Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ Konqresindəki türk düşmənçiliyi – Xristianları kim və niyə qorxudur?
Cənubi Qafqazda barışıq cəhdləri bəzi siyasi dairələrin köhnə hesablarını pozur

“Anadoluda, daha sonra isə Artsaxda (Dağlıq Qarabağda) erməni xristianların məhv edilməsindən sonra Türkiyə və Azərbaycan indi birbaşa Ermənistan Respublikasını hədəfə alıblar”. Belə bir iddia ilə Christian Solidarity International (CSI) beynəlxalq təşkilatının prezidenti doktor Con Eybner ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında dünyada xristianların təqib olunmasına həsr edilmiş dinləmələrdə bildirib.

Eybner “Dünyada xristianların təqib olunması: yeni çağırışlara cavab” adlı dinləmələrdə çıxış edib. Komissiyanın həmsədrləri Nyu-Cersi ştatından respublikaçı konqresmen Kris Smit və Massaçusets ştatından demokrat konqresmen Ceyms Makqovern olub. Smit Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “İsrail, Yunanıstan və Ermənistan üçün mövcudluq təhlükəsi” adlandırıb, həmçinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə aralarında baş vermiş mübahisələrdən danışıb.

“Doktor Eybner və həmsədr Smit həqiqəti – sadə və sərt həqiqəti söylədilər. “Bir millət, iki dövlət” ittifaqında birləşən Türkiyə və Azərbaycan 1915-ci ildə başladıqları işi başa çatdırmağa, erməni xristianları onların əzəli torpaqlarında məhv etməyə çalışırlar”, – deyə Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryan bildirib.

“İndiyədək cəzasız qalmış erməni soyqırımından tutmuş Artsaxda etnik təmizləməyə, Bakıda saxlanılan girovlara və Əliyevin “Qərbi Azərbaycan” adlandırdığı Ermənistana qarşı təcavüzkar ərazi iddialarına qədər – erməniləri təqib edən rejimlər heç vaxt bunlara görə məsuliyyət daşımayıblar. Amerikanın onları dayandırmaq üçün bütün zəruri vasitələri var. Həm respublikaçıların, həm də demokratların administrasiyaları dövründə çatışmayan yeganə şey bu vasitələrdən istifadə etmək üçün siyasi iradə olub. İlk növbədə Vaşinqtonun Ankara və Bakıya göstərdiyi silah təchizatına, maliyyə yardımına və diplomatik himayəyə son qoyulmalıdır”, – o əlavə edib.

Eybner isə “Bir millət, iki dövlət” prinsipinə əsaslanan “Türkiyə-Azərbaycan ittifaqının getdikcə daha çox hərbiləşən və genişlənən təsir dairələri şəraitində həssas vəziyyətdə olan xristian icmaları üçün davamlı təhlükəsi” barədə danışıb. Onun sözlərinə görə, bu, “təkcə xristianlar üçün deyil, digər dini azlıqlar üçün də ən ciddi yeni təhdidlərdən biridir”.

Eybner Türkiyənin siyasətini Türkiyə Respublikasının yaranması ilə əlaqələndirib.

“Bu gün Türkiyədə xristian icmalarının təqib olunmasının əsasında dayanan təcavüzkar, antidemokratik etnodini millətçiliyin dərin tarixi kökləri var. Bu ideologiya Türkiyə Respublikasının qurulması dövründə islamçılıqla ifrat türk millətçiliyi ideologiyalarının sintezi kimi meydana gəlib”, – Eybnerin yazılı ifadəsində bildirilir.

O, komissiyaya bildirib ki, Türkiyənin xristian əhalisinin ermənilərdən, yunanlardan, suriyalılardan, assuriyalılardan və aramilərdən ibarət payı ermənilərin “soyqırımı” dövründəki 20 faizdən 1 faizdən də aşağı səviyyəyə enib.

Eybner həmçinin qeyd edib ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCIRF) dövlət katibini Türkiyəni Dövlət Departamentinin dini azadlıqları ciddi şəkildə pozan ölkələrə dair xüsusi siyahısına daxil etməyə çağırıb. Lakin bu tövsiyə indiyədək yerinə yetirilməyib.

Komissiyanın həmsədri Kris Smit bildirib ki, əvvəllər iki dəfə dinləmə keçirərək ABŞ prezidentini Ərdoğanın Ankaraya səfəri zamanı insan hüquqları məsələsini qaldırmağa çağırıb. O, Vaşinqtonun Türkiyəyə qarşı daha sərt siyasət yürütməsinin tərəfdarı olduğunu vurğulayıb.

“Mənim təvazökar fikrimcə, Türkiyə ABŞ Dövlət Departamentinin xüsusi narahatlıq doğuran ölkələr (CPC) siyahısına daxil edilməli və törətdiklərinə görə ona qarşı sanksiyalar tətbiq olunmalıdır”, – Smit bildirib.

O, həmçinin erməni soyqırımı məsələsinə dair keçirdiyi dinləmələr zamanı Türkiyə səfirinin ona hədə-qorxu gəlməsini xatırladıb.

“O, üzümə baxıb dedi: “Bilirsiniz, əgər erməni soyqırımını tanısanız, sizi İncirlikdən – oradakı hərbi bazanızdan qovacağıq”. Bax, belə dost və NATO müttəfiqimiz var”, – Smit qeyd edib.

Ərdoğanı İkinci Dünya müharibəsindən sonra Almaniyanın nasist cinayətlərinə görə məsuliyyətini etiraf etmiş keçmiş AFR kansleri Konrad Adenauerlə müqayisə edən konqresmen əlavə edib: “Bununla belə, biz Ərdoğanın və digərlərinin inkarçılıq mədəniyyəti ilə üz-üzəyik”.

Smit Ankaraya F-35 qırıcılarının və digər müasir silahların satılmasının mümkünlüyünü də şübhə altına alıb.

“Mən hətta administrasiya nümayəndələri ilə keçirilən brifinqdə soruşdum: Türkiyənin üzləşdiyi hansı təhlükə o qədər ciddidir ki, ona F-35-lər lazımdır? Onun kimi bir adamın bütün bunlara görə məsuliyyətdən yayına bilməsi ağlasığmazdır”, – o bildirib.

Belə hadisələr haqqında oxuyanda ilk növbədə bir sual yaranır: okeanın o tayında yaşayan bütün bu adamlar vaxtlarını nəyə sərf edirlər? Niyə onlar Ermənistan, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin real mənzərəsini təhrif edən miflər yaratmaqla məşğuldurlar? Axı belə konfransların keçirilməsi üçün kimsə başqalarının zəhmətlə qazandığı pulları sərf edir. Bəs bütün bunların nə faydası var?

Dünən “Sülh körpüsü” təşəbbüsünün nümayəndələri Ermənistanda görüş keçirirdilər. Türkiyə isə Ermənistanla sərhəddə quru sərhəd-keçid məntəqələrinin açılması istiqamətində irəliləyir. Ancaq belə təəssürat yaranır ki, Eybner və Smit sadəcə xəbərləri izləmirlər.

Bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşən siyasi coğrafiya və geoiqtisadiyyat üzrə mütəxəssis, beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, Eybner, Smit və onlar kimilər, əslində, sözün birbaşa və ya məcazi mənasında aldıqları sifarişi yerinə yetirirlər.

“Onlar sülh gündəliyindən və regionda baş verən proseslərdən asılı olmayaraq bəyanatlar verir, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Bu adamların tamamilə başqa gündəliyi var və onlardan fərqli mövqe gözləməyə dəyməz. Nə qədər yaşayırlar, eyni havanı çalmaqda davam edəcəklər. Belə adamlar ABŞ-da, Fransada və Ermənistanın hüdudlarından kənarda başqa yerlərdə də var. Rusiyada isə onların həmfikiri Zatulindir. Hərçənd o, fərqli siyasi konsepsiyaya, başqa təsəvvürlərə və dünyagörüşünə malikdir.

Lakin bu məsələdə Zatulin faktiki olaraq həmin adamlarla eyni mövqedən çıxış edir”, – deyə analitik bildirib.

O qeyd edib ki, belə şəxslər sivilizasiyaların qarşıdurması ideyalarından qidalanırlar. Onlar cəmiyyətin mürtəce təbəqəsini təmsil edirlər və praktik baxımdan belə qüvvələr həmişə olub, indi də var və gələcəkdə də olacaq.

“Sülh gündəliyi və siyasi proseslər onların istəyindən asılı olmayaraq, öz məntiqinə və səbəb-nəticə əlaqələrinə uyğun inkişaf edəcək. Belə vəziyyətdə “İt hürər, karvan keçər” prinsipini rəhbər tutmaq vacibdir. Təəssüf ki, bu cür səslər az olmayacaq. Lakin tarixin karvanını geri döndərmək mümkün deyil. Dialoqa və yeni siyasi reallığın formalaşmasına təkan verən obyektiv proseslər mövcuddur. Bununla belə, münaqişə şəraitində adları çəkilən şəxslərə tələbat qalır və onlar çoxlu sifariş alırlar.

Münaqişə onların mahiyyəti, nəfəs aldıqları hava və həyat amalına çevrilib. Münaqişəsiz onlar özlərini sudan çıxmış balıq kimi hiss edirlər. Əlbəttə, özlərinə hansısa “gölməçə” mütləq tapacaqlar, amma bu, onların əslində istədikləri mühit olmayacaq.

Belə adamların mövcudluğu bizi daim ayıq-sayıq olmağa və bir həqiqəti unutmamağa vadar edir: regionda gedən müsbət proseslərə diqqətimiz zəifləsə, bu istiqaməti dəyişmək istəyənlər həmişə tapılacaq. Buna görə də daim hazırlıqlı olmalı, regionda sülhün, sabitliyin və proqnozlaşdırıla bilən mühitin möhkəmləndirilməsi istiqamətində daha qətiyyətlə hərəkət etməliyik”, – Vəlizadə hesab edir.

Rauf Orucov