ABŞ, Çin və kənarda qalan Rusiya: Əliyevin Moskvaya mesajı nə idi?
Bakı qlobal güc balansına öz prizmasından baxır
07 Oktyabr 2026
Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yalnız iki supergücün – ABŞ və Çinin olduğunu və “üçüncüsünün olmadığını” bəyan etməsi Rusiyanın ekspert və media dairələrində geniş rezonansa və fəal müzakirələrə səbəb olub. Bu bəyanat hakim “Yeni Azərbaycan” Partiyasının VIII qurultayında səsləndirilib.
Əslində, Əliyev çıxışında ABŞ və Çini Azərbaycanın xarici siyasət uğurları kontekstində xatırladıb. O vurğulayıb ki, Bakı hər iki qlobal güc mərkəzi ilə strateji tərəfdaşlıq qurmağa nail olub: Pekinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə, Vaşinqtonla isə Strateji Xartiya imzalayıb. Ehtimal ki, “üçüncü yoxdur” ifadəsini müasir dünya sisteminin ikitərəfli xarakterini ifadə etmək üçün işlədib və əlavə edib ki, Azərbaycanın Avropa İttifaqının 10 ölkəsi ilə də strateji tərəfdaşlıq haqqında sazişləri var. Bununla belə, çıxışın həmin hissəsində Rusiyanın adı ümumiyyətlə çəkilməyib.
Rusiyanın KİV-ləri və “turbovətənpərvər” yönümlü kanalları Moskvanın supergüclər siyahısında yer almamasını siyasi siqnal kimi təqdim ediblər. “Əliyev Rusiyanı supergüclər sırasından çıxardı” kimi başlıqlarla materiallar dərc olunub. Həmin KİV-lər iddia edirlər ki, Rusiyanı dünyanın ən güclü hərbi və nüvə dövlətlərindən biri olaraq qlobal gündəmə təsir etməkdə davam edir. Onlar Azərbaycanı Cənubi Qafqazda sabitliyin asılı olduğu əsas regional oyunçu ilə münasibətləri korlamamağa da çağırırlar.
Müxalifət və xarici media, o cümlədən “The Moscow Times”, habelə Ukrayna və Belarusun müstəqil media resursları Əliyevin sözlərini daha radikal şəkildə şərh ediblər. Onlar hazırkı qlobal hadisələr fonunda Kremlin geosiyasi ambisiyalarının “açıq şəkildə kənara qoyulması” və ya “alçaldılması” barədə materiallar yayıblar.
Yerli analitik resurslar isə xarici şərhçiləri Prezidentin sözlərinin mənasını qəsdən təhrif etməkdə və süni şəkildə qalmaqal yaratmaqda ittiham ediblər. Onlar xatırladıblar ki, Vladimir Putin özü də əvvəlki illərdə – məsələn, “Bild” nəşrinə müsahibəsində və 2016-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda – Rusiyanın supergüc statusuna iddia etmədiyini açıq şəkildə bildirib, həmin dövrdə ABŞ-ı “yeganə supergüc” kimi qəbul etdiyini vurğulayıb. Buna görə də Əliyevin fikri Moskva ilə düşmənçilik nümayişi deyil, dünya iqtisadiyyatı və texnoloji təsirə dair praqmatik qiymətləndirmənin ifadəsi kimi qəbul edilir.
Ekspertlər qeyd edirlər ki, Əliyevin bu bəyanatı Bakının ən böyük qlobal oyunçular arasında səmərəli balans yarada və milli maraqlarını müdafiə edə bilən “orta güc” kimi özünəinamını nümayiş etdirir.
Baş verənləri necə izah etmək olar? Prezident Əliyev əslində iki supergüc haqqında bu bəyanatı ilə nə demək istəyib? Və bu vəziyyət Rusiya ilə Azərbaycan arasında onsuz da mürəkkəb olan münasibətlərə hər hansı şəkildə təsir göstərə bilərmi?
Pressklub.az-ın suallarını cavablandıran Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) hesab edir ki, bu cür mülahizələr, qiymətləndirmələr və geosiyasətə yetirilən xüsusi diqqət dünyanın bölüşdürülməsi ilə bağlı artıq köhnəlmiş təsəvvürün təzahürüdür və indi bu təsəvvür dəyişir.

“Yəni, Rusiya gedir, Rusiya artıq supergüc deyil və həm Ermənistan, həm də Azərbaycan strateji əməkdaşlığı tamamilə başqa güclərlə quracaq, dünya düzəninin də fərqli olduğunu iddia edəcək.
Əslində isə dünya necə qurulubsa, elə də qalır. Rusiyanın Qafqazdakı mövqeyi nə güclənir, nə də zəifləyir. Bu cür bəyanatlar daha çox özünü yeni tarixin yaradıcısı kimi təqdim edən liderlərin özünütəsdiqinə yönəlib.
Məncə, məsələ bundan ibarətdir: Əliyev qurultayda sadəcə özünün yaratdığı yeni Azərbaycanı təqdim edib və bu yeni səhifə Rusiyasız yazılır”, – analitik bildirib.
Onun sözlərinə görə, bu baxımdan nəzəri yanaşmalarla tamamilə praktiki məsələləri bir-birindən ayırmaq lazımdır. Praktik baxımdan Rusiya Ermənistanda hələ də ehtiyac duyduğu bütün infrastrukturlara nəzarət edir.
“Azərbaycanla Rusiya arasında da tamamilə praktiki maraqlar və əlaqə mexanizmləri mövcuddur və burada zərrə qədər də dəyişiklik yoxdur.
Mən kifayət qədər mifik xarakter daşıyan geosiyasi yanaşmaları davam edən praktik proseslərdən ayırardım. Bununla belə, sözlərin əhəmiyyəti var və bu mövqe nümayişi müxtəlif ölkələrdəki siyasətçilərin ictimai bəyanatları üçün fon rolunu oynayacaq. Amma bundan artıq olmayacaq. Mən bütün bunlara həddindən artıq böyük əhəmiyyət verməzdim”, – Dubnov fikrini yekunlaşdırıb.
Rauf Orucov