Logo
news content
User
Kateqoriyalar

Analitika

Abzasdan: jurnalist həbsləri yenidən başlayır?
“Öz vətəndaşlarını, öz jurnalistlərini siyasi aksiyalara qatmaq düzgün deyil”

"Səbəbindən asılı olmayaraq, istənilən jurnalistin həbsi Mətbuat Şurasının diqqət mərkəzindədir". 

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid old.pressklub.az saytına açıqlamasında bildirib. 

Şura sədri qeyd edib ki, Abzas.net saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının həbsi qurumun diqqət mərkəzindədir. 

Rəşad Məcid jurnalistlərin həbsini arzuolunmaz hesab edir, lakin deyir ki, bu peşənin daşıyıcıları da, başqaları kimi, bu cür aqibətdən sığortalanmayıblar. O, eyni zamanda qeyd edib ki, istintaqın yeni başladığını nəzərə alaraq, qəti fikir bildirmək çətindir. 

"Hesab edirəm ki, konkret səbəblər istintaq gedişində aydın olacaq. Yəni, indiki vəziyyətdə Mətbuat Şurasının hansısa əlahiddə araşdırma aparmasının elə bir önəmi yoxdur. Arzu edək ki, həbs qərarı dəyişəcək". 

Sonda Mətbuat Şurasının sədri bu işin ədalətli araşdırılması üçün müvafiq orqanlara çağırış etdiyini dedi və əlavə etdi ki, baş vermiş hadisə ilə bağlı dövlət instansiyaları ilə müəyyən təmaslar var, bu təmaslar davam edəcək.

Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli old.pressklub.az-a açıqlamasında bildirib ki, "Abzas Media"-nın əməkdaşlarının həbsinin hansısa cinayət əməli ilə bir bağlı olduğunu düşünmür. 

"Bu, bilavasitə media və jurnalistika fəaliyyəti ilə bağlıdır. "Abzas Media" son vaxtlar korrupsiya faktları barədə araşdırmalar aparırdı".

Hüquqşünas qeyd edib ki, medianın işi də əslində budur, jurnalist üzə çıxardığı korrupsiya elementlərini ictimailəşdirməlidir. 

Ələsgər Məmmədli deyir ki, media müstəntiq deyil, bütün faktları olduğu kimi ortaya qoymaya bilər, amma şübhələr varsa, onları ictimaiyyətə təqdim edib, gerçəklərin ortaya çıxmasına vəsilə olmalıdır.  

Müsahibimiz jurnalistlərə qarşı irəli sürülən ittihamları qondarma sayır:

“Mən bu həbsləri Azərbaycanda media və ifadə azadlığına dözümsüzlüyün üst həddi sayıram. Hər kəs tərif yazmalı deyil ki. Ola bilsin, bir çox media qurumları bununla mövcud olmaq və fəaliyyət göstərmək yolunu seçib. Amma bu o demək deyil ki alternativ fikir, plüralist media olmamalıdır. Tənqidi media tamamilə sıradan çıxsa, ölkə, hətta hökumətin özü də ciddi problemlər yaşaya bilər. Bu baxımdan, hesab edirəm ki, mediaya qarşı həm hüquqi, həm də praktik platformada baş verən məhdudiyyətlər tezliklə aradan qalxmalıdır”.

Hüquqşünas eyni zamanda qeyd edib ki, Azərbaycan önəmli bir problemini - Qarabağ problemini həll etdikdən sonra cəmiyyət daha barışdırıcı, daha aydın inkişaf yoluna yönəlməlidir. Demokratik dəyərlər dərinləşməlidir. Demokratik dəyərlərin və demokratik mühitin formalaşması üçün media azadlığı zəruridir.

Ələsgər Məmmədli deyir ki, ədalət sistemi işləməyəndə siyasətin əlində dəyənəyə çevrilir.

“Azərbaycanda siyasi proseslər fəallaşanda ən rahat dəyənək - hüquq dəyənəyi olur. Belə olanda da hüquq gözdən düşür. Ölkədə hüquqa inam bitərsə, ölkənin özünə də inam itir. Odur ki, bu yanlış yanaşmadan imtina olunmalıdır” - hüquqşünas sonda qeyd edib. 

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev də saytımıza açıqlamasında jurnalistlərin həbsinin üzücü olduğunu deyib: “Əvvəla, ona görə ki, çoxdandır belə hadisələr baş vermirdi. Olduğu zaman da başqa xarakterli məsələlərlə bağlı baş verirdi. Ciddi şübhələr var ki, bu ittihamlar onların peşə fəaliyyəti ilə bağlıdır. İstər Ülvi Həsənlinin, istərsə də Sevinc Vaqifqızının polisə çağırılması, saxlanılması birinci dəfə deyil. Belə hallar bir neçə dəfə olub və bu, onların peşə fəaliyyəti ilə bağlı olub. Ona görə də indiki hadisədə də belə şübhələr çox əsaslı görünür”.

Arif Əliyev hesab edir ki, elan olunmuş konkret ittihamları araşdırmaq üçün həmin jurnalistlərin həbsdə saxlanılmasına ehtiyac yoxdur: “Sevinc Vaqifqızı Azərbaycandan qaçmaq istəsəydi, heç gəlməzdi. Bunlar nəzərə alınmalıdır. Və o da nəzərə alınmalıdır ki, söhbət jurnalistlərdən, mətbuat və söz azadlığı kimi həssas bir mövzudan gedir”. 

Müsahibimiz bildirib ki, ittihamın xarakteri indiki şəraitdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə, ölkəmizə ünvanlanmış suallara heç də müsbət rəng qatmayacaq və ciddi ittihamlara səbəb olacaq: “Güman ki, indiki mərhələdə Azərbaycan rəsmi dairələrinin Avropa və ABŞ-nin müəyyən dairələri ilə münasibətlərindəki kəskinləşmənin də bu hadisələrə təsiri ola bilər. Belədirsə və bunun təsiri varsa, hər halda, öz vətəndaşlarını, öz jurnalistlərini belə siyasi aksiyalara qatmaq düzgün deyil. Bunu düşünmək lazımdır”.

Mədinə Useynova