Logo
news content
User
Kateqoriyalar

Analitika

90 dəqiqənin hakimi
“Onlar psixoloji hücuma keçir, "cəllad" obrazına çevrilirlər”

Azərbaycan futbolunun problemi bir deyil, iki deyil. Ən ümdə problemlərdən biri də hakimlikdir. Ölkə çempionatında hələ ilk dövrə bitməyib, ancaq referilərdən şikayətlər baş alıb gedib. Demək olar ki, hər turda hakim idarəçiliyindən narazılıqlar edilir, onların yanlış qərarları ifşa olunur.

Bunu hər kəs dərk edir ki, hakimlik futbolda ən vacib məsələlərdən biri, bəlkə də birincisidir. Ədalət təmsilçilərinin verdiyi ədalətsiz qərar(lar) hansısa klubun, komandanın, məşqçilərin və futbolçuların əziyyətini yerə vurur. Bu halların qarşısını almaq üçün Azərbaycan futboluna da VAR (video assistant referee) sistemi gətirildi. Lakin VAR da bizdəki hakim səhvlərini yox edə bilmədi.

Azərbaycan hakimliyində Tofiq Bəhramov və Eldar Əzimzadə zirvəsi olduğu halda, indikilərdən adlarını futbol tarixinə qızıl hərflərlə yazdırmış mərhum referilərə nəinki çatan, heç yaxınlaşan da olmadı. Bəs bunun səbəbi nədir? Son illərdə az sayda istedadlı referimiz üzə çıxsa da, niyə geridə qalan illər ərzində ikinci Bəhramov və Əzimzadəni yetişdirə bilməmişik? Problemin kökündə nə dayanır? Suallara cavab tapmaq üçün sabiq FİFA referesi Tahir Süleymanovla söhbətləşdik. Süleymanov old.pressklub.az saytına müsahibəsində Azərbaycan hakimliyinin problemlərindən danışdı, dövrlər arasında müqayisə apardı və gələcəkdə fit sahibi olmaq istəyən gənclərə tövsiyələrini verdi.

“Cəbhə bölgələrində atəş səsləri altında hakimlik edirdik”

- Azərbaycan hakimliyinin hazırkı səviyyəsi sizi qane edirmi?

- Tarixən ciddi hakim səhvləri çempionatın ilk dövrəsindən, 10-12 turdan sonra özünü büruzə verir. Obyektiv və subyektiv səbəbləri var. Komandalar optimal formalarını yığanadək "qarşıda oyunlar çoxdur" düşüncəsi ilə ilk turlarda qazanılacaq xallara bir o qədər də önəm vermirlər. Hakimlər də çempionatın startına psixoloji olaraq məsuliyyətlə yanaşır, səhvlər etməməyə çalışırlar. Hazırkı durum fərqlidir. Komandalar arasında güc balansı tarazlığının yaranması, rəqabətin artması, asan, keçid oyunların azlığı idarəçilik baxımından məsuliyyəti daha da artırıb. Bu vəziyyətə hakimlər hazır deyillər. Kobud hakim səhvləri özünü qabarıq büruzə verir. Demək olar, çempionatın hər turunda idarəçilikdə bağlı ciddi problemlər üzə çıxır. Təbii ki, bunun da öz səbəbləri var.

- Uzun illər hakimlik etmisiniz. Sizin dövrlə müqayisədə Azərbaycan futbol hakimliyində hansı müsbət və mənfi dəyişikliklər var?

- Tək hakimlik amili deyil, ümumi şərait müqayisəolunmazdır. O dövrdə ölkədə siyasi-iqtisadi xaos, infrastrukturun dağılması, sabitliyin, asayişin təmin olunmaması, müharibə, torpaqların itirilməsi ilə yanaşı, elementar şərait yox idi. Elektrik kəsilirdi, qaz təchizatından danışmağa dəyməzdi, stadionlar isti suya həsrət qalırdı. Təşkilatçılıq, şərait çox aşağı səviyyədə idi. Komandalar təlim-məşq toplanışları keçə bilmir, “ekipirovka”ları çətinliklə əldə edirdilər. Bütün çətinliklərə baxmayaraq, gələcəyə inam var idi. Tək paytaxt deyil, bölgələrimizdə komandaların sayı yetərincə idi. Cəbhə bölgələrində atəş səsləri altında görüşlər keçirilirdi, belə şəraitdə hakimlik edirdik. Çoxu xatırlamaz, hətta müharibə gedə-gedə “Xocalı” komandası birinci dəstədə çıxış edirdi. Lənkərandan Balakənə, Naxçıvandan Qusara kimi əksər şəhər və rayonlarımızın komandaları çempionatlarda oynayırdılar, biz də matçları idarə edirdik. Ağır durum, şəraitsizlik olsa da, hakim, futbolçu qıtlığı yaşanmırdı, O dönəm indiki vəziyyətlə müqayisə edilə bilməz. Geridə qalan illər ərzində futbola yüz milyonlarla vəsait yatırılıb. Futbol təsərrüfatı idarəçiliyi düzgün qurulmadığına görə, təəssüf ki, futbol tənəzzülə uğrayıb, bataqlığa sürüklənib. Yaradılan şəraitin qarşılığında ölkə futbolu tam fərqli mövqelərdə olmalı idi. Hakimlik strukturu futbolun önəmli parçalarından biridir. İndiki təhlükəsizlik, əmin-amanlıq şəraitində hakimlər daha çox inkişaf etməli idilər. Əsas problem fərdi olaraq ayrı-ayrılıqda hakimlərdə deyil, ümumi futbol sisteminin bərbad, yarıtmaz olmasındadır.

“Ştuxlik Bakının mavi gecələrində feyziyab olub, illərini keçirdi”

- Vaxtilə tez-tez tənqid olunan Xaqani Məmmədovun AFFA Hakimlər Komitəsinin sədri postundan gedişindən sonra bu vəzifədə əvvəlcə Frits Ştuxlik yer aldı. Hazırda isə AFFA Hakimlər Komitəsinə Barış Şimşek rəhbərlik edir. Əcnəbi sədrlərin fəaliyyət dövrünü necə dəyərləndirirsiniz? Onların Azərbaycan hakimliyinə bir töhfəsi olubmu?

- Texnologiya əsrində yaşayırıq, ildən-ilə futbolda qaydalar dəyişir, yeniliklər edilir. VAR sisteminin tətbiqi də onlardan biridir. Dövlətin böyük maliyyə yardımı ilə bunlar həyata keçirilir. Qeyd olunanların qarşılığında hakimlərin keyfiyyət göstəricisi yüksəlməli idi. Əksi baş verir. Avstriyalı Ştuxlik Bakının mavi gecələrində feyziyab olub, illərini keçirdi, daxildə intriqalar yaratdı, pullarını qazanıb, ölkəni tərk etdi. Barış Şimşək isə VAR təlimatçısıdır. Oyunlarda referi - VAR "anlaşmasını" da hər kəs görür. Əvvəlki illərdə problemlərin olmasına baxmayaraq, yeni gələnlər Azərbaycan hakimliyi adına heç bir önəmli fayda verməyiblər. Ölkə futbolunun ən böyük problemlərindən biri də əcnəbi sevgisidir. Diletant futbol düşüncəsi və şəxsi məqsədlər üçün bu addımlar atılır. Ümumi anlamda lippertlər ölkə futboluna nə veriblərsə, ştuxliklər, barışlar da onlardan seçilmirlər. Çempionatdakı kobud hakim səhvləri buna əyani sübutdur!

- Hakimlər üçün hər bir şərait yaradıldığı halda, Azərbaycan Premyer Liqasında yenə hakim səhvlərinin şahidi oluruq. Bunu nə ilə izah edərdiniz?

- Xaqani Məmmədovun sədr olduğu dönəmlə müqayisədə Ştuxlik, Barış hakimiyyətində keyfiyyətli təlim-məşq toplanışlarına son qoyulub. Əvvəllər hakimlərimiz xaricdə təlim-məşq toplanışları keçirdilərsə, beynəlxalq yoldaşlıq, yoxlama oyunlarında təcrübə toplayırdılarsa, Əliyar Ağayev kimi referilər o mühitdə yetişirdisə, hazırda hakimlərin şəraitinə xərclənə biləcək vəsait əcnəbilərin müqavilələrinin ödənilməsinə, ciblərinə yönəlir. AFFA tərəfindən atılmış ən yanlış addımlardan biridir. Federasiya rəhbərliyi ilə söhbətlərimdə dəfələrlə bu məsələni qaldırmış və görülən işlərin yanlış olduğunu faktlarla isbatlamışam. Həvəskar düşüncə ilə qərarlar verilir və qeyd etdiyiniz kimi, nəticəsi də bəllidir.

“Hakimlər meydanda özlərini külli-ixtiyar sahibi sayırlar”

- Premyer Liqa klublarının baş məşqçiləri, demək olar ki, hər turda hakimlikdən narazı qalırlar. Yüksək dəstəyə təyinat alan referilərin səviyyəsi çoxmu aşağıdır?

- Hər bir sahədə doğru təhlillərin aparılması, problemlərin haradan qaynaqlandığı səbəblərinin araşdırılması mütləqdir. Azərbaycan futbolunda hakimlik adına heç vaxt olmadığı kimi münbit şərait var. Çempionatın təşkili, infrastrukturun getdikcə yaxşılaşdırılması, asayişin yüksək səviyyədə təşkili, komandaların, böyük ölçüdə azarkeşlərin bir-birilərinə olan münasibəti, qalmaqalların baş verməməsi, təzyiqlərin olmaması hakimlərin yüksək idarəçiliyini şərtləndirir. Bu cür rahat şəraitdə hakimlər yanlış olaraq özləri psixoloji hücuma keçir, "cəllad" obrazına çevrilirlər. Bunun əsas səbəbi Barış Şimşəkin Hakimlər Komitəsində, onlara nəzarət edənlərdədir. Hakimlərin fiziki və funksional hazırlığında problem yoxdursa, nəzəri, psixoloji baxımdan çox geriləmə var. Hakimlərlə düzgün iş aparılmalı, onlara istiqamət verilməlidir. Referilər meydanda özlərini külli-ixtiyar sahibi sayır, təhlükəsizlik tədbirlərinin, məşqçi-futbolçu münasibətlərinin yüksək olmasından aşırı və yanlış istifadə edilir. Pedaqoji, psixoloji yanaşma, ünsiyyət çox aşağı səviyyədədir. Qaydaların tətbiqi hakimlərə doğru izah edilmir. Hakim-məşqçi münasibətləri kritik həddə çatıb. Burada hər iki tərəfin günahı var. Futbol emosional oyun olsa da, yerli-yersiz emosiyalar da həddini aşmamalıdır. Bu, artıq Barış Şimşək fəaliyyətinə aiddir. Hakimlərlə komandalar arasında qarşılıqlı inam yaradılmalı, təbliğat mexanizmi gücləndirilməli, ilk növbədə isə hakim idarəçiliyi keyfiyyəti yüksəlməlidir. Hər kəs dərk etməlidir - məşqçilər məsuliyyəti öz üzərlərinə götürüb, komandalarında yüksək intizamı təmin edirlər, bunun qarşılığında hakimlərlə dialoqa özləri girirlər. Hakimlər bu incə məqama xüsusi diqqət etməli, dialoq, yüksək ünsiyyət qurmağı bacarmalıdırlar. Digər tərəfdən də, klublar rəhbərlik səviyyəsində qaydalara uyğun öz komandalarını müdafiə edə bilmədikləri, özlərini pis etməyərək kənara çəkdikləri üçün baş məşqçilərdə stress, məsuliyyət yükü daha da artır. Bilirlər ki, əksər klublarda futbolu bilməyən rəhbərlik məğlubiyyətlərdən, haqsızlıqlardan sonra vəziyyəti düzgün analiz edib, məşqçilərin, futbolçuların arxasında durmayacaqlar. Meydanda baş verən qarşıdurmalara üzdən, birtərəfli yox, kompleks yanaşılmalıdır. Ancaq bu halda problemlərin bir çoxu aradan qalxa bilər.

- Azərbaycana VAR sisteminin gəlib çıxmasını çox istəyirdik və bu, baş verdi. Ancaq VAR-ın gəlişindən sonra da səhv qərarların şahidi oluruq. Bu mövsüm keçirilən “Qəbələ” - “Qarabağ” oyununu nümunə gətirək. Baş hakim VAR-da əyləşənlərin müdaxiləsindən sonra “Qarabağ”ın futbolçusu Kevin Medinanın sarı vərəqəsini “qırmızı” ilə əvəzlədi, amma “Qəbələ”nin oyunçusunun vərəqəsini dəyişmədi. Halbuki həmin epizodda ilk kobudluq edən “Qəbələ”nin futbolçusu olmuşdu. Belə çıxır ki, VAR-ın gəlişi Azərbaycan futbolunda haqsız qərarların qarşısını kəsməyib…

- Məsələyə bir oyunun ətrafında baxılmamalıdır. Kobud hakim səhvləri, referi-VAR qüsurları kütləvi hal alırsa, problem fərdi deyil, ümumi hakimlik sistemi idarəçiliyinin yerində olmamasıdır. Ölkə futbolunda yanlış idarəçilik, təbliğat, maarifləndirmə axsadığı üçün belə düşüncə formalaşır. VAR köməkçi faktordur. Vaxtilə bu sahədə AFFA başbilənlərinin ən böyük yanlışlığı da "VAR gələcək, düzələcək" təfəkkürü idi. Bu da illərin itirilməsinə gətirib çıxardı, referilərin üzərində işlənilmədi, inkişafı təmin edilmədi, psixoloji olaraq baş hakim "ofsayd"a düşdü, VAR önə çıxarıldı. Yeni sistem nə qədər fayda versə də, meydanda əsas qərarverici söz sahibi baş hakimdir. Referinin səviyyəsi, bacarığı, obyektivliyi nə qədər yüksək olarsa, bir o qədər də meydanda qərarların doğruluğu təmin edilmiş olar. Bu, Barış Şimşəkin görəcəyi, keyfiyyəti qaldırmağa borclu olduğu gündəlik iş prosesidir. Türk mütəxəssis ən azından təlimatçı kimi, referi-VAR sinxronluğunda problem yaşamamalıdır. Kobud hakim səhvlərinin ardı-arası kəsilmirsə, əcnəbilərin Azərbaycan futbolunda nə işi var?! Layiqli yerli mütəxəssislərə dəyər verilməlidir!

“İşlər düzgün qurulmasa da, istedadlarımız hər zaman olub, var, olacaq”

- Bu ildən I Liqa əvəzedicilərin çempionatından ayrıldı, üstəlik, II Liqa yaradıldı. Bu isə Azərbaycan futbolunda oyunların sayının çoxalması deməkdir. Bəs bu qədər matçı yaxşı idarə edə biləcək sayda hakimimiz varmı?

- Tək hakimlik deyil, ümumi problemdir. Bərbad strategiya ilə ölkə futbolu çökdürüldüyü, "yetişdirilmiş" 200 min oyunçu qeybə çəkildiyi, keyfiyyətli futbolçular tapılmadığı kimi, hakimlik də aşağı-yuxarı eyni vəziyyətdədir. İstənilən halda liqaların yaradılması, əsasən də bölgələrə üz tutulması alqışalayiqdir. Nisbi oyanış baş qaldırdıqca, gec də olsa, vəziyyətin, yeni sistemin özü hakimlərin çoxalmasına gətirib çıxaracaq. Təəssüf ki, Azərbaycan futbolu adına illər itirilib.

- Hazırda bəyəndiyiniz, gələcəyinə ümid bəslədiyiniz azərbaycanlı hakimlər varmı?

- Planetdə çox az ölkə dünya, olimpiya, klublar arasında UEFA, qitələrarası kubokun final idarəçiliyi ilə öyünə bilər. Azərbaycan hakimlik məktəbi dünya miqyasında çox zəngin ənənələrə sahibdir. İşlər düzgün qurulmasa da, istedadlarımız hər zaman olub, var, olacaq. Əsas onların üzə çıxarılması, inkişafının təmin olunmasıdır. Çempionatda perspektivli hakimlər var. Sağlam rəqabətin yaradılması şərtdir. Əgər bir turda eyni imtiyazlı hakimlər fərqli oyunlara təyinat alırlarsa, gənclərin də qarşısı alınır, istənilən effekt vermir. Potensial mövcuddur, onların üzərində çalışmaq lazımdır.

“Hakim ancaq düzgün qərarı ilə nüfuzunu qoruya bilər”

- Azərbaycanda ikinci Tofiq Bəhramov nə vaxt yetişəcək? Bu prosesi tezləşdirmək üçün hansı addımlar atılmalıdır?

- Tofiq Bəhramov, Eldar Əzimzadə məktəbi nümunədir. Nəsir Məmmədzadə, Tofiq Vəliyev, Rüstəm Rəhimov və digər bacarıqlı, nüfuzlu hakimlərimiz olub. Onlar unudulmamalıdır. Tarixi ənənələr gənc hakimlərə aşılanmalı, onların özünəinamı artmalıdır. Tofiq Bəhramov və davamçıları çox güclü, mini Çempionlar Liqası sayılan, UEFA reytinqində mütləq ilk 5-likdə, 10-luqda yer alan SSRİ çempionatının aparıcı hakimləri idilər. FİFA referisi kimi onları nüfuzlu Avropa oyunlarına təyin edilirdilər. Hakimlik futbolun bir parçası olduğu üçün ölkə çempionatının ümumi səviyyəsi çox önəmlidir. Digər tərəfdən, bayaq qeyd etdiyim kimi, nəinki hakimlik problemləri, ölkə futbolu yanlış idarəçilik sayəsində dağıdılıb. Prosesin tezləşdirilməsi üçün ilk öncə Azərbaycan futbolunda köklü dəyişiklərin aparılması lazımdır. Hər itirilən il neçə-neçə istedadlı futbol genefondunun məhv edilməsi deməkdir. Doğru-dürüst islahatlar aparılarsa, istedadlı futbolçularımız, hakimlərimiz də tez bir zamanda üzə çıxar, parlayar.

- Gələcəkdə futbol hakimi olmaq istəyənlərə hansı məsləhətləri verərdiniz? Yaxşı hakimdə nə kimi fiziki, texniki və mənəvi keyfiyyətlər olmalıdır?

- Hakimlik çox çətin sahədir. Fiziki göstəricilər, nəzəri bilik, qətiyyət, obyektivlik, möhkəm iradə, xarakter, iti və operativ düşüncə, geniş dünyagörüşü ilə yanaşı, meydanda pedaqoq, psixoloq olmalısan. Şablon futbol qaydaları əlifbadır, referi çətinliklərdən keçərək şəxsiyyət kimi formalaşmalı, verdiyi qərarı sübuta yetirməyi, qəbul etdirməyi bacarmalıdır. Hər bir hakim bilməlidir ki, o, meydanda təkdir və heç kim köməyinə gəlməyəcək, ancaq düzgün qərarı ilə nüfuzunu qoruya bilər. Nə qədər hakimlik tənqid edilsə də, böyük ölçüdə əksəriyyət özünü düşünür, komanda, məşqçi, futbolçu, azarkeş özünün qalib gəlməsini istəyir və bunun üçün hakimin üzərinə istənilən təzyiqi göstərməyə hazırdır. Belə dözülməz psixoloji təzyiq altında hakim əsl hakim olmağı bacarmalıdır. Bütün gənclərə bu çətin yolda uğurlar arzu edirəm.

Rizvan BABAYEV