Logo
news content
User
Kateqoriyalar

Analitika

Adı siyahıda olmayan 1 milyon vətəndaş...
Əhalinin ümumi sayı ilə MSK-nın siyahısında olan seçici sayı niyə uyğun gəlmir?

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində sərəncam verib. Sərəncamdan bir gün sonra Mərkəzi Seçki Komissiyası (MSK) Təqvimə uyğun olaraq seçici siyahılarının dəqiqləşdiriləcəyini bildirib. 

MSK sədri Məzahir Pənahov ötən ilin 20 dekabr tarixində açıqladığı məlumata görə, ölkədə 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan vətəndaş var. MSK sədrinin müavini Rövzət Qasımov isə bu il yanvarın 8-də jurnalistlərə müsahibəsində deyib ki, bu rəqəm əsas seçicilər siyahısına daxil olanlardır. "Ümid edirəm ki, seçicilərin məlumatlarını yoxlanılması üçün təqdim edilən imkanlar seçici sayının daha da artmasına imkan verəcək", - Qasımov əlavə edib. 

Azərbaycan Respublikası Konstitusiyasına görə, 18 yaşına çatmış Azərbaycan vətəndaşları seçki hüququna malikdir. 

2023-cü il sentyabr ayının 1-ə olan məlumata görə, Azərbaycan əhalisi 10 milyon 163 min 176 nəfər təşkil edib. Ötən ilin əvvəlinə olan statistik məlumata görə, ölkədə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 634 min nəfərdir. Qeyd edək ki, Dövlət Statistika Komitəsi əhali qrupları ilə bağlı hazırladığı statistik məlumatlarda 17 yaşa qədər olan uşaqların sayını açıqlayır. 17-18 yaşlarında olan gənclərin dəqiq sayı ilə bağlı rəqəmlər isə mövcud deyil.

Rəqəmlərdən görünür ki, ölkədə əhalinin ümumi sayı ilə müqayisədə seçici sayı azdır. Beləliklə, əhalinin ümumi sayından ( 10 milyon 163 min 170)  seçicilərin sayını (6 milyon 354 min 556 nəfər) çıxdıqda 3 milyon 808 min 614 nəfər qalır. Bu rəqəmdən isə uşaqların sayını çıxmaq lazım gəlir: 3 milyon 808 min 614 - 2 milyon 634 min = 1 milyon 174 min 614 nəfər. Hər il orta məktəbi bitirənlərin sayına (100 min civarında) əsaslanaraq ölkədə 17-18 yaş aralığında olan gənclərin 100-120 min civarında olduğunu təxmin edə bilərik.   

Bu rəqəmi də 1 milyon 174 mindən çıxsaq, ölkə vətəndaşlarından təxminən 1 milyon nəfərinin adlarının seçici siyahısında olmadığı məlum olur. Bu, əhalinin 10-da birini, seçicilərin isə 6-da birini təşkil etməklə kifayət qədər böyük rəqəmdir.  

Ekspertlərə görə, əhali və seçici statistikasında belə kəskin fərqlərin yaranması son illərdə ölkədə əhalinin urbanzasiyası ilə bağlıdır.  Neft bumunun başladığı 2007-2008-ci ildən başlayaraq əyalətlərdən paytaxta və ətraf qəsəbələrə yüz minlərlə insan köçüb. Onların bir çox sayı 500 mindən artıq olan yeni tikilmiş sənədsiz evlərdə məskunlaşıb. Onlar kommunal qurumların qeydiyyatında olsalar da seçici siyahılarına daxil edilməyib. Rəsmi qeydiyyat ünvanını dəyişməyən vətəndaşların adları isə əvvəl yaşadıqları kənd və qəsəbələrin seçici siyahılarında qalır. 

Bundan başqa, ötən iki onillikdə Azərbaycanı on minlərlə insan tərk edərək, Rusiya, MDB ölkələri, Türkiyə, Avropa və ABŞ-da məskunlaşıb. Onların adlarının seçici siyahısında qaldığı və ya çıxarıldığı məlum deyil. MSK bu barədə təfsilatlı məlumat açıqlamır. Bir çox hallarda seçki qurumu müvafiq yerli icra orqanlarının verdiyi məlumatlara əsaslanır ki, həmin informasiyalar bəzən ilə yenilənmir.  Bu, vətəndaşlarla yanaşı aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyi və biganəliyinin nəticəsidir.   

“Hüquq və İnkişaf” Mərkəzinin rəhbəri, seçki sahəsi üzrə ekspert Hafiz Həsənov old.pressklub.az-a şərhində bildirib ki, seçicilərin sayı ölkə əhalisinin sayına uyğun müəyyən edilir: 

Seçki Məcəlləsinin 47.1-ci maddəsinə görə, aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər. Məcəllənin 47.2.-ci maddəsinə görə, vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür”. 

H.Həsənovun sözlərinə görə, indiki mərhələdə seçici siyahılarında vətəndaşların yaşayış yerlərini dəyişmələri üzrə dəyişikliklər ola bilər. “Bütün bunlarla belə, seçki komissiyaları hər il seçici siyahılarının dəqiqləşdirmələrini aparmalıdırlar. İndiki halda, ölkə üzrə vahid seçici siyahında hər hansı fərqlər yaranırsa, bu, seçici siyahılarının düzgün tərtib edilməməsi ilə bağlıdır”, - ekspert əlavə edib.

Turqut