Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ deyir oxu, Rusiya deyir, oxuma!
Paşinyan çətin seçim qarşında qalıb; o, nə edəcək?

Ermənistan hakimiyyəti, müxalifətin dəstəklədiyi “Tavuş hərəkatını”nın təşkil etdiyi etirazları lokallaşdırmağa nail olsa da, kifayət qədər çətin vəziyyətdədir. İrəvanın qarşısında az vaxt içində həllini gözləyən problemlər var, Nikol Paşinyan hökuməti onlarla bağlı siyasi iradə göstərməli, qərarlar verməlidir. Vəziyyət elədir ki, bu qərarların, demək olar, hamısı daxili və xarici qüvvələrin müqaviməti, təzyiqi altındadır.

Hökumət, ilk növbədə, Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesini davam etdirməlidir, bunun üçün iyulun 1-ə qədər – təxminən 2 həftə vaxtı var. N.Paşinyan bildirib ki, hazırda reqlamentlə bağlı Azərbaycanla danışıqlar aparılır, daha sonra sərhədlərin dəqiqləşdirilməsi prosesinin növbəti mərhələsinin hansı ərazilər olacağı müəyyənləşəcək. Baş nazir Zəngəzur bölgəsində demarkasiya işlərinə başlanmasını istisna etməyib. O, son 3 günü Sünik bölgəsində keçirib və sakinlərlə görüşüb. Dediyinə görə, demarkasiya ilə bağlı əhalidən aldığı reaksiyalar onu qane edib. 

“Sünik bölgəsinə səfər Ermənistanın hərəkətə keçməsinə inamı artırıb. Nə qədər çətin olsa da, doğru yoldayıq. Sərhədyanı Çakatendə, Nerkin Handda məndən soruşdular: bizim tərəfdə də demarkasiya olacağına ümid varmı? Mən o adamlara demarkasiya olunmuş Voskeparın mühəndis baryerlərini göstərəndə onlar həvəslənib, görün, nə dedilər: “Bizdə də belə olmalıdır, çünki mal-qara, o biri tərəfə keçir, itir”, - deyə Paşinyan bildirib. 

Baş nazir onu da deyib ki, delimitasiyası zamanı ərazi mübadiləsi məsələsi ortaya çıxsa, referendum keçirəcək.

"Burada 100 kv.m verə, orada 100 kv.m əldə edə biləcəyiniz bir vəziyyət ola bilər. Bu halda, biz heç nəyə qərar verməyəcəyik. Referendum keçirmək lazımdır, siz qərar verəcəksiniz", - o, kəndlilərə bildirib.

Paşinyan vurğulayıb ki, hakimiyyət Ermənistanın öz ərazilərinin bir metrini də güzəştə getməyəcək. Bu kontekstdə Paşinyan "Zəngəzur dəhlizi"nin açılması barədə şayiələri boş söhbət adlandırıb, kənd sakinlərini bu söhbətlərə fikir verməməyə çağırıb. "Düzgün başa düşün, biz Azərbaycanla yeni sərhəd yaratmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik", - o, əlavə edib.

Bu prosesdə açıq qalan məsələ sərhədlərin qalan hissəsinin hansı meyarlarla müəyyənləşəcəyidir. Çünki rəsmi Bakı Ermənistanla 1100 kilometrə yaxın sərhədin, Qazax-Tavuş xəttində olduğu kimi, Almatı prinsipləri əsasında dəqiqləşdirilməsini mümkün saymır, hər bir əraziyə ayrıca yanaşmanın vacib olduğunu bildirir. Ermənistanın konkret mövqeyi hələ müəyyənləşməyib, sərhədlərin bir çox hissələri ilə bağlı ciddi mübahisələr mövcuddur, xüsusilə, İrəvan daha əvvəl və 2022-ci ilin 12-14 sentyabr toqquşmaları zamanı Azərbaycanın Ermənistanın 200 kvadrat kilometr ərazisinə girdiyini iddia edir. Bakı isə sözügedən yüksəklikləri geri qaytarmayacağını, bu məsələnin danışıqlar predmeti olmayacağını bildirib. Deməli, qarşıda delimitasiya ilə bağlı uzun, gərgin danışıqlar prosesi var.

Sülh müqaviləsinin imzalanması ilə bağlı da mövqelərdə ziddiyətlər qalır. İki həftə əvvəl Ermənistanın göndərdiyi təkliflərə Bakı “irəliləyişlər var” cavabı versə də, prinsipial məsələ Ermənistan Konstitusiyasının və digər qanunvericilik aktlarının ərazi iddialarından təmizlənməsidir. İrəvan isə daxili etirazlar dönəmində Azərbaycanın tələbi üzrə Konstitusiya islahatları elan etməkdən çəkinir. Qarşıdakı dövrdə Paşinyan azalan reytinqinin qeydinə qalmalıdır, təxminən 2 il sonra keçirilməli olan parlament seçkilərinə qədər rəqiblərin əl-ayağını yığıb, problemləri həll etməlidir. Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşirilməsi prosesinin davam etməsi, habelə Avrointeqrasiya istiqamətində ciddi addımların atılması növbəti seçkiləri qazanmaq üçün fundamental əsaslar ola bilər. Qeyd olunduğu kimi, bu vəzifələrin öhdəsindən gəlmək həm də xarici oyunçuların maraqları ilə toqquşur. Bu sırada Ermənistanın Rusiyanın dəmir pəncəsi altında olan KTMT-dən qopması, Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi ön planda dayanır. Ötən həftə Baş nazir Paşinyan parlamentdə növbəti məntiqi addımın ölkəsinin KTMT-dən çıxması olduğunu vurğuladı, amma nə baş verdisə, bir neçə saat sonra bu bəyanat xarici işlər naziri Mirzoyan tərəfindən təkzib edildi. 

Ümumilikdə, Azərbaycanla normallaşma prosesi və Ermənistanın Qərbə inteqrasiya problemləri İrəvanın Qərb müttəfiqləri ilə gündəminin əsas mövzusudur. Birləşmiş Ştatlar Ermənistan rəhbərliyini siyasi iradə nümayiş etdirməyə, qəti addımlar atmağa çağırır. Bu günlərdə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Riçard Vermanın Paşinyanla görüşdə qaldırdığı əsas mövzular bunlardan ibarət olub. 

İyunun 15-16-da İsveçrədə keçirilən Ukrayna sülh forumunda iştirak edən Ermənistanın Milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ikitərəfli görüşündə də Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsinə ABŞ-nin dəstəyi müzakirə edilib.

Bu görüşün ardınca ABŞ Dövlət Departamenti Ermənistanın KTMT-dən çıxmasına işarə edən açıqlama yayıb: “Buna Ermənistan hökuməti qərar verməlidir və biz bu qərara hörmət edirik. Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görmədik”.

Vaşinqtonun təkidlərinə rəğmən, Paşinyan hökuməti qəti addımlar atmağa tərəddüd edir və Ukrayna sülh forumunda da bu qərarsızlıq açıq şəkildə özünü büruzə verdi. Belə ki, Ermənistan yekun kommünikeni imzalamadı, Qriqoryanın tədbirdə əvvəldən nəzərdə tutulan çıxışı isə ləğv edildi. Qriqoryan tədbir çərçivəsində  Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşməklə kifayətlənib. Görünür, bu ərəfədə Moskva ilə İrəvan arasında qapalı diplomatik trafik kulminasiya həddinə çatıb. Kreml israrla “müttəfiqini” qüvvədə olan ikitərəfli müqavilələrə riyat etməyə çağırıb. 

Bu mövqeni Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə münasibətləri kurasiya edən Mixail Qaluzinin “Komsomolskaya Pravda” qəzetinə verdiyi müsahibədə də görmək olar. 

Qaluzin deyib ki, Qərb Errmənistandakı daxili vəziyyətdən istifadə edərək, regionda gərginlik yaratmaq istəyir: “Qərb paytaxtları, ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır. Biz görürük ki, Ermənistan Avropa perspektivi haqda verilən vədlərə fəal şəkildə cəlb olunur. Amma təxmin etmək çətin deyil ki, ölkə iqtisadiyyatında son illərdə rekord artım Rusiya ilə iqtisadi əlaqələrə görədir və bu əlaqələrin kəsilməsi erməni biznesi üçün əsas bazarın itirilməsi demək olacaq. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi tarixi maksimuma - 700 milyard rubla çatıb. Zamanla İrəvandan respublikanın əsas benefisiarlardan biri olduğu Avrasiya İqtisadi İttifaqından çıxması tələb olunacaq. Təəssüf ki, Qərb nağıllarının təsiri altında Ermənistanla ikitərəfli siyasi əlaqələrdə kəskin daralma müşahidə olunur. İrəvandan getdikcə Rusiya, KTMT və mövcud təhlükəsizlik sisteminə qarşı əsassız tənqidlər eşidilir. Bu, ən azı qeyri-konstruktiv mövqedir. İrəvanın KTMT-nin işində tam şəkildə iştirakı erməni xalqının maraqlarına cavab verir və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması işinə xidmət edir. Ermənistan hakimiyyətini KTMT-də iştirakını “dondurmağa” sövq edən Qərbin vədləri nə olursa olsun, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm kimi KTMT-yə effektiv alternativ yoxdur. Ermənistanın təhlükəsizlik sahəsində ABŞ və NATO-nun “kağız çətiri” altında keçidi KTMT çərçivəsində vahid müdafiə məkanını saxlamasını qeyri-mümkün edəcək”.

Qaluzin vurğulayıb ki, Rusiya dəfələrlə və müxtəlif səviyyələrdə İrəvanı narahat edən məsələləri müzakirə etməyə hazır olduğunu açıq şəkildə bildirib. Amma müxtəlif təşəbbüslərə heç bir cavab da almayıblar. “Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin illüziya vədlərinə deyil, respublikanın suverenliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya ilə münasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədər siyasi müdrikliyə malik olacaq”, - nazir müavini vurğulayb.

Göründüyü kimi, Ermənistan həm Qərbin, həm də Rusiyanın ciddi basqıları altındadır. Geosiyasi müharibə aparan beynəlxalq oyunçuların bir-birinə kəskin antoqonist məzmunlu təzyiqləri bilavasitə dövlət rəhbərliyi ilə görüşlərdə və publik şəkildə dilə gətirilir. Vəziyyət o qədər mürəkkəb, tələblər o qədər açıqdır ki, Paşinyan hökuməti onların qarşısında aciz görünür: Baş nazirin bəyanatı təkzib olunur, təhlükəsizlik şurasının rəhbəri sülh forumun bəyanatına imza ata bilmir və çıxışını ləğv etməyə məcbur olur. Bu ziddiyyətlərin ortasında qalmaq, təbii ki, İrəvanın kurs dəyişdirmək kimi taleyüklü məsələni geosiyasi şərtlərin ən uyğunsuz – böyük oyunçuların bir-birinə qarşı müharibə apardığı dövrdə həyata keçirməsi ilə bağlıdır. Yaxın dövrdə regionda vəziyyət aydınlaşmasa, Paşinyan hökumətinin Azərbaycanla sülh prosesi və Avrointeqrasiya ilə bağlı qəti addımlar atması çətin görünür. Məsələ burasındadır ki, ortalıqda var-gəl edib “dünyanın düzəlməsini” gözləmək də artıq mümkün olmur. Ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasında olduğu kimi, hərə bir tərəfdən bıçağı dirəyib, biri deyir oxu, o biri deyir, oxuma! 

Turqut