hesab etmək olarmı?

- Operativ Qərargahın açıqladığı rəqəmləri 2-3-ə vurmaq lazımdır. O rəqəmlər real deyil, reallıq daha ağırdır. Yox, bu, ikinci dalğa deyil, sadəcə, insanların davranışına, məsuliyyətsizliyinə bağlı artımdır. İkinci dalğa o halda olardı ki, infeksiya sönür, bir müddət sonra yenidən alovlanır. İndiki halda, sönmə olmayıb axı. Sadəcə, dinamikada dəyişiklik var.

- Azərbaycanda həftəsonu sərt qadağaların tətbiqi nəzərdə tutulub. Sizcə, effekt verəcəkmi?

- Mən düşünmürəm. Effekti ancaq insanların davranışından gözləmək lazımdır. İnsanlar karantin şərtlərinə əməl eləsələr, bu dövrü normal keçirə bilərik. Əməl eləməsələr, hətta sərt karantin tədbirləri ilə də uğura nail olmaq mümkün deyil.

- Hökumətin çaş-baş qaldığı hiss olunur. Gah tam təcrid yolu seçilir, gah həftə sonları Türkiyə təcrübəsindən istifadə olunur. Siz virusla mübarizədə hansı strategiyanı daha düzgün hesab edirsiniz?

- Dünyanın hər yerində bu məsələlərin müzakirəsinə mütəxəssislər cəlb olunub, məsləhətləşmələr aparılır. Bizdə isə bu işi görənlər bir qrup adamdır, onlar da ancaq inzibati qərarlar qəbul edirlər. Bu şəkildə olmaz. Heç olmasa, ayda bir dəfə mütəxəssislərlə müzakirə aparılmalıdır. Yoxsa, 3-4 adam oturub qərar verir, seçilmiş jurnalistləri çağırıb, statistik rəqəmləri açıqlayırlar... Bununla iş bitməz axı. Hamını iqnor eləyirlər.

- Sizi qane etməyən konkret nədir? Mütəxəssis olaraq, nəyi təklif edirsiniz?

- Qərarları verən adam onun məsuliyyətini daşıyır. Bu gün ölkədə epidemioloji vəziyyət pisləşirsə, buna görə məsuliyyəti də onlar daşıyır. Amma bu ölkə hamımızındır, hər birimiz də mənəvi məsuliyyət daşıyırıq. İstəmirik ki, bu durumdan daha çox itki ilə çıxaq. Ona görə də mütəxəssislərlə fikir mübadiləsi aparılmalıdır, ümumi konsensus olmalıdır. Səmimi atmosfer yaradılmalıdır. Təəssüf ki, bizdə məhz səmimi atmosfer təcrübəsi yoxdur. Ancaq formallıq, hesabat... Bu da həll yolu deyil. Bütün bunların bizim ölkəyə, iqtisadiyyatımıza, insanlarımıza zərbəsini proqnozlaşdırmaq da çətinləşir. Konkret mənim fikrimə gəlincə, biz bundan sonra geriyə qayıdıb, karantin rejimini sərtləşdirə bilmərik. Düzdür, biz karantin rejimini hazırlıqsız yumşaltdıq, bu da səhv idi. Davranış qaydalalarını, işlək obyektlərin fəaliyyətinə dair təlimatları hazırlayıb, buna getmək lazım idi. Heç olmasa, bundan sonra bu addımlar atılmalıdır. Məsələn, iddia edirlər ki, nəqliyyatda əllərin dezinfeksiyası üçün vasitələr quraşdırılıb. Amma başqa iddialar da var ki, onların əksəriyyəti işləmir, içinə məhlul əvəzinə su tökülür. Əhali, xüsusən qapalı məkanlara daxil olanda mütləq maskada olmalı, məsafə saxlamalıdır. Mərkəzi küçələrdə on minlərlə adam maskasız gəzir. Situasiyanı ancaq insanlarımızın davranışı xilas edə bilər.

Gülər