Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ-Azərbaycan münasibətlərində yeni dövr
Hikmət Hacıyevin Vaşinqtonda apardığı danışıqların nəticəsi yaxın günlərdə ortaya çıxacaq

Mayın 19-da İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan və digər vəzifəli şəxslərin helikopter qəzasında həlak olması gündəmin önəmli hadisələrini kölgədə qoydu. Həmin hadisələrin sırasında Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin ötən həftə ABŞ-a səfəri də var. Azərbaycanla Qərb arasında münasibətlərin hazırkı gərgin dönəmində bu səfər ciddi əhəmiyyət daşıyır. 

Rəsmi məlumata görə, H.Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.

“Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub”, - Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.

Hikmət Hacıyev mayın 17-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. "Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - Hacıyev görüş barədə “X” platformasında belə yazıb. 

Xatırladaq ki, mayın əvvəlində ABŞ-ın Bakıdakı səfiri Mark Libbi 44 günlük müharibədən sonra ilk dəfə Şuşaya səfər etdi. Bu, Birləşmiş Ştatların Qarabağda keçirilən antiterror əməliyyatından sonra yaranmış reallıqların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, Vaşintqon Bakının çoxdan gözlədiyi addımı atdı və ikitərəfli münasibətlərdə yığılıb qalmış problemlərin konstruktiv müzakirəsinə şərait yaratdı.  

Hikmət Hacıyevin səfəri barədə məlumatlardan belə nəticə çıxır ki, müzakirələr əsasən 3 istiqamətdə aparılıb:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar prosesi;

Azərbaycanın xarici siyasəti, ABŞ, Avropa İttifaqı və Rusiya ilə münasibətlər;

İnsan haqları ilə bağlı problemlər, jurnalistlərin və siyasilərin həbsləri. 

Ermənistanla sərhədlərin delimitasiyası prosesinin başlanması, bu çərçivədə işğalda olan 4 kəndin Azərbaycana qaytarılması sülh danışıqlarının davam etməsi Rusiya və Qərbin vasitəçiliyi olmadan əldə edilmiş nailiyyətdir. Bakının əvvəldən israr etdiyi bu format özünü doğrultdu və Vaşinqtonun təzyiqlərinin dayandırlmasına gətirib çıxardı. Ermənistan Qərbin prosesdə iştirakı ilə bağlı tələbindən geri çəkilməsi, Azərbaycanın isə Almatı bəyannaməsinin prinsipləri üzrə danışıqların aparılmasına razılıq verməsi kompromisin əsas elementləridir. Yəni, tərəflər Qərbin və ya Rusiyanın “köməyi” olmadan dil tapa bildilər, sərhədlərin qalan hissəsinin bu formada dəqiqləşdiriləcəyinə böyük ümidlər yaranıb. Sülh müqaviləsində də Almatı prinsiplərinin yer alması ilə bağlı hazırda danışıqlar gedir. Tərəflər arasında gərginlik azalıb, hərbi toqquşma ehtimalı yoxdur, bu da Vaşinqtonu qane edir.

İkincisi, ABŞ-ın Azərbaycandan əsas gözləntilərindən biri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl edilməsi, Ukraynaya mümkün iqtisadi, humanitar dəstəyin davam etdirilməsidir. Bakı sanksiya rejiminə ciddi şəkildə əməl edir, indiyə qədər ABŞ Maliyyə Nazirliyinin “qara siyahılarında” Azərbaycana məxsus banklar, şirkətlər yer almayıb. Ukraynaya dəstəyə gəldikdə, Bakı indiyə qədər bu ölkəyə 50 milyon dollara qədər humanitar yardım göndərib, iki ölkə arasında ticarət əlaqələri zəifləsə də, davam edir, Azərbaycan Ukraynanı, onun ən çox ehtiyac duyduğu neft və neft məhsulları ilə təmin edir. 

Vaşinqtonun əsas istəklərindən biri də Qərbin Orta Asiya layihəsinə Azərbaycanın ciddi dəstək verməsi ilə bağlıdır. Məlumdur ki, həm ABŞ, həm Avropa İttifaqı bölgə dövlətləri ilə müxtəlif formatlarda sammitlər keçirir, gələcək əməkdaşlığın bünövrəsini hazırlayır. Azərbaycan mühüm nəqliyyat dəhlizlərinə sahib ölkə kimi bu layihələrin icrasına mühüm töhfə verə bilər. Bakı ən yüksək səviyyədə bu dialoqda iştirak edir və Qərb-Asiya əlaqələrində körpü roluna töhfə verməyə hazır olduğunu bəyan edir.      

ABŞ-Azərbaycan münasibətlərində əsas narazılıqlar insan haqları və siyasi azadlıqlar sahəsindəki problemlərlə bağlıdır. Bu, Dövlət Departamentinin ənənəvi illik hesabatlarında da əksini tapir. Vaşinqton hesab edir ki, siyasi məhbus hesab edilən, eləcə də media fəaliyyətinə görə həbs edilən şəxslər azadlığa buraxılmalı, hüquq mühafizə orqanlarında işgəncə iddiaları şəffaf qaydada araşdırılmalı, siyasi fəaliyyət azadlığına təminat verilməlidir. 

Bakı bu tənqidləri qəbul etmir və ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Bununla belə, problemlər yüksək səviyyəli rəsmi şəxslərin gündəmindədirsə, müzakirələr aparılırsa, kompromisin tapılacağına ümidlər yaranır. 

Ümumilikdə, iddia olunduğu kimi, Azərbaycan Qərbdən qopub Rusiyanın təsir dairəsinə keçməsi barədə iddialar özünü doğrultmur. Bakı öz maraqlarını rəhbər tutaraq siyasət yürdürür, bu amil həm Qərb, həm də Rusiya ilə münasibətlərdə başlıca amil olaraq qalır. Hikmət Hacıyevin yüksək səviyyəli danışıqlarının nəticələri yaxın günlərdə ortaya çıxa bilər. Biz qarşıdakı günlərdə bəzi siyasi məhbus hesab edilən şəxslərin əfv olunmasını, habelə Vaşinqtondan yuxarı ranqlı diplomatların Azərbaycana səfərlərini gözləyə bilərik.

Turqut